İqor Korotçenko Azərbaycanın Rus İcmasını Dövlət Dumasının sədrinə müraciət etməyə çağırıb

İqor Korotçenko Azərbaycanın Rus İcmasını Dövlət Dumasının sədrinə müraciət etməyə çağırıb<span class="qirmizi"></span>

 

Deputat Vitali Milonovun təhqiramiz çıxışı ilə bağlı Azərbaycanın Rus İcması Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət etməlidir.

AZƏRTAC xəbər verir ki, “Nasionalnaya oborona” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko rusiyalı deputat Vitali Milonovun erməni kanallarından birinə müsahibəsi zamanı ölkəmizin rus icmasının üzvlərinin ünvanına təhqiramiz sözlər səsləndirməsini şərh edib.

İ.Korotçenko bildirib ki, deputat Vitali Milonov Azərbaycan xalqını təhqir etməklə yanaşı, rus icmasının ünvanına da nalayiq ifadələr işlədib.

“Bu, parlamentari üçün qətiyyən yolverilməz hərəkətdir. Milonov Rusiya və Azərbaycan prezidentlərinin imzaladıqları müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni pozmağa cəhd göstərir və bununla da açıq şəkildə Vladimir Putinin siyasi kursuna qarşı çıxır”, - deyə politoloq bildirib.

İ.Korotçenko Azərbaycanın Rus İcmasını Milonovun parlament və insani davranış qaydalarını pozan bu nalayiq hərəkətinə müvafiq qiymət verməsi üçün Dövlət Dumasının sədri Vyaçeslav Volodinə rəsmən müraciət etməyə çağırıb.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov erməni kanallarından birinə müsahibəsində Laçın yolunda keçirilən ekoloji aksiyaya qatılmış Azərbaycanın Rus İcmasının üzvlərinə qarşı nalayiq ifadələr işlədərək onları təhqir edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az