Azərbaycan və Rusiya xarici işlər nazirləri Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Rusiya xarici işlər nazirləri Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər - <span class="qirmizi">YENİLƏNİB</span>

31 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov çərşənbə axşamı telefon danışığı zamanı Laçın dəhlizi ətrafında vəziyyətin tənzimlənməsi yollarını müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb. Nazirlər Laçın dəhlizi ətrafında vəziyyətin tənzimlənməsi yollarının müzakirəsini davam etdiriblər”, - nazirlikdən bildirilib.

Lavrov Rusiya tərəfinin Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərləri arasında Moskvada iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğunu təsdiqləyib.

Mənbə: www.oxu.az