Bu gün bir çox Avropa ölkəsi Azərbaycana böyük ümidlə baxır

Bu gün bir çox Avropa ölkəsi Azərbaycana böyük ümidlə baxır<span class="qirmizi"></span>

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirildi. Azərbaycanın nümayəndələrinin bu iclaslarda fəal formada iştirakı ilk əvvəl onu göstərir ki, bir çox Avropa ölkələri energetika sahəsində Azərbaycana böyük ümidlə baxır. Prezident İlham Əliyevin istər Azərbaycanda, istərsə də Avropa ölkələrində tədbirlərdə son çıxışları onu göstərir ki, ölkəmiz etibarlı müttəfiqdir. Azərbaycanın mövqeyi həmişə birmənalı olub. Biz fəxr edirik ki, Azərbaycan bu gün, sadəcə, beynəlxalq siyasi arena da deyil, beynəlxalq iqtisadi aləmdə də öz sözünü tam formada, məsuliyyətlə deyən ölkədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev ifadə edib.

Azərbaycanın qaz ixracının ildən-ilə artdığını vurğulayan Rüfət Quliyev deyib: “Hədəfimiz 2027-ci ilədək hazırkı həcmi ikiqat artırmaqdır. Bizim Avropa İttifaqı ilə də sazişimiz var. Avropa ölkələri ilə bu tərəfdaşlıq onu göstərir ki, Avropanın Azərbaycanla bağlı mövqeyi aydındır, tərəfdaşlıq məsələlərində inam çoxdur. Dövlətimizin başçısı da bunu qeyd edib ki, əsas məsələ inam məsələsidir. Biz artıq bunu həyata keçiririk”.

Rüfət Quliyevin sözlərinə görə, Azərbaycan Avropaya yaxın gələcəkdə indiki kimi yox, bundan qat-qat çox qaz ixracatında kömək edəcək. Həmçinin Avropanın enerji problemlərini də həll edəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın təxminən 100 ildən çox müddət üçün yetəcək qaz ehtiyatları var. Bu gün artıq yaşıl enerjidən və ya digər sahələrdən söhbət gedir. Azərbaycan bu sahədə çiyin-çiyinə işləməyə hazırdır. Azərbaycanın özünün də maliyyə imkanları var. Eyni zamanda, Dünya Bankı və beynəlxalq banklar da Azərbaycana dəstək göstərməyə davam etmək niyyətindədir. Bu, Azərbaycanın ildən-ilə artan nüfuzunun, dövlətimizə olan inamın təzahürüdür.

“Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsi planlaşdırılır. Bununla bağlı layihələr hazırdır. Bu boru kəməri çəkildikdən sonra biz Avropaya Türkmənistan qazı ilə birgə 100 milyard kubmetr təbii qaz ixrac edə biləcəyik. Bu da Avropanın təxminən 20 faizinin tələbatını qarşılayacaq. Dövlətimizin başçısı nə vəd edirsə, onu da həyata keçirir. Biz onunla fəxr edirik”, - deyə Rüfət Quliyev fikirlərini yekunlaşdırıb.

Mənbə: azertag.az