Nə qədər ki Makron düzəlməyib, səfir çətin ki, Əliyevə verdiyi sözü tuta bilsin...

Nə qədər ki Makron düzəlməyib, səfir çətin ki, Əliyevə verdiyi sözü tuta bilsin...<span class="qirmizi"></span>

Məhərrəm Zülfüqarlı: “Adi bir səfir münasibətlərin inkişafına töhfə verə bilməz”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.

Prezident Əliyev səfirlə söhbətində Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu vurğulayıb. Dövlət başçısı ötən müddət ərzində iki ölkə arasında diplomatik əlaqələrin zəngin tarixinin olduğunu diqqətə çatdırıb və qarşıdakı dövrün ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq baxımından daha da səmərəli olacağına ümidvarlığını ifadə edib.

Səfir ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Fransaya səfərini xatırladaraq, ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycanla Fransa arasında münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini bildirib. Söhbət zamanı regional məsələlərə də toxunulub.

Qeyd olunduğu kimi, yeni səfir iki ölkə münasibətlərinin inkişafı ilə bağlı səylərini əsirgəməyəcəyi ilə bağlı söz verib. Nəzərə alsaq ki, Fransa prezidenti Emmanuel Makron Azərbaycanla bağlı davamlı qərəzli, pozucu mövqe tutur, o zaman səfir verdiyi sözü tuta biləcəkmi? İki ölkə münasibətləri yoluna düşəcəkmi?

“Hesab edirəm ki, Azərbaycan-Fransa münasibətləri Makrondan sonrakı dövrdə inkişaf edəcək”

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, Makronun prezidentliyi dövründə Azərbaycan-Fransa əlaqələrinin inkişaf edəcəyi real görünmür: “Fransa prezident respublikasıdır. Ölkənin xarici siyasətini prezident müəyyən edir. Düzdür, səfirin iki ölkə münasibətlərinin düzəlməsində müəyyən rolu ola bilər. O mənada ki, səfir Azərbaycanla bağlı həqiqətləri doğru-düzgün Fransaya çatdıra bilər. Ancaq düşünmürəm ki, yeni səfir bu sahədə kardinal dəyişikliklər yarada bilsin. Şəxsən mən bunu real hesab etmirəm. Ona görə ki, Fransa prezidenti Emmanuel Makron açıq şəkildə Azərbaycanla bağlı düşmənçilik mövqeyindən çıxış edir. Bütün diplomatik normaları saya saymayaraq açıq şəkildə Ermənistanın mövqeyindən çıxış edir. Baxmayaraq ki, Azərbaycan Fransa ilə dövlətlərarası münasibətlərin inkişafına xüsusi diqqət göstərib. Mərhum prezident Heydər Əliyev 1993-cü ildə prezident seçiləndən sonra ilk səfərini Fransaya edib. İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra Fransaya rəsmi səfər etdi. Əfsuslar olsun ki, Makronun aşırı ermənipərəstliyi iki ölkə münasibətlərinin inkişafına zərər vurdu. Belə olan halda adi bir səfir münasibətlərin inkişafına töhfə verə bilməz. İstəsə belə, bu onun imkanları xaricindədir. Biz onu da nəzərə almalıyıq ki, səfir Parisdən müəyyən olunan siyasi çərçivəyə uyğun fəaliyyət göstərəcək. Bu baxımdan hesab edirəm ki, Azərbaycan-Fransa münasibətləri Makrondan sonrakı dövrdə inkişaf edəcək. Çünki hazırkı Fransa prezidenti özünü Azərbaycanın düşməni kimi aparır. Nəinki Azərbaycanla bağlı, ümumilidə müsəlman ölkələrinə mənfi münasibət bəslədiyini dəfələrlə sübut edib. Ona görə də biz Fransada gələcək yeni komandaya ümid etməliyik. Makronun prezidentliyi dövründə iki ölkə münasibətlərində dönüş olacağı real deyil”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com