“​​İran dibi görünməyən uçuruma doğru gedir”​ - Ekspert

“​​İran dibi görünməyən uçuruma doğru gedir”​ - Ekspert<span class="qirmizi"></span>

“Çox təəssüf ki, özünü İslam dövləti elan etməsinə baxmayarq İran əli müsəlmanların qanına batmış ermənilərə və Ermənistana ən müxtəlif formalarda verdiyi dəstəyi davam etdirir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib. Müsahibimiz bildirdi ki, Azərbaycan səfirliyinə terror hücumunun olduğu dövrdə eyni zamanda Tehranda “Artsax blokadadan çıxarılsın” şüarı ilə ermənilərin aksiyasına icazə verməsi də İranın bu yanlış siyasəti davam etdirməkdə israrlı olduğunu göstərir.

Elnur Kəlbizadə

“Bu ölkə bu gün qondarma və saxta “erməni soyqırımı” ilə bağlı ən çox “abidə”nin olduğu müsəlman ölkəsidir. Məhz bu ölkəyə 2019-cu ilin fevralında səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüşdə cəsarət tapıb “Ermənistan Respublikası və Artsax Respublikasının (Qondarma “DQR” nəzərdə tutulurdu – müəl.) ələ keçirilməsini kimsənin düşünməsinə icazə verməyəcəyik. Çünki Ermənistan Respublikasının vətəndaşları, Artsax Respublikasının (Qondarma “DQR” nəzərdə tutulurdu) qürurlu vətəndaşları – böyük Tiqranın nəvələriyik” – demişdi. 2020-ci ildə Azərbaycanın işğal edilmiş əraziləri azad etməsi uğrunda apardığı Vətən müharibəsindən və Ermənistanın ağır məğlubiyyətindən sonra İranda yaşayan ermənilərin “məzlum xalq” təbliğatlarını aparmaları üçün məhz İranda münbit şərait yaradılmışdı”.

Saxta “soyqırımı” hadisələrinin ildönümünün qeyd olunduğu 2021-ci ilin aprel ayında İranda da müxtəlif aksiyaların keçirildiyini xatırladan Elnur Kəlbizadə qeyd etdi ki, İranda təşkil olunan aksiyalarda nəinki saxta “soyqırımı” anılmış, hətta vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş oyuncaq hərbi xunta rejiminin mundar əsgi parçasından fərqlənməyən “bayrağı”nı əks etdirən maskalar taxılmışdı.

“Halbuki 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın ərazilərini işğaldan azad etmək üçün apardığı müharibə zamanı ölkənin müxtəlif şəhərlərində azərbaycanlılar tərəfindən keçirilən “Qarabağa dəstək” aksiyalarının qarşısı alınmışdı. Son baş verən hadisələr isə İranın qonşu dövlətlər, xüsusən müsəlman dünyasında olan-qalan etibarını da məhv edir. Ermənilərə gen-bol şərait yaradan, şir adlandırdıqları İranı aparıb Ermənistan kimi siçanın quyruğuna bağlayan İbrahim Rəisi hökuməti hazırki rejimin son akkordlarını vurur. Bu ölkədəki sağlam siyasi qüvvələr tamamilə sıxışdırılıb, geridönüşü olmayan bir yola girilib, İran dibi görünməyən bir uçuruma doğru gedir”.

Gülbəniz Hüseynli / Metbuat.az

 

 

Mənbə: metbuat.az