Molla rejimi Azərbaycan xalqından hansı formada üzr istəyəcək...

Molla rejimi Azərbaycan xalqından hansı formada üzr istəyəcək...<span class="qirmizi"></span>

Tural İsmayılov: “İranın Azərbaycan xalqına müraciət edib ondan üzr istəməməsi həmin ölkənin qeyri-səmimi və ikiüzlülüyünü növbəti dəfə nümayiş etdirir”

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.

Qeyd edək ki, İrandakı Azərbaycan səfəriliyinə edilən terror hücumuna görə məsuliyyət bilavasitə İranın üzərinə düşür. Azərbaycan cəmiyyəti bu hadisəni qəti şəkildə pisləyir və İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir. Ancaq İran tərəfi Azərbaycandan üzr istəməyib. Nəzərə almaq lazımdır ki, terror İranda polisin gözü qarşısında törədilib. Bu səbəbdən də məlum cinayət araşdırılmalı, günahkar cəzalandırılmalı və İran dövləti Azərbaycandan üzr istəməlidir.

“Sonuncu terror hadisəsinin məsuliyyəti birbaşa İran dövlətinin üzərinə düşsə də, İran mühafizə orqanları və siyasi şəxslərinin açıqlaması əsla qəbuledilən deyil”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İranın Azərbaycana münasibəti heç vaxt səmimi olmayıb. Hər kəsə bəllidir ki, dar ideoloji maraqlar üzündən bu gün İranın Azərbaycana yanaşması rasional dəyərlərə söykənmir: “İran özünün dünyada, hətta öz xalqı tərəfindən qəbul edilməyən yanaşmasını digər ölkələrdə də görməyə çalışır. Bu üzdən də İranın nəinki regionda, o cümlədən, bütün müsəlman aləmində normal mütəffiqi, dostu yoxdur. İslam aləmində İran normal qonşuluq dəyərlərinə malik olan, eyni zamanda, əlaqə qurulacaq bir ölkə kimi qəbul edilmir. Bütövlükdə İranın Azərbaycana qarşı informasiya təxribatı və çirkabı bir an olsun belə dayanmayıb”.

T.İsmayılov xüsusi olaraq vurğuladı ki, sonuncu terror hadisəsinin məsuliyyəti birbaşa İran dövlətinin üzərinə düşsə də, İran mühafizə orqanları və siyasi şəxslərinin açıqlaması əsla qəbuledilən deyil. İran Azərbaycan xalqına qarşı həyata keçirdiyi informasiya hücumları fonunda bu ölkədə Azərbaycana qarşı nifrət əhval ruhiyyəsi yaratmağa çalışır: “Sonuncu terror hadisəsi zamanı polis seyrçi mövqedə qalıb və prosesə müdaxilə etməyib. Eyni zamanda bütün bu hadisələrdən sonra İranın Azərbaycan xalqına müraciət edib ondan üzr istəməməsi həmin ölkənin qeyri-səmimi və ikiüzlülüyünü növbəti dəfə nümayiş etdirir”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com