"İran terrorçunu məsuliyyətdən azad etmək istəyir" - Politoloq

"İran terrorçunu məsuliyyətdən azad etmək istəyir" - Politoloq<span class="qirmizi"></span>

“Rəsmi Tehranın reaksiyası onu göstərir ki, onlar bu terror aktının açılmasında maraqlı deyillər”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, terror aktı törədiləndən sonra İran tərəfi yalan məlumatlar yayaraq məsələni məişət problemi səviyyəsinə endirməyə çalışırdı, indi də terrorçunun ruhi xəstə olduğunu deməklə hadisənin mahiyyətini təhrif edir:

"Terrorçunu psixoloji problemli adam kimi təqdim edib xəstəxanada saxlamaqla məsələni uzatmaq, faktiki olaraq onu məsuliyyətdən yayındırmaq istəyirlər. Təbii ki, bu, bizi qane edə bilməz. Bu hadisə birmənalı olaraq iki dövlət arasında münasibətlərə ciddi şəkildə mənfi təsir göstərib. Əgər belə davam etsə, bundan sonra da münasibətlər bu cür davam edəcək".

Fikrət Sadıqovun fikrincə, İranla bağlı siyasi kursu dəyişməyəcək:

"Biz öz tərəfimizdən bu hadisənin terror aktı olduğunu dünyaya çatdırmalıyıq. Məsələn, müxtəlif aksiyalar keçirməklə, onların burdakı səfirliyinin tərkibini azaltmaqla, səfirliyə başçılıq edən şəxsin ölkəni tərk etmə məsələsini gündəmə gətirməklə bunu edə bilərik. Həm diplomatik, həm siyasi müstəvidə müxtəlif addımlar atmaqla bu məsələni beynəlxalq tribunalarda müzakirə etmək olar. Eyni zamanda ikitərəfli münasibətlərdə müəyyən istiqamətlərdən imtina etməklə öz reaksiyamızı bildirə bilərik. Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bu istiqamətdə addımlar atmağa artıq başlamışıq.

Bilmirəm, o terrorçuya qarşı hansı cəza seçiləcək. Onların cinayət törədən şəxsə qarşı öz hüquq normalarına uyğun cəzaları var. İstəyirlər, ömürlük həbs etsinlər, istiyirlər, edam etsinlər və ya başqa cəza versinlər. Bizə maraqlı odur ki, istintaq obyektiv şəkildə aparılsın və onun nəticələri bizə çatdırılsın. Biz görək ki, bu dövlət o cinayətkarla bağlı tədbir gördü. Təbii ki, onun arxasında hansı qüvvələr var, onu da araşdırmaq lazımdır. Bizi bu maraqlandırır. Ona görə də bu məsələni daim nəzarətdə saxlamalıyıq".

 

Mənbə: www.bakupost.az