Dəhşətli zəlzələdən sonra Türkiyəyə kim kömək etməyə çalışır? - Yardıma ilk "qaçan" Azərbaycandır

Dəhşətli zəlzələdən sonra Türkiyəyə  kim kömək etməyə çalışır? - Yardıma ilk "qaçan"  Azərbaycandır<span class="qirmizi"></span>

Türkiyədə baş verən zəlzələnin dəhşət doğuran dağıntılarının miqyası açıqlandıqca, dünyadan Türkiyəyə yardım səsləri ucalır.

Metbuat.az hadisədən sonra Türkiyəyə yardım edən dövlətlərin siyahısını təqdim edir.

Azərbaycan

Fevralın altısında Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin 379 nəfərdən ibarət xilasetmə qüvvələri Türkiyəyə yollanıb. Bu gün isə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola salınıb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınmasına hazırlıq işləri gedir.Xatırladaq ki, təbbi fəlakət baş verən zaman onun fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycan qardaş ölkəyə yardım əlini uzadan ilk dövlət olub.

Çin

Çin bu həftə baş verən güclü zəlzələdən sonra Türkiyəyə yardım səylərinə kömək etmək üçün 40 milyon yuan (5,9 milyon dollar) məbləğində vəsait ayıracaq. Ölkənin Qırmızı Xaç Cəmiyyəti Türkiyə və Suriyaya hər birinə 200 min dollar dəyərində təcili yardım vasitəsi verəcək.

Avropa Birliyi

Avropa Komissiyasının bəyanatında deyilir ki, səkkiz Avropa İttifaqı ölkəsindən on axtarış-xilasetmə qrupu Türkiyədə ilk müdaxilə edənlərə kömək etmək üçün səfərbər edilib. Bölmələr Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Hollandiya, Polşa və Rumıniyadan gəlir. Komissiya yazır ki, İtaliya və Macarıstan da Türkiyəyə komanda göndərməyi təklif ediblər.

Almaniya

Almaniyanın Federal Texniki Yardım Agentliyinin sözçüsü bildirib ki, onlar zəlzələ bölgələrində sığınacaq və su təmizləmə bölmələri təmin etmək üçün düşərgələr qura bilərlər. Bu yardımlara generatorlar, çadırlar və yorğanlar da daxildir. Rəsmi Berlin bildirib ki, onlar Suriyanın şimal-qərbində humanitar yardım göstərən “Malteser İnternational” kimi xeyriyyə təşkilatlarına 1,1 milyon dollar yardım edəcəklər.

Yunanıstan

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyəyə başsağlığı verib və dəstəklərini ifadə edib. Mitsotakis Prezident Ərdoğana zəng edərək “təcili yardım” təklifini edib. Yunanıstan baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, Ərdoğan C-130 hərbi təyyarəsi ilə xilasedicilərin və ləvazimatların dərhal göndərilməsinə və dəstəyə görə Mitsotakisə təşəkkür edib.

Hindistan

Hindistan hökuməti bildirib ki, onlar xüsusi təlim keçmiş it dəstələri və avadanlıqları olan 100 nəfərdən ibarət Milli Fəlakətlərə Cavab Qüvvələrinin iki komandası axtarış-xilasetmə əməliyyatları üçün fəlakət bölgəsinə uçmağa hazırdırlar. Bundan başqa tibbi personal da Türkiyə səlahiyyətliləri ilə koordinasiya əsasında əraziyə göndərilib.

İran

Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani zəlzələdən zərər çəkmiş ölkələrə “başsağlığı və dərin rəğbət” ifadə edib və zərərçəkənlərə kömək etməyə hazır olduğunu bildirib.

İtaliya

Baş nazir Giorgia Meloni, İtaliyanın Mülki Müdafiəsinin Türkiyəyə dəstək vermək və ilk yardım göstərmək üçün hazır olduğunu söyləyib.

İsrail

Baş nazir Benyamin Netanyahu deyib ki, o, zəlzələdən zərər çəkmiş Suriyaya yardım göndərmək istəyir. İsrail “diplomatik mənbədən Suriyaya humanitar yardım tələbi aldı və mən bunu təsdiqlədim” deyən Netanyahu onun tezliklə göndəriləcəyini bildirib. Lakin Suriya rəsmisi jurnalistlərə deyib ki, Dəməşq İsraildən yardım istəməsi ilə bağlı “iddiaları ələ salıb və təkzib edib”. "Suriya onilliklər boyu suriyalıları öldürən bir qurumdan necə kömək istəyə bilər?" ,- deyə Suriya rəsmisi bildirib.

Yaponiya

Yaponiya və Malayziya da xilasetmə və yardım qrupu göndərərək təcili humanitar yardım göstərməyə hazır olduqlarını bildiriblər.

NATO

Türkiyə ilə tam həmrəy olduğunu bildirən NATO baş katibi Yens Stoltenberq “Twitter” hesabında bildirib ki, “Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram və NATO müttəfiqləri hazırda dəstəyi səfərbər edir” deyib.

Polşa

Polşa dövlətinin açıqlamalarına görə onlar 76 yanğınsöndürən və səkkiz xilasedici itdən ibarət HUSAR xilasetmə qrupunu göndərəcəklər.

Qətər

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında başsağlığı verib. Dövlət xəbər agentliyi QNA bildirib ki, əmir Qətərin zəlzələnin yaratdığı ciddi humanitar fəsadların yumşaldılmasında qardaş ölkəyə dəstəyini ifadə edir.

Rusiya

Prezident Vladimir Putin Suriya prezidenti Bəşər Əsəd və türkiyəli Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiya komandalarını hər iki ölkəyə göndərəcəyini vəd edib.

"Yaxın saatlarda Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Suriyaya yola düşəcək", - Kreml bildirib. Müdafiə Nazirliyi Suriyada dislokasiya olunmuş 300 hərbçinin xilasetmə işlərinə kömək etdiyini də açıqlamasında qeyd edib.

Cənubi Koreya

Cənubi Koreya prezidenti Yoon Suk-yeol xilasedicilər və təcili tibbi yardım göndərəcəyini bildirib.

İspaniya

İspaniyanın şəhər xilasetmə qrupları Türkiyəyə getməyə hazırlaşır. İspaniya Daxili İşlər Nazirliyi bildirib ki, müdafiə nazirliyi və digər idarələrin rəsmiləri ekipajları dərhal Türkiyəyə göndərmək üçün koordinasiya edir.

Tayvan

Tayvan zəlzələdən xilasetmə səyləri üçün 200 min dollar ianə edəcəyini vəd edib.

Ukrayna

Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna dəstək göndərməyə hazırdır. Zelenski Twitter səhifəsində yazıb: “Prezident Ərdoğana, türk xalqına və Türkiyənin cənub-şərqində baş verən zəlzələ qurbanlarının ailələrinə səmimi başsağlığı verirəm. “Bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram. Bu çətin gündə türk xalqının yanında olacağıq. Fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırıq”.

Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyaya 13,6 milyon dollar dəyərində humanitar yardım vəd edib. BƏƏ Türkiyənin cənubundakı Adana hava limanına axtarış-xilasetmə qrupları, ekipajlar və tibbi avadanlıq daşıyan ilk təyyarəni göndərib. BƏƏ Türkiyədə səhra xəstəxanası qurmağı planlaşdırdığını, həmçinin Suriyaya axtarış-xilasetmə qrupları, təcili yardım ləvazimatları və təcili yardım göndərəcək.

BMT

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, BMT-nin əməkdaşları ehtiyacı qiymətləndirmək və yardım göstərmək üçün Türkiyə və Suriyada fəaliyyət göstərir.

Birləşmiş Krallıq

Böyük Britaniya xarici işlər nazirliyi qeyd edib ki, bazar ertəsi axşam Türkiyəyə 76 axtarış-xilasetmə mütəxəssisi, 4 axtarış iti və xilasetmə avadanlığı göndəriləcək.

Amerika Birləşmiş Ştatları

ABŞ prezidenti Co Bayden administrasiyasının Türkiyə ilə sıx əməkdaşlıq etdiyini və Vaşinqtona dağıdıcı zəlzələyə dərhal reaksiya verməyə icazə verdiyini deyib. Məlumata görə, ABŞ Türkiyə hakimiyyətinə kömək etmək üçün 79 nəfərlik iki axtarış-xilasetmə qrupu göndərir. "Bizim komandalarımız Türkiyənin axtarış-xilasetmə səylərini dəstəkləmək və zəlzələ nəticəsində yaralanan və xəsarət görənlərin ehtiyaclarını həll etmək üçün əraziyə səfərbər olurlar" deyə Bayden vurğulayıb.

ÜST

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Ghebreyesus açıqlamasında ifadə edib ki, onlar təcili tibbi yardım qruplarını yaralılara və ən həssas insanlara lazımi tibbi yardım göstərmək üçün aktivləşdiriblər.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az

 

 

Mənbə: metbuat.az