"Ərdoğan getsə, onlar Türkiyəni yenidən pomidor-xiyar satmağa məhkum edəcəklər..."
Ərdoğan getsinmi, qalsınmı?
ABŞ-ın diktəsi ilə Belçika, Hollandiya, Almaniya, İngiltərə, Fransa və İsveçrə İstanbuldakı konsulluğunu bağlayıb. Şübhəsiz ki, bu, terror təhlükəsi ilə bağlı deyil. Qərb bu kimi yollarla Türkiyəyə təzyiq göstərməyə çalışır. Məqsəd nədir? Türkiyəni qarışdırmaq istəyirlər. Qərbə Ərdoğanın president olduğu Türkiyə lazım deyil. Hələ Co Bayden president seçkisi zamanı açıq şəkildə bəyan etmişdi ki, president seçilsə, Tayyib Ərdoğanın devrilməsinə çalışacaq. O da sir deyil ki, Qərb Sorosun əlində oyuncaq olan Kılıclaroğlu kimi siyasətçiləri
Türkədə iqtidara gətirmək arzusundadır. Bu niyyətini Qərb heç gizlətmir də…
Əslində mən Ərdoğanın iqtidardan getməsini istəyirəm. Ancaq ortadakı alternativlər o qədər pisdir ki, adam Ərdoğana şükür etməli olur. Niyə?
Çünki Qərbin istədiyi adam Türkiyədə iqtidara gəlsə, bu ölkə fəlakətlə üzləşəcək. Nə baş verəcək?
1) Türkiyənin hərbi sənayesi, bütövlükdə müasir texnologiyaya söykənən sahələri çökdürüləcək. Türkiyə yenidən Qərb ölkələrindən silah dilənmək zorunda qalacaq. Müasir texnologiyalar baxımından Türkiyənin Qərbdən asılılığı güclənəcək. Müstafası bu ki Türkiyəni yenidən pomidor-xiyar satmağa məhkum edəcəklər...
2) Türkiyənin müxtəlif bölgələrdə aşkar etdiyi neft və qazın hasilatına imkan verilməyəcək. Çünki bu yataqların istismarı Türkiyəni son dərəcə zəngin bir ölkəyə çevirə bilər. Qərbə isə zəngin yox, ac və ələbaxan Türkiyə lazımdır. Nədən? Çünki zəngin Türkiyə Osamnlı imperiyasını yenidən dirçəltmək haqqında daha ciddi düşünə bilər.
3) Əslində bunu birinci sırada yazmaq lazım idi. Ərdoğanın iqtidardan getməsi, Türk Dünyasının vahid bir dövlətdə birləşməsi üçün atılan addımların durdurulmasına gətirib çıxaracaq. PKK təfəkkürlü çevrə ilə iç-içə olan Kılıclaroğlu kimiləri Türkiyənin parçalanmasına belə yaşıl işıq yandıra bilər. Və bu təhlükə son dərəcə realdır...
Şübhəsiz ki, başqa məqamlar da var. Məsələn, ermənilər Nikol Paşinyanın şəxsində oturub gözləyirlər ki, cənab Ərdoğan prezident seçilməsin. Ermənistan ən azı beynəlxalq təzyiqlər vasitəsi ilə Dağlıq Qarabağa yenidən muxtariyyət statusu ala bilsin. Ümumiyyətlə, Ermənistan beynəlxalq havadarlarının köməyi və Türkiyənin oyuncaq rejiminin səsisz razılığı ilə Cənubi Qafqazda təşəbbüsü yenidən ələ keçirsin.
Yəni Türkiyədə gözlənilən prezident seçkisində təkcə Türkiyənin yox, bütövlükdə Türk dünyasının gələcəyinin necə olacağını müəyyən edəcək.
Azərbaycanda hamı yaxşı bilir ki, 44 günlük müharibənin zəfərlə başa çatmasında Tayyib Ərdoğanın əvəzsiz xidmətləri var. Buna baxmayaraq, bizim müxalifət bütün varlığı ilə cənab Ərdoğana nifrət edir. Niyə? Bizim müxalifət hesab edir ki, cənab Ərdoğan iqtidardan getsə, bu, İlham Əliyev iqtidarının da başa çatmasına ciddi şəkildə təkan verəcək. Bu tərəfdən də Ukraynada biabırçı məğlubiyyətlə üzləşən Putin də devrilsə, məsələ bitmiş olacaq. Yəni Azərbaycan müxalifəti Qərbin xeyir-duası ilə iqtidara gələcək. Bizim müxalifət üçün isə Turan dövləti, Zəngəzur dəhlizi məsələsi boş söhbətdir. Onların hədəfi nəyin bahasına olursa-olsun iqtidara gəlməkdir...
Mən Qərbin və ya hansısa yabançı bir ölkənin əlində oyuncaq olan siyasətçiləri heç sevməm. Əminəm ki, belələrindən nə Türkiyəyə, nə də Azərbaycana xeyir gəlməz...
Bizə milli və dini kimliyini tanıyan, bütün varlığı ilə öz dövlətinə və xalqına bağlı olan siyasi liderlər lazımdır. Yabançıya yalaqlıq edənlərin siyasətdə yuxarı başa keçməsinə imkan vermək olmaz. Çünki belələri yabançılara xidmət edəcəklər...
Belə bir fonda “Ərdoğan getsinmi, qalsınmı?” sualına Türkiyə seçicisi cavab verəcək. Təəssüf ki, Azərbaycan vətəndaşları bu seçkidə iştirak etmək haqqına sahib deyil. Mən əminəm ki, Azərbaycan xalqı-Güneyli-Quzeyli Ərdoğana səs verərdi. Bu, onun haqqıdır. Və o, bu haqqı Qarabağda qazanıb...
Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist