"Ararat Mirzoyanın iddiaları Ermənistanın siyasi rəhbərliyinin simasız və ikiüzlü olduğunu göstərir"

"Ararat Mirzoyanın iddiaları Ermənistanın siyasi rəhbərliyinin simasız və ikiüzlü olduğunu göstərir" <span class="qirmizi"></span>

“Azərbaycanı üçtərəfli razılaşmanın bəndlərini pozmaqdan ittiham edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir daha bu ölkənin siyasi rəhbərliyinin necə simasız və ikiüzlü olduğunu göstərdi”.

Bunu “Report”a açıqlamasında “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan təkcə Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda əldə edilən razılaşmalara qarşı çıxmır, sərhəddə atəşkəsi tez-tez pozur, təxribatlar törədir:

“Ermənistan baş naziri Nikol Paşinyanın birbaşa göstərişi ilə iki ölkə sərhədinin bütün istiqamətlərində müntəzəm olaraq bu ölkənin ordusu tərəfindən Azərbaycan Ordusunun mövqelərinə atəş açıldığını müşahidə edirik. Ordusunun heç bir perespektivi olmayan ölkə bunu edirsə, deməli bunu etməkdə başqa məqsədi var. Görünür Avropa İttifaqı missiyasının bölgəyə gəlməsindən sonra ermənilər arxayınlaşaraq Qərbin müəyyən dairələri ilə Azərbaycan Ordusunu təxribatlara cəlb edib, bununla da ölkəmiz əleyhinə bəyanatların səsləndirilməsinə, qərarların qəbul edilməsinə nail olmağa çalışırlar. Əgər Qərblə Paşinyan arasında belə razılıq varsa, onlar başa düşməlidirlər ki, beynəlxalq hüquqa əsasən Azərbaycan Ordusu dövlət sərhədlərinin təhlükəsizliyini qorumaq üçün Ermənistanın daxilində də istənilən əməliyyatı həyata keçirə bilərlər”.

“Paşinyan düşünməsin ki, Qərbin xüsusi missiyasının Zəngəzurda dayanması Azərbaycan Ordusunu çəkindirəcək. Ermənistan tərəfinin təxribatçı əməllərinə qarşı görüləcək bütün adekvat tədbirlərin məsuliyyəti Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür. Bütün bunların fonunda Ermənistan XİN başçısı Ararat Mirzoyanın bəyanatları, onun Laçın yolunun bağlı olduğunu deməsi və azərbaycanlıların etnik təmizləmələrə hazırlaşması ilə əlaqədar səsləndirdiyi fikirlər cəfəngiyatdan başqa bir şey deyil” -, Z.Məmmədov qeyd edib.

Ekspertin fikrincə, Ermənistan ona görə narahatdır ki, Laçın yolu vasitəsi ilə Xankəndinə və ətraf rayonlara silah-sursat, hərbi texnika daşıya bilmirlər:

“Buna baxmayaraq bu cür təxribatçı addımlar üçün alternativ yoldan istifadə edirlər ki, Azərbaycan məsələ ilə əlaqədar foto-video faktları dünya ictimaiyyətinin nəzərinə çatdırıb”.

“Qərbdəki platformalarda Azərbaycan Prezidentinə, XİN başçısına sözlər verən Ermənistan tərəfi həmin görüşlərdən dərhal sonra iç üzlərini açaraq riyakarlıqla sözlərinin arxasından qaçmağı üstün tuturlar. Sözügedən bəyanatın bəndlərini pozan məhz Ermənistandır və hələ də öz öhdəliklərini yerinə yetirmir”-, siyasi şərhçi əlavə edib.

Z.Məmmədov vurğulayıb ki, