"Ölkə Saakaşvili məsələsinin girovuna çevrilib" - Gürcüstan Prezidenti

"Ölkə Saakaşvili məsələsinin girovuna çevrilib" - Gürcüstan Prezidenti<span class="qirmizi"></span>

Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq prezident Mixeil Saakaşvilinin həbsdə saxlanılması ilə bağlı məhkəmə qərarına münasibət bildirib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Salome Zurabişvilinin yayadığı bəyanatda gürcü xalqının bu məsələnin girovuna çevrildiyi, ölkənin imicinin misli görünməmiş şəkildə zədələndiyi və Gürcüstanın öz tərəfdaşları ilə əlaqələrinin düzgün istiqamətdə inkişafına mane olduğu qeyd edilib.

Salome Zurabişvili problemin eyni zamanda Gürcüstanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu alması üçün Avropa Komissiyasının 12 tövsiyəsi üzərində işləməsinə mane olduğunu da qeyd edib: “Ölkə bu məsələnin girovuna çevrilib. Bu gün bizim üçün heç bir digər vacib məsələ ictimai səviyyədə müzairə edilmir. Nə əksəriyyəti gənclər olmaqla iş gücünün ölkədən axını, nə də Rusiyadan (Gürcüstana) kütləvi axın və bunun mümkün təhdidlərinin qarşısının alınması ilə bağlı hökumət tərəfindən zəruri strategiya hazırlanmır”.

Zurabişvili əlavə edib ki, hazırda ölkə əhalisinin böyük əksəriyyətinin Gürcüstanın Rusiyanın orbitinə qayıtması ilə bağlı sualları var.

“Ölkənin reputasiyası zədələnib, inam sarsılıb, bizim yeni geosiasi kontekstdə yerimiz qeyri-müəyyən olub. Əgər Rusiya bizim ənənəvi tərəfdaşlarımızın dəstəyini itirdiyimizə inanarsa, bu bizim üçün daha təhlükəli ola bilər”, - deyə bəyanatda qeyd olunub.

Salome Zurabişvili bu vəziyyətin hakim “Gürcü Arzusu” partiyası və müxalifətin birgə səyləri nəticəsində yarandığını vurğulayıb. O, hökumətin ritorikasının, inadçı qərarlarının və Rusiyaya qarşı anlaşılmaz yumşaq mövqeyinin - Rusiyanı qeyd edərkən son dərəcə ehtiyyatlı olması, Rusiyaya qarşı sanksiyaların tətbiq edilməyəcəyi ilə bağlı ritorikası və birbaşa uçuşların bərpa edilməsi ilə bağlı müsbət dəyərləndirmələrinin Gürcüstanın ukraynalılara və öz tərəfdaşlarına qarşı davranışları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Prezident əlavə edib ki, ölkə rəsmiləri Gürcüstanın Avropa yolu və 12 tövsiyənin yerinə yetirilməsi məsələlərini praktiki olaraq siyasi gündəlikdən çıxarmağı bacarıb.

Zurabişvili Saakaşvilinin azadlığa çıxması üçün əfv sərəncamının kifayət etmədiyini, ona qarşı daha 3 iş üzrə ittiham irəli sürüldüyünü xatırladıb.

Zurabişvili hökumət tərəfindən məsələyə hüquqi və insani həll tapılmalı olduğunu, müxalifət tərəfindən isə Saakaşvilinin öz cinayətlərini etiraf etməli olduğunu, siyasəti tərk edərək ölkəni və müxalifəti girovluqdan azad etməli olduğunu vurğuayıb.

“Bu məsələ gürcü siyasi məkanından çıxarılmalıdır və ölkəyə nəfəs alması, yaşaması, inkişaf etməsi və Aİ namizədi statusunu qəbul etməsi üçün imkan verilməlidir”.

Mənbə: azpolitika.info