Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti dəfə atəşkəs pozulub. Belə ki, martın 20-si gecə 02:50 radələrində Ermənistan silahlı birləşmələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən postlarını atəşə tutub. Təxribat nəticəsində ordumuzun hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu yaralanıb. Sözsüz ki, bu təxribat Ermənistanın növbəti məkrli siyasətinin təcəssümüdür. Digər tərəfdən, xatırlatmaq yerinə düşər ki, Avropa İttifaqının yeni monitorinq missiyası artıq Ermənistandadır. Maraqlısı da bundadır ki, Aİ-nin aktivləşən vasitəçilik təşəbbüsləri Cənubi Qafqaza sülh gətirmək yerinə, ermənipərəst qüvvələrin təcavüz xarakterli oyunlarına lal və kar mövqe sərgiləyir. Avropa İttifaqının Ermənistanda dırnaqarası “müşahidə aparan” mülki missiyasının gözü qarşısında rəsmi İrəvanın sülhə təhlükə yaradan əməllərini davam etdirməsi, başqa sözlə desək, missiya üzvlərinin fəaliyyətsizliyindən və dolayısıyla erməni terrorçularına dəstəyindən xəbər verir.
Ermənistanın öz ərazisindən Sərhəd Qoşunlarının Zəngilan rayonu istiqamətindəki mövqelərini atəşə tutması məqsədyönlü hərbi təcavüz aktı hesab edilir. İlk növbədə ona görə ki, Qarabağa “Böyük köç” məhz Zəngilandan başladı. Bu mənada, Böyük Qayıdış prosesinin başlandığı ərazidəki mövqelərimizin hədəfə alınması heç də təsadüfi deyil.
Məlumat üçün deyə ki, əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır. Dövlət Sərhəd Xidməti sözügedən təxribatın törədilməsində məsuliyyətin tam şəkildə Ermənistan tərəfinin üzərinə düşdüyünü bildirir və regionda sülhə əngəl yaradan əməllərdən çəkinməyə səsləyir.
REAL