Təxribatlardan əl çəkməyən Ermənistan - Volski komitəsindən fərqlənməyən Aİ missiyası

Təxribatlardan əl çəkməyən Ermənistan - Volski komitəsindən fərqlənməyən Aİ missiyası <span class="qirmizi"></span>

Ermənistan hakimiyyəti yenə Cənubi Qafqazda sülh və təhlükəsizliyi təhdid edir.

Avropa İttifaqının mülki monitorinq missiyası Ermənistanın Azərbaycanla sərhədyanı bölgəsinə yerləşdiriləndən sonra rəsmi İrəvan daha da azğınlaşıb. Ermənistan silahlı qüvvələrinin, o cümlədən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvlərinin ordumuzun mövqelərini atəşə tutması halları artıb.

İşğal dövründə olduğu kimi, yenə Ermənistan törətdiyi qanunsuz əməllərə görə cəzalandırılmır. Baş verən hadisələrdən belə çıxır ki, Avropa İttifaqının məlum nümayəndələri Ermənistanın beynəlxalq anlaşmalara zidd hərəkətini himayə edir.

Martın 20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutaraq təxribat törədib. Atəş nəticəsində bir hərbi qulluqçu - kiçik çavuş Manafov Ramin Sübhi oğlu yaralanıb.

Ermənistan 2020-ci il 10 noyabr bəyanatına da əməl etmir. Əldə edilən razılığa əsasən, qarşı tərəf minalanmış ərazilərin xəritəsini Azərbaycana verəcəyi öhdəliyini üzərinə götürmüşdü. Ancaq martın 16-da Ağdamın Yusifcanlı kəndində iki yerli sakin minaya düşərək həlak olub.

Döyüş əməliyyatları dayandırılandan indiyədək Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistan hərbçiləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz olaraq mövcudluqlarını davam etdirirlər. Rəsmi İrəvan kommunikasiya xətlərinin açılması ilə bağlı əvvəllər başlamış müzakirələrdən söz belə açmır.

Bundan başqa, Ermənistan rəhbərliyi üçtərəfli bəyanatı imzalayarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlayır.

Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı illərdə olduğu kimi, xarici havadarlarına arxalandığını bu əməlləri ilə bir daha sübut edir.

Nikol Paşinyan

Həmin illərdə rəsmi İrəvan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirməkdən boyun qaçırırdı. Bununla da beynəlxalq hüquq və normaları tapdayırdı.

Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan və komandası “sülh təklifləri” adlı mətnlərlə beynəlxalq ictimai rəyi manipulyasiya edir. Özünü sülhsevər kimi dünyaya sırımağa cəhd göstərən rəsmi İrəvan bu mətnlərlə bağlı əməli addımlar atmaqdan yayınır. Azərbaycanın sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması ilə bağlı mövqeyi Ermənistana və beynəlxalq ictimaiyyətə bəllidir. Belə bir şəraitdə İrəvanın irəli sürdüyü layihə mətnləri çox mənasız görünür. Çünki Azərbaycan tərəfi ərazi bütövlüyü və torpaqları ilə bağlı müzakirə aparmayacağını açıq-aşkar bəyan edib.

Bu baxımdan demək olar ki, regionda vəziyyəti gərginləşdirən Ermənistandır. İrəvan iki ölkənin sərhədyanı bölgəsinə Avropa İttifaqının mülki missiyasını yerləşdirməklə vəziyyəti daha da gərginləşdirib. Üçüncü qüvvə - Avropa İttifaqının müşahidəçiləri Ermənistanın pozuculuq fəaliyyətini dəstəkləmək, yaxud pozuculuq fəaliyyətinə göz yummaqla iki ölkə arasında normallaşma prosesinin ləngiməsinə şərait yaradır. Ona görə də missiyanın fəaliyyəti daha çox müdaxiləyə bənzəyir.

Son günlər Azərbaycan hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində ermənilərə silah daşıyan avtomobilin içərisindəki qanunsuz hərbçilərin zərərsizləşdirilməsi faktı da bunu təsdiqləyir.

Azərbaycan ənənəvi Novruz bayramını qeyd edir. Ölkə əhalisi üçün əhəmiyyətli bir gündə yuxarıda qeyd etdiyimiz təxribatların törədilməsinin bütün mənada məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Heç şübhəsiz, onların bu pozuculuq əməlinə Aİ-nin müşahidə missiyası da şərikdir. Rəsmi Bakı bu missiyanın İrəvanın pozuculuq və təxribatçı əməllərinə sponsorluq edəcəyini əvvəlcədən açıqlamışdı. Çünki Ermənistan belə vasitəçilər və müşahidəçilərin qoltuğu altında gizlənərək Azərbaycana qarşı fəaliyyət göstərməyə adət edib. Odur ki, Avropa missiyası Volski komitəsini bir daha yada salır. Deməli, kommunist, sovet diktaturasını təmsil edən Volski komitəsinin demokrat və humanist kimi təqdim olunan Avropa İttifaqı missiyasından heç bir fərqi yoxdur...

Mənbə: report.az