"İranın diplomatik missiyasının statusu aşağı salınmalıdır" - Hüquqşünas

"İranın diplomatik missiyasının statusu aşağı salınmalıdır" - Hüquqşünas<span class="qirmizi"></span>

“İran istənilən dövlətlə siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlıq qura bilər. Bu, onun suveren hüququdur. Amma bu əməkdaşlıq , müttəfiqlik Azərbaycan dövlətinə, onun təhlükəsizliyinə, milli mənafeinə, ərazi bütövlüyünə qarşı yönəlibsə, təəssüf ki, indiki halda belədir, onda dövlət tərəfindən adekvat tədbirlər görülməlidir. Bundan sonra Azərbaycanla İran arasında münasibətlər də məhz bu səpkidə davam etməlidir. İran hər zaman Azərbaycan tərəfinın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlara maneələr törədir. Bundan sonra da bunu davam etdirsə, adekvat cavabını almalıdır”.

Bunu Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.

O bildirib ki, Azərbaycan İran münasibətlərinin bundan sonra necə, hansı səviyyədə olması qarşı tərəfdən asılıdır. İran düşmən münasibəti davam etdirəcəksə, eyni münasibəti görəcək:

“Hazırda​ məlum terror aktından sonra Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırıb. Səfirliyin yenidən açılıb-açılmaması məsələsi yəqin ki, gündəmə gələcək. Bununla bağlı dövlət başçısı tərəfindən müvafiq qərar veriləcək. Əgər səfirliyimiz açılmasa, İranın ölkəmizdəki səfirliyi ilə bağlı müvafiq qərar qəbul olunmalıdır. Hesab edirəm ki, əgər səfirlik burada qalacaqsa, onun işi müvəqqəti işlər vəkili statusundan o tərəfə keçməməlidir. Xarici İşlər Nazirliyi yanında akkreditasiya olunmuş bir diplomatik missiya olmalıdır”.

Hüquqşünas bildirib ki, Azərbaycan heç vaxt öz ərazisinin qonşu dövlətlərə qarşı hərbi, siyasi, iqtisadi və ideoloji planda palastarma çevrilməsinə imkan verməyib:

"İran isə Azərbaycanın bu mövqeyini qiymətləndirmək əvəzinə bizə düşmən münasibət bəsləyib. 30 ildir ki, İranın bizə olan düşmən mövqeyi dəyişməyib. Səfirliyimizə qarşı törədilən terror aktı bunu bir daha sübut edir. Hesab edirəm ki, bundan sonra Azərbaycanın da qarşı tərəfə münasibəti dəyişməlidir”.

 

Sevinc

BakuPost

Mənbə: www.bakupost.az