Azərbaycanlılar SEPAH komandirinə şikayət etdilər

Azərbaycanlılar SEPAH komandirinə şikayət etdilər<span class="qirmizi"></span>

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Səlami bu gün səhər saatlarında zəlzələdən zərər çəkmiş sakinləri ziyarət etmək üçün Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinə gəlib.

Hüseyn Səlami Xoyda dəymiş ziyanın miqdarı və SEPAH qüvvələrinin zəlzələdən zərər çəkmiş insanlara necə yardım göstərdiyi barədə məlumatlandırılıb.

SEPAH komandiri zəlzələ qurbanları ilə üzbəüz görüşdə deyib ki, şərait tam sabitləşənə və insanların problemləri həll olunana qədər SEPAH yardım səylərini davam etdirəcək.

Zəlzələ qurbanlarının SEPAH komandirindən kömək istədiyi bildirilir.

Belə ki, bölgənin bir sıra sakinləri bəzi çatışmazlıqlardan şikayətlənərək, zəlzələdən zərər çəkmiş insanlara SEPAH-ın xüsusi diqqət yetirməsini tələb ediblər.

“General-mayor Səlami xalqı sakitləşməyə çağırıb və əmr verib ki, SEPAH-ın bölgədəki qüvvələrinin komandirləri dərhal problemləri təqib etsinlər”, - deyə agentliyin xəbərində bildirilib.

Yanvarın 28-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 175 min əhalisi olan Xoy şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb.

Qərbi Azərbaycan vilayətinin qubernatorunun sözlərinə görə, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub.

Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binasının dağıldığını deyən qubernator əlavə edib ki, indiyədək əhali arasında 25 mindən çox çadır paylanıb.

Zəlzələ qurbanları olan azərbaycanlıların mətbuata söylədiklərinə görə, İran hökuməti onların problemlərinə ciddi diqqət yetirmir.

Mənbə: moderator.az