“Ayaz Salayev və mən heç vaxt ittifaqdan maaş almamışıq” – Cəmil Quliyev

“Ayaz Salayev və mən heç vaxt ittifaqdan maaş almamışıq” – Cəmil Quliyev<span class="qirmizi"></span>

Uzun müddətdir Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Kino İttifaqla (ARKİ) bağlı qalmaqallar sənginmək bilmir.

İttifaqın üzvlüyündən istefa vermiş kino xadimləri iddia edirlər ki, Şəfiqə xanım saxta seçki keçirərək, öz sədrliyini elan edib. Lakin həmin iclasın nəticələri Ədliyyə Nazirliyi tərəfindən qəbul edilməyib. Yenidən sədr seçkiləri keçiriləcək. Bəs nə zaman?

Lent.az-ın sualına cavab verən AKRİ-nin icraçı katibi, kinorejissor Cəmil Quliyev bildirib ki, sədr seçkilərinin vaxtını indiki sədr müəyyən etməlidir. Seçki gözlənilsə də, bunun nə zaman olacağı məlum deyil.

Bu gün Lent.az –a açıqlama verən AKRİ İdarə Heyətinin üzvü Əli Vəliyev bildirib ki, Kino İttifaqda adına maaş yazılan əməkdaşların heç biri maaş almayıb. “Orda maaşı yalnız Məmmədov familiyası daşıyan qohum-əqrəbalar alıb”- deyə Əli Vəliyev iddia edib.

Bu məsələ barədə də Cəmil Quliyevdən soruşduq. Cəmil Quliyev bildirdi ki, 2012-ci ildən bu yana ARKİ-də işləsə də, heç bir zaman maaş almayıb, ümumiyyətlə, maliyyə işləri ilə məşğul olmayıb, heç bir bank sənədinə qol çəkməyib.
“Əminliklə deyə bilərəm ki, kinorejissor Ayaz Salayev də maaş almayıb. Bunu onun özündən soruşmuşdum. Qalan əməkdaşlar barədə heç nə deyə bilmərəm”_ deyə o qeyd edib.

“Yenidən seçki keçirilərkən kimə səs verəcəksiniz?” sualına cavab olaraq, incəsənət xadimi bildirib ki, öncə namizədlər müəyyən edilməlidir: “Yalnız ondan sonra fikir bildirmək olar. Bunu zaman göstərər”

Mənbə: lent.az