Paşinyan Xocalı cəlladına vaxt verdi: “Ya könüllü, ya da…”

Paşinyan Xocalı cəlladına vaxt verdi: “Ya könüllü, ya da…”<span class="qirmizi"></span>

 

Parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan deputat mandatından məhrum edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet Ermənistan Baş naziri Nikol Paşinyanın Ohanyanla yanaşı, digər deputat Armen Carçyana da vaxt verdiyini iddia edib:

“Müxalifət daxilində hakimiyyətin hədəfinə çevrilmiş iki deputat Seyran Ohanyan və Armen Carçyanın mandatlarından istefası məsələsi müzakirə olunur. Bu, o deməkdir ki, Ermənistan hakimiyyəti deputat toxunulmazlığına riayət etmir və könüllü şəkildə təslim olub istintaqla üzləşməyə hazır olmalıdırlar”.

Nəşr Ermənistan hakimiyyətinin 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə ittiham etdiyi şəxslərdən birinin Ohanyan olduğunu bildirib. Rusiyaya yaxınlığı ilə tanınan Carçyan isə peşəsinə xəyanətdə ittiham olunur.

“Əldə etdiyimiz məlumata görə, Carçyan mandatından məhrum edilməsinin əleyhinə deyil. Seyran Ohanyan isə etiraz edir. İki deputatın qərar vermək üçün hələ vaxtı var”, - xəbərdə qeyd edilib.

Bundan əvvəl Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin sədri Alen Simonyana Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi ilə bağlı vəsatət təqdim edib. Parlamentin növbəti iclasında – fevralın 7-də vəsatətə baxılacaq. Prosedura görə, baş prokuror parlamentə gəlməli və deputat Ohanyanın toxunulmazlığından məhrum edilməsi barədə qərarı əsaslandırmalı, bundan sonra parlamentarilər gizli səsvermə yolu ilə baş prokurorun vəsatətini təsdiq və ya rədd etməlidir.

1990-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Seyran Ohanyan Xocalı soyqırımının təşkilatçılarından və müəlliflərindən biridir.

Mənbə: teleqraf.com