“Məkkə ziyarətindən qayıdanların bir-birinə “hacı” deməsi yanlışdır” – Elşad Miri

“Məkkə ziyarətindən qayıdanların bir-birinə “hacı” deməsi yanlışdır” –

İslam dininin beş şərtindən biri də Həcc ziyarətidir. Həcc ziyarəti maliyyə vəziyyəti və səhhəti yerində olan möminlərin ömürlərində bir dəfə Kəbəni ziyarət etmək üçün nəzərdə tutulub. 

Bu ziyarətdən qayıdandan sonra Azərbaycanda əksər insanlar bir-birinə “hacı” deyirlər. Ölkəmizdə son günlər “həci”lərin sayı kifayət qədər artıb. Məlumat üçün qeyd edək ki, “həci” müxtəlif regionlarda dialekt söz kimi işlənir. Sözün düzgün variantı hacıdır. 
Bəs görəsən, kimlərə hacı deyilməlidir? Ümumiyyətlə, ziyarətdən qayıdan şəxslərin bir-birinə hacı deməsi doğrudurmu?

İlahiyyatçı Elşad Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, İslamda hacılıq deyilən bir anlayış yoxdur: 

“Quranda bildirilən “həcc” anlayışı oradakı insanların bir-birlərinə müraciəti ilə bağlı nəzərdə tutulub. Məsələn, kimsə vətənə qulluq etdiyi zaman ona “əsgər” deyilirsə, evə gəldikdən sonra bu adla çağırılmır. “Hacıxanım”, “hacı” kimi adlar dinin mahiyyətinə uyğun olan məsələ deyil. Nə peyğəmbərə hacı deyilib, nə də ətrafındakı səhabələr bu adlarla çağırılıb. 

Bizdə “hacı” adını xüsusi rütbə kimi təqdim edirlər. Başqalarından fərqlənmək üçün bu addan istifadə edirlər. Bu, yanlış yanaşmadır”.
 

Mənbə: bizim.media