MAQATE-dən Zaporojye AES-də partlayış xəbərdarlığı: Rusiya "şayiələrə inanmayın" deyir

MAQATE-dən Zaporojye AES-də partlayış xəbərdarlığı: Rusiya "şayiələrə inanmayın" deyir<span class="qirmizi"></span>

"MAQATE rəhbəri Avropada ən böyük atom stansiyası ətrafında tez bir zamanda təhlükəsizlik zonasının yaradılmasına çağırış edib..."

"Bu bəyanat təxribatdır və Rusiyanın nüfuzdan salınmasına yönəlib..."

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) ekspertləri Zaporojye AES yaxınlığında güclü partlayışlar qeydə alıb.

Moderator.az xəbər verir ki, bu barədə MAQATE-nin bəyanatında deyilir. Məlumatı "Azadlıq Radiosu" yayıb.

Təşkilatın məlumatında deyilir ki, bu, hərbi əməliyyatların bilavasitə obyektin yaxınlığında getdiyini göstərir.

Son günlər və həftələr AES-də olan MAQATE qrupu gündəlik olaraq belə hadisələr barədə Vyanadakı mənzil-qərargaha məlumat verib.

O cümlədən, yanvarın 25-də səkkiz güclü partlayış eşidilib, nəticədə stansiyadakı ofislərin pəncərələri silkələnib.

Dünən daha güclü partlayış eşidilib. Bu partlayışlara görə kimin məsuliyyət daşıdığı MAQATE-nin bəyanatında dəqiqləşdirilmir.

Təşkilatın rəhbəri Rafael Qrossi Avropada ən böyük atom stansiyasının ətrafında ən tez bir zamanda təhlükəsizlik zonasının yaradılmasına çağırış edib.

"Mən artıq neçə aydır ki, Zaporojye AES-də nüvə təhlükəsizliyi və mühafizəsi zonasının yaradılmasına çağırış edirəm. Mən bir çox dünya liderlərindən, o cümlədən Avropadan aldığım güclü dəstəyə görə minnətdaram, amma daha da çox dəstək lazımdır. Biz dayana bilmərik", - o, deyib.

"Rosenerqoatom" rəhbərinin müşaviri Renat Karçaa Zaporoje AES-də güclü partlayışların baş verdiyini inkar edib.

Onun sözlərinə görə, MAQATE-nin bəyanatı Rusiyanın nüfuzdan salınmasına yönəlib. O, bu məlumatı təxribat adlandırıb.

Zaporojye AES Ukraynaya hərbi müdaxilənin ilk günlərindən Rusiyanın nəzarəti altındadır.

Stansiyanın ərazisi mütəmadi olaraq atəşlərə məruz qalır. Tərəflər bir-biruni ittiham edir.

MAQATE dəfələrlə AES-ə zərbələr endirilməsinin yolverilməzliyi barədə xəbərdarlıq edib, çünki bu, nüvə fəlakəti təhlükəsi yaradır, bu da öz nəticələrinə görə 1986-cı ildə Çernobıl stansiyasındakı qəzanı kölgədə qoya bilər.

Mənbə: moderator.az