BQXK-nin hesabatları Laçın yolunda blokada olmadığını sübut edir - RƏY

BQXK-nin hesabatları Laçın yolunda blokada olmadığını sübut edir - RƏY<span class="qirmizi"></span>

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təcili tibbi yardıma ehtiyacı olan 60 pasiyentin Xankəndindən Laçın yolu ilə Ermənistana daşınmasını təşkil edib.

“Report” xəbər verir ki, bu barədə BQXK-nin tviter səhifəsində məlumat verib.

Bundan başqa, tərəflərin razılığı əsasında və yaxınlarının xahişi ilə yanvarın əvvəlindən BQXK tərəfindən bu yoldan 95 erməniəsilli vətəndaşın keçməsinə şərait yaradılıb.

Qeyd olunub ki, komitə tibb müəssisələrini dərman preparatları, uşaq qida məhsulları ilə də təmin edib:

“Ötən ay 8 xəstəxanaya, fiziki reabilitasiya mərkəzinə, 300-dən çox qocaya qulluq edildiyi müəssisəyə və uşaq mərkəzinə ərzaq və gigiyena vasitələri paylamışıq. Üstəlik, ehtiyacı olan hamilə qadınlara qida və gigiyena vasitələri paylamağa başlamışıq”.

Mövzu ilə bağlı “Report”a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin xəstə və tibbi yardıma ehtiyacı olan insanlara sərbəst şəkildə yardım göstərilməsi barədə hesabatlar açıqlaması Azərbaycanda hər hansı blokadanın olmadığını bir daha sübut edir. O vurğulayıb ki, 12 dekabr 2022-ci ildə azərbaycanlı ekoaktivistlərin Xankəndi-Laçın yolundakı aksiyası Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində təbiətin qorunmasına xidmət edir:

“Vaxtaşırı həm videogörüntülərdən, həm də hesabatlardan görünür ki, orada hər hansı bir blokadadan söhbət gedə bilməz. Buradan mülki, təcili yardım və humanitar yardım aparan maşınlar sərbəst şəkildə hərəkət edir. Rusiya sülhməramlılarına məxsus minik vasitələri və texnikaların da keçidinə heç bir maneə yoxdur”.

Deputat bildirib ki, bu gün erməni millətçiləri, xaricdəki anti-Azərbaycan dairələri ölkəmizi olmayan bir məsələdə - blokada yaratmaqda ittiham edirlər:

“Onların məqsədi Azərbaycanı nüfuzdan salmaq, ölkəmizlə bağlı böhtan, təxribat xarakterli materillar yaymaqdır. Çünki Azərbaycanın müstəqil daxili və xarici siyasət həyata keçirməsi onlara sərf etmir. Eyni zamanda keçmiş Dağlıq Qarabağ məsələsindən istifadə edərək Azərbaycana siyasi təzyiq göstərməyə çalışırlar. Bu gün də anti-Azərbaycan aksiyaları təzyiq vasitələrindən biri hesab edilə bilər. Ermənilər və onlara havadarlıq edənlər dünyaya yalan informasiyalar ötürməyə çalışsalar da, dünya ictimaiyyəti əsasən bu yalanlara inanmır. Siyasi riyakarlıqdan çıxış edən müəyyən dairələr, qüvvələr olsa da, həqiqəti ört-basdır etmək bundan sonra da mümkün olmayacaq”.

Mənbə: report.az