Biz Cənubi Qafqazdakı tərəfdaşlarımızla siyasi dialoqu və tərəfdaşlığı gücləndirməyə hazırıq - NATO

Biz Cənubi Qafqazdakı tərəfdaşlarımızla siyasi dialoqu və tərəfdaşlığı gücləndirməyə hazırıq - NATO<span class="qirmizi"></span>

NATO Cənubi Qafqazdakı tərəfdaşları ilə siyasi dialoqu və tərəfdaşlığı gücləndirməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu NATO-nun rəsmi nümayəndəsi bildirib.

"Xavyer Kolominanın yanvarın 19-da Ermənistan və Azərbaycana səfəri onun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə qismində mütəmadi siyasi konsultasiyalarının bir hissəsini təşkil edirdi. Bu onun 2021-ci ilin sentyabrında xüsusi nümayəndə təyin olunmasından sonra regiona üçüncü rəsmi səfəridir", - mənbə bildirib.

Onun sözlərinə görə, Kolomina Bakıda xarici işlər naziri Ceyhun Bayramovla və digər rəsmi şəxslərlə görüşüb.

"Onların arasında NATO və Azərbaycan arasında tərəfdaşlığın daha da inkişaf etdirilə biləcəyi bir sıra mövzuda, o cümlədən Azərbaycanın silahlı qüvvələrinin NATO-ya uyğunluğunu artırmaq məqsədilə müdafiə sahəsində islahatlar və modernizasiya, habelə enerji təhlükəsizliyi və insan təhlükəsizliyi mövzularında fikir mübadiləsi aparılıb", - mənbədən bildirilib.

Tərəflər həmçinin, regionun stabilliyi və təhlükəsizliyi ilə əlaqədar cari məsələlər, o cümlədən Laçın-Xankəndi yolundakı vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin Ermənistanla Azərbaycan arasında danışıqların perspektivləri haqqında fikir mübadiləsi aparıblar. Kolomina həmçinin, Aİ-nin regional stabilliyin dəstəklənməsində rolunun güclənməsini müsbət qarşılayıb.

Milli.Az

Mənbə: news.milli.az