Səfirliyimizə basqın etmiş Yasinin SEPAH casusu olduğuna təkzibedilməz sübutlar...

Səfirliyimizə basqın etmiş Yasinin SEPAH casusu olduğuna təkzibedilməz sübutlar...<span class="qirmizi"></span>

Faiq Ələkbərli: “Onu da vurğulayım ki, terrorçu Yasin Hüseynzadə ya İranın xüsusi xidmət orqanlarının təmsilçisidir, yaxud onun SEPAH-la sıx əlaqəsi var”

Öz terrorçu mahiyyətini İran adlanan dövlət, molla rejimi Tehrandakı Azərbaycan səfirliyinə hücum təşkil etməklə bir daha təsdiqlədi. İran vətəndaşı olan Yasin Hüseynzadə çox rahatlıqla Azərbaycanın Tehran səfirliyinə daxil olur, silahlı hücum həyata keçirir. Özü də bu olay İran polisinin gözü qarşısında baş verir, polis baş verənlərə adekvat reaksiya vermək əvəzinə seyrçi mövqeyində dayanır. Terroru törədən şəxs maşınla gəlib arxadan səfirliyə məxsus maşını vurur, amma bu hadisə polisin vecinə olmur. O da gözdən qaçmır ki, Y.Hüseynzadə mülkü paltarda qaçıb səfirliyimizə girəndə əli ilə polisə salam verir. Bütün detallar onu sübut edir ki, bu terror aktı məhz molla rejimi tərəfindən törədilib. Amma molla rejimi gerçəyi ört-basdır etmək üçün müxtəlif tamaşalar qurur, şoular yaradır. Bir sözlə, molla rejimi çalışır ki, terroru məişət hadisəsi kimi qələmə versin. Guya terrorçu uşaqla gəlib, Azərbaycan səfirliyində arvadını axtarırmış. Bu isə tamamilə absurddur. Bütün faktlar sübut edir ki, hadisənin təşkilində və onun əsl mahiyətinin gizlədilməsində İran dövlətinin əli var.Əsl məqsəd bütün səfirlik əməkdaşlarını öldürmək idi. Azərbaycan hadisə zamanı öz vətəndaşını, səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu itirdi, o, molla rejimi tərəfindən şəhid edildi. Səfirlik əməkdaşları arasında yaralananlar da var.

“Baş verənlər göstərir ki, Tehran rejimi Azərbaycan səfirliyinə terror hücumunu əvvəlcədən planlaşdırıb, hədəf də səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi olub”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi icmalçı Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Azərbaycan səfirliyinə terror hücumu əvvəlcədən planlaşdırılıb. “Bu terrorun molla rejimi tərəfindən “məişət hadisəsi” kimi qələmə verilməsi qəbuledilməzdir. Baş verənlər göstərir ki, Tehran rejimi Azərbaycan səfirliyinə terror hücumunu əvvəlcədən planlaşdırıb, hədəf də səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi olub. Əslində son aylarda fars-şovinist rejiminin Azərbaycana qarşı olan hərəkətləri, eyni zamanda bir çox təxribatları bunu deməyə əsas verir. Yəni birmənalı şəkildə fars-molla rejimi Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Bəzən bunu pərdələməyə çalışsa da, bir çox hallarda çirkin niyyətini açıq şəkildə ortaya qoyur. Mollalar Azərbaycan dövlətinə qarşı düşmən siyasətini aşkar büruzə verir. Şübhəsiz, Azərbaycan səfirliyinə terror hucumu da əvvəlcədən planlaşdırılıb və gerçəkləşdirilib. Görüntülərdən də açıq şəkildə görsənir ki, terrorçunun bütün hərəkətləri İran dövlətinin xüsusi nəzarəti altındadır. Əvvəlcədən hazırlanmış ssenari üzrə sürətlə maşınla gəlir, səfirliyə məxsus avtomobili vurur, sonra rahatlıqla əlində silah maşından düşür, o səfirliyə tərəf gedəndə İranın orada xidmətdə olan polisi ona heç bir sərt reaksiya vermir, əksinə, ora daxil olmasına şərait yaradıb. Terrorçu molla rejiminin ssenarisinə uyğun olaraq səfirliyə daxil olur və əlindəki avtomatla atəş açır, ona verilən tapşırıq səfirliyin bütün əməkdaşlarını qətlə yetirmək olub. Ona hər kəsi qətlə yetirmək və kütləvi qətl törətmək tapşırılıb. Bu şübhəsizdir. Burada da məqsəd Azərbaycan xalqına və Azərbaycan Respublikasına göz dağı verməkdir, bizi qorxutmaqdır. Demək istəyirlər ki, Azərbaycanın birləşməsinə, bütövləşməsinə heç bir şəkildə yol verməyəcəklər. Bu baxımdan, terrorçunun guya səfirliyə məişət zəminində gəldiyinin heç bir inandırıcı tərəfi yoxdur. Terrorçunun gəlib öz arvadını Azərbaycan səfirliyində axtarması kimi uydurma bir məsələyə heç kəs inanmaz. Uydurduğu yalanlara heç rejimin özü də inanmır. Onu da vurğulayım ki, terrorçu Yasin Hüseynzadə ya İranın xüsusi xidmət orqanlarının təmsilçisidir, yaxud onun SEPAH-la sıx əlaqəsi var. Yəni bu da istisna deyil. Çünki ortada olan sübutlar bunu deməyə əsas verir. Bu versiya üzərində araşdırmanın aparılması mütləqdir”.

