Talış kənd sakini: "Kəndimizdə bu cür şərait yaradılacağı ağlıma gəlməzdi"

Talış kənd sakini: "Kəndimizdə bu cür şərait yaradılacağı ağlıma gəlməzdi"<span class="qirmizi"></span>

Bir neçə gündür ki, doğma Talış kəndinə köçən sakinlər qısa vaxtda ərazidə bu qədər quruculuq işlərinin aparılmasından məmnundurlar.

Kənd sakini Rəbiyyə İrzayeva "Report"a müsahibəsində köç prosesinin təəssüratlarını bölüşüb.

O deyir: "Kənddə şəraitin bu səviyyədə olacağına inanmırdım. Daha doğrusu, ağlıma gəlmirdi ki, dağlıq yerdə bu qədər gözəl şərait yaradılsın. Evimiz çox gözəldir. İstilik, işıq, su, qaz, bir sözlə, hər şey var".

Rəbiyyə İrzayevanın sözlərinə görə, ermənilər bu kəndi "Qarabağın qapısı" adlandırıblar. Buna görə də həmişə Talış kəndinə xüsusi diqqət yetiriblər:

"30 il qabaq biz buradan çox çətin vəziyyətdə getmişdik. O anları uzun illər ürəyimizdə gəzdirib, gözlərimiz önündə kino lenti kimi canlandırmışıq. Amma indi o anları xatırlamaq istəmirəm. 30 il torpaqlarımızın azad olunması üçün dua edirdim, bundan sonra qalan ömrümü şəhidlərimizə rəhmət diləməklə yaşayacağam. Çünki onlar bu günlərin sevincini bizə bəxş etmək üçün şirin canlarından keçiblər".

Müsahibimiz qeyd edib ki, kəndin işğaldan azad olunması xəbərini eşidəndə çox sevinib. Lakin tez bir zamanda geri dönəcəklərinə inanmayıb:

"Hələ də mənə nağıl kimi gəlir. Hərdən düşünürəm ki, yuxudayam. Bu xoş günləri bizə yaşadan Prezidentimizə, əsgərlərimizə dualar edirəm, şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Yaşadığı acı günləri unutmayacağını deyən Rəbiyyə xanım oğlunun hərbçi olduğunu, Vətən torpaqlarının azad edilməsində iştirak etməsindən qürur duyduğunu söyləyib:

"Mənim oğlum hərbçidir. Talışın azad edilməsində iştirak edib. Mən müharibənin qızğın anlarında da ağlıma pis fikir gətirmədim. Əli silah tutub bu yerlərin azad edilməsində iştirak edən hər bir əsgər mənim övladımdır. Qarabağımızın geri alınmasında oğlumun da xidmətinin olmasından qürur hissi keçirirəm".

Mənbə: report.az