Əli Xasıyev: İnanırıq ki, İrəvana, doğma torpaqlarımıza qayıdacağıq

Əli Xasıyev: İnanırıq ki, İrəvana, doğma torpaqlarımıza qayıdacağıq<span class="qirmizi"></span>

 

Biz inanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər, dediyi sözlər real həyatda öz təsdiqini tapacaq. Biz doğma yurd-yuvalarımıza, İrəvanda bu gün də sahibsiz qalan torpaqlarımıza qayıdacağıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bolnisi rayonunun Kəpənəkçi kəndində məskunlaşan Qərbi azərbaycanlı Əli Xasıyev söyləyib.

O deyib: “Azərbaycan Ordusunun 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə bizdə gələcəyə böyük ümid yaradıb. İnanırıq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ümidlərimiz doğrulacaq, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılar öz doğma ata-baba yurdlarına qayıdacaqlar. Biz bilirik, bu, uzun sürən prosesdir. Amma onu da bilirik ki, biz də qayıtmasaq, övladlarımız qayıdacaqlar”.

Ə.Xasıyevin sözlərinə görə, onun babaları İrəvandan Gürcüstana ilk dəfə 1845-ci ildə köçürülüblər. Sonradan ailə yenidən İrəvana qayıtmaq istəsə də, buna icazə verilməyib. Ermənilər onları doğma yurd-yuvalarına qayıtmağa qoymayıblar. Əksinə, sonrakı illərdə mərhələli şəkildə digər qohumları və həmyerliləri də erməni zorakılığı nəticəsində İrəvan xanlığından və ona yaxın ərazilərdən deportasiya olunublar. İndi onların bir çoxu Bolnisi rayonunun Kəpənəkçi kəndində və Gürcüstanın digər bölgələrində yaşayırlar.

Əli Xasıyev deyib: “Bizim vaxtilə İrəvan quberniyasının ərazi vahidliyində yaşadığımız kəndlər boşdur. Bunu Ermənistana, həmin yerlərə səfər edən gürcü dostlarımız da təsdiq edirlər. Biz hamımız yenidən o torpaqlara qayıtmaq arzusundayıq. Ümid edirik ki, bu arzumuz da çin olacaq”.

 

Mənbə: azertag.az