Dövlətin neçə sifəti olmalıdır?

Dövlətin neçə sifəti olmalıdır?<span class="qirmizi"></span>

Unutmaq lazım deyil ki, dövlət  insan deyil, onun bir sifəti yoxdur, olmamalıdır  da...

Rusiya XİN rəhbəri Lavrovun son müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağla bağlı açıqlamaları təkcə Ermənistanda deyil, belə görünür ki, Azərbaycanda da birmənalı qarşılanmayıb, bu da səbəbsiz deyil. Buna “diplomatik labirint” deyirlər, görünür ki,  təcrübəli Rusiya XİN rəhbəri bu dəfə o üsuldan istifadə edib. Lavrovu Ermənistanda təbii ki, daha çox qınayırlar, amma onun dediyi bəzi cümlələrlə yenidən “labirintə girirlər”, orada “müstəqillik”, “xalqların öz müqəddəratının təyin etmək hüququnu” “tapırlar”, yenə nəyəsə ümidlənirlər.

Azərbaycanda da bu “labirintə” düşənlər olub və onların əsas tutarqası budur ki, Rusiya ilk dəfə Ermənistanı işğalçı kimi tanıyıb. Lavrovun açıqlamasında Azərbaycan üçün təhlükə görənlər də var.

Əvvəl Ermənistan cəmiyyətinin reaksiyasına nəzər salaq. Erməni politoloqların böyük əksəriyyəti o fikirdədirlər ki,  Lavrovun açıqlamalarına səbəb Nikol Paşinyan hakimiyyətinin Rusiyaya münasibətdə buraxdığı səhvlərdir. Amma şəxsən Lavrov da ittihamdan yayına bilməyib. Ona əsas tənqidlər bu istiqamətdədir ki, Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə qanuni olaraq geri aldığını deyirsə, 30 il ərzində Minsk Qrupunda əsas dominant olan Rusiya niyə münaqişənin həllində güc tətbiqini birmənalı istisna edib. Üstəlik, Moskva danışıqlarda  “xalqların öz müqəddəratını təyinetmə hüququ” olduğunu daima bəyan edib. Lavrovun yeddi rayonun Azərbaycana qaytarılması ilə bağlı dediyini xatırladıb, bəs, “Hadrut və Şuşa barədə niyə heç nə demədiyini” soruşurlar. Bu axmaqlar Lavrova irad tuturlar ki, Azərbaycan müharibədə bu ərazilərini də geri almasına imkan vermək olmazdı, çünki hər iki rayon keçmiş “Dağlıq Qarabağın ərazilərinə daxildir”.     

Lavrovun keçmiş Ermənistan rəhbərliyini Azərbaycanın ərazilərini geri qaytarılmasının vacibliyi barədə çağırışlara əməl etmədiyi barədə dediklərinə gəlincə, ermənilər yenə Rusiyanı ittihamı edirlər ki, heç vaxt belə bir tələb səslənməyib. Hətta bəziləri “2008-2018-ci illər ərzində Ermənistanın keçmiş hakimiyyətinə qarşı belə bəyanatlar heç vaxt olmayıb” deyib, Rusiya XİN-dən sənəd-sübut istəyirlər.

Elə bir sübutu isə erməni politoloq Armen Vardan öz şərhində verib. Vardanyan deyib ki, 2016-cı ilin yanvarından Rusiya Ermənistan hakimiyyətinə yeddi rayonu qaytarmağı təklif edib və bu, “Lavrovun planı” adlanırdı”.

Vardanyan təsdiq edib ki, Lavrovun açıqlamalarına Ermənistanda sevinənlər də var. “Bəziləri Lavrovun Azərbaycana məxsus ərazilərin Azərbaycana qaytarıldığını deməsinə sevinir, yəni  Bakının daha başqa ambisiyaları ola bilməz…” Vardanyanın sözlərinə görə, açıqlamalara səbəb kimi Paşinyan hakimiyyətini günahlandırmaq yanlışdır, əksinə, “aydın olur ki, Rusiya hakimiyyəti son illərdə bir çox məsələlərdə son dərəcə antierməni mövqe tutub”.  

Maraqlıdır ki, Tofiq Zülfüqarov da “Lavrovun açıqlamasını  sevinclə qarşılayan politoloqları başa düşmürəm” deyib.  Sabiq xarici işlər nazirinə görə, Lavrov ilk dəfə olaraq Ermənistanın “qondarma Dağlıq Qarabağ Respublikası” ətrafındakı 7 inzibati rayonu işğal etməsi faktını rəsmən tanıyıb. “Sual yaranır ki, məgər “qondarma Dağlıq Qarabağ Respublikası”nın ərazisi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmayıb? Bəs Azərbaycan Respublikası ərazisini Ermənistan ordusunun ələ keçirməsi və orada olması ətrafdakı 7 rayonun işğalı ilə eyni işğal deyilmi? Buna görə də qənaətim sadədir : Lavrovun mövqeyi həmişəki kimi Rusiyanın etnik motivli interpretasiyaya söykənən rəsmi mövqeyidir“ deyə, politoloq fikrini yekunlaşdırıb.

Lavrova Azərbaycan cəmiyyətində heç vaxt rəğbət olmayıb. Bunu onun  yarıerməni kimliyi ilə bağlamaq da olar, Rusiyanın mövqeyinin ifadəçisi olduğuna da. Lavrovun “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşmanın əldə olunmayacağına” dair bəyanatlarını yaxşı xatırlayırıq.  Vaxtilə “torpaqların azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi eyni vaxtda həll olunmalıdır” deyən də odur. Bir ay əvvəl “Almatı bəyannaməsində deyilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında mövcud olan sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir. Başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi. Bu, Azərbaycan, Ermənistan, Fransa və cənab Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiq edildi. Bu addım Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”  deyənin də Lavrov  olduğunu yada salmaqda fayda var. Bu misalların sayını “n” qədər artırmaq da olar.  Fakt budur ki, Azərbaycan 44 günlük müharibədə regionda və münaqişənin həllində reallığı dəyişdi. Lavrov da indi də o reallığa uyğun danışmağa üstünlük verir. Zülfüqarovun Lavrovun açıqlamarında “etnik motivli interpretasiyaya söykənən rəsmi mövqe” hesab etdiyini deyərkən, nəyə işarə etdiyi aydındır- Rusiya Xankəndi və ətrafında gərginliyin qalmasında maraqlıdır.  Rusiya bu “rıçaqı” hələ ki, ən müxtəlif variantlarda mümkün qədər saxlamağa çalışır. Amma bir yerə qədər...

İndi Xankəndi Rusiya üçün “ölüm-qalım” məsələsi deyil. Paşinyan hakimiyyətinin Rusiyanın regionda maraqlarına zidd davranışları bizim xeyrimizədir və Allah İrəvan rəhbərliyinin ağılını o qədər alsın ki, günlərin birində hətta Moskvaya qarşı “ikinci cəbhə” açmaq fikrinə belə düşsünlər. O zaman Lavrov Xankəndidə özü mətbuat konfransı keçirib, görün nələr deyər...

Unutmaq lazım deyil ki, istənilən dövlət insan deyil, onun bir sifəti yoxdur, olmamalıdır da. Bizim İranla gərginlik fonunda bunu xatırlamamıza da nə vaxtsa ehtiyac olacaq...

Mənbə: musavat.com