Azərbaycan səfirliyinə hücum İranın ölkəmizə qarşı çirkin siyasətinin bir hissəsidir

Azərbaycan səfirliyinə hücum İranın ölkəmizə qarşı çirkin siyasətinin bir hissəsidir<span class="qirmizi"></span>

 

Bakı, 2 fevral, AZƏRTAC

İranın gizlin siyasət aparması və Ermənistana casusluq etməsi artıq faktdır. Bunu Ermənistan tərəfi də təsdiq edir. Azərbaycanın öz haqq işi uğrunda apardığı 44 günlük müharibə dövründə iranlılar qarşı tərəfə məlumatların ötürülməsini həyata keçiriblər.

İran uzun zamandır ki, ölkəmizə qarşı müxtəlif zəmində təxribatlar törədib. Azərbaycan səfirliyinə hücum da İranın bu çirkin siyasətin bir hissəsidir.

Bu fikirləri Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev AZƏRTAC-a məxsusi açıqlamasında deyib.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan xalqı və dövləti bu terror aktını şiddətlə qınayır, günahkarların cəzalandırılmasını tələb edir. Çünki bu, sıradan bir təxribat deyil, Azərbaycana qarşı təhdiddir.

“Dövlətimiz ayıq-sayıqdır və öz vətəndaşlarının qayğısına qalır. Araşdırmalar aparılacaq və hesab edirəm, çox qısa zamanda hadisəni törədənlər, onu sifariş edənlər bəlli olacaq və haqlarında lazımı ölçülər götürüləcək. Təbii ki, bundan sonra iki ölkə arasında münasibətlər müzakirə mövzusu olacaq”, - deyə Milli Məclis sədrinin müavini diqqətə çatdırıb.

Mənbə: azertag.az