F.Ələkbərlinin fikrincə, terrorçunun İran televiziyalarına çıxarılması və ondan müsahibə götürülməsi bir çox qaranlıq mətləbləri aydınladır. “Onu da qeyd edim ki, hadisədən sonra terrorçunun İran dövlət kanallarına çıxarılması, onun hansısa açıqlamalar verməsi kimi hallar dünya təcrübəsində yoxdur. Molla rejiminin terrorçunu dövlət telekanallarına çıxarıb onun açıqlama verməsinə şərait yaratması göstərir ki, İran bu terrorun arxasındadır. Bir səfirliyin mühafizə rəisini güllələyib şəhid edən, bir neçə əməkdaşını isə yaralayan terrorçunu dövlət kanalına çıxarıb ondan hansısa açıqlamalar almaq, onun özünə “haqq qazandırması”na şərait yaratmaq birbaşa həm hüquqa hörmətsizlikdir, həm bizə hörmətsizlikdir. Buna başqa cür ad vermək olmur. Bu onu göstərir ki, bu terrorun arxasında fars şovinist rejimi özü dayanıb və olayın əsl mahiyyətini pərdələməyə çalışdıqda isə özlərini ifşa etdilər, əməlləri açığa çıxdı. O adam terrorçudur, qanlı cinayət törədib, o telekanallara yox, birbaşa hüquq-mühafizə idarələrinə aparılmalı, sorğuya alınmalı idi. Amma əksi baş verdi. Bu olay da fars-molla rejiminin əsl mahiyyətini bir daha ortaya qoydu”-deyə F.Ələkbərli qeyd etdi.

F.Ələkbərli onu da vurğuladı ki, molla rejimi səfirliyimizə hücum təşkil etməklə Azərbaycan xalqına və Azərbaycan dövlətinə heç nə edə bilməz, soydaşlarımızın müstəqillik, azadlıq yolunu bağlaya, iradəsini sarsıda bilməz. F.Ələkbərli qeyd etdi ki, terror olayından sonra da həm Güneydəki, həm də Azərbaycanın Güneyindən olan, lakin hazırda xarici ölkələrdə yaşayan soydaşlarımız birləşərək tək ürəklə Azərbaycan xalqının, Azərbaycan dövlətinin, dövlətçiliyinin yanında olduqlarını ifadə ediblər. F.Ələkbərli bir daha dedi ki, molla rejiminin bütün cəhdləri, terror hücumları, təxribatları Azərbaycan xalqının və Azərbaycan dövlətinin gözünü qorxuda bilməz.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com