ABŞ Çinin “havasını” al(ma)dı: Cənubi Qafqaz necə olacaq? - TƏHLİL + FOTO

ABŞ Çinin “havasını” al(ma)dı: Cənubi Qafqaz necə olacaq? - TƏHLİL + FOTO<span class="qirmizi"></span>

ABŞ ilə Çin arasındakı soyuq münasibətlərin ruhu daha bir hadisə ilə təzələndi.

ABŞ öz məhrəminə daxil olan Çinin hava şarını qırıcı təyyarədən açılan atəşlə məhv etdikdən sonra Pekinin də qəzəbi zilə qalxır.

ABŞ-nin texnologiyadakı, iqtisadiyyatdakı və nəhayətdə qlobal arenadakı strateji rəqibi olan Çin hava şarının təsadüfən okeanın o tayına gedib çıxdığını söyləyir, onun mülki tədqiqatlar üçün nəzərdə tutulduğunu bildirməklə ABŞ-nin hərbi emosiyalarını soyutmağa çalışırdı.

Ancaq ABŞ-nin Çinin arqumentlərinə inanmaq məcburiyyəti yox idi, çünki nəticədə şar özünün hava məkanında dövrə vururdu. Yad elementin səmanın ABŞ-yə məxsus sərhədində vurnuxması, təbii ki, ABŞ-ni narahat edirdi. Çünki uçan obyekt ABŞ-nin hərbi-strateji məntəqələrinin fotolarını çəkmək üçün istifadə edilə bilərdi və əslində, bu fikir daha inandırıcı görünür.

Lakin Çinin bu hadisədən nələrsə qazanmadığını söyləmək də hərbi-siyasi cəhətdən primitiv səslənir.

Çin iki istiqamət üzrə nəzəri olaraq xal qazanmış kimi lovğalana bilər:

1. ABŞ-nin qitələrarası ballistik raketlərinin xəritələrini çəkmək təcrübəsi qazanıb;

2. ABŞ-nin cavab tədbirlərini praktiki olaraq ölçmək imkanına yiyələnib.

Ağ Ev Çinin hiyləgərliyini müəyyən edə bilir, ona görə də bundan sonra Vaşinqton rəqibinin hərbi və kəşfiyyat aparatına inamı zəiflətmək üçün hava şarının vurulması faktından yapışa bilər.

Ümumilikdə son hadisə Çinin ərazi vahidi olan Tayvanla bağlı təhlükəsizlik mühitini kövrəkləşdirən aktlardan biridir.

Müəyyən etmək çətindir ki, bu, təsadüfdür, ya yox – Çexiyanın yeni Prezidenti Petr Pavel hakimiyyət kürsüsünə gələn kimi Çinə meydan oxuyan tərzə keçdi.

Onun Tayvan rəhbəri Tsai İnq-venə zəng etməsi Avropa İttifaqının belə, Çinə ehtiyatlı mövqeyinin ziddinədir. Çin Petr Pavelə yerini göstərməyə çalışır, Praqa isə hər vəchlə Çinin vahidliyinə şübhə etmədiyini söyləyir.

Pavelin Tayvan lideri ilə telefon zəngini geniş miqyasda ABŞ-Britaniya ikilisi ilə Çin arasındakı rəqabətin sərhəd tanımaması məntiqi ilə izah etməyə ehtiyac yaranır.

Çinin rəqibləri ilə münasibətlərindəki qarşılıqlı etiraz fırtınası Rusiya-Ukrayna müharibəsi və kövrəkləşən Tayvanla bağlı burulğanlar ərsəyə gətirə bilər.

Çin bu zamana qədər Rusiya-Ukrayna müharibəsində Moskvanı qıcıqlandırmayacaq səviyyədə ehtiyatlı mövqedə dayanırdı, bundan sonra isə Pekin tərəzinin gözünü aşkar şəkildə Kremlin tərəfinə əymək üçün bəhanələr tapacaq.

Çin Tayvanı ram etmək üçün əsəb müharibəsinə üstünlük verə bilər, yəqin ki, Pekin son anda geosiyasi konyunkturun konturlarını hesablayaraq hərbi müdaxilə imkanlarına müraciət edəcək.

Bəlkə də, qəribə və ya şişirdilmiş versiya kimi səslənə bilər: ABŞ ilə Çinin naxoş münasibətləri Cənubi Qafqaz regionunda da öz təzahürlərini göstərəcək.

Çünki Çinin regiondakı iqtisadi ekspansiya siyasətinin hüdudları ABŞ-nin maraqlarına çox toxunur.

Ona görə ki, Çin Zəngəzur dəhlizi layihəsini genişlənən strateji xəttinin sərhədində tutmaq istəyir. Pekin gələcəkdə bu marşrutu rəqəmsal tədarük zəncirlərindən tutmuş iqtisadi-ticari alətlərini itiləşdirən platforma kimi görür.

ABŞ-Britaniya tandemi isə Çinin daha bir regionda – Cənubi Qafqazda meydan oxumasına şərait yaradılmaması üçün xeyli fəallıq göstərir...

Aqşin Kərimov

Mənbə: www.oxu.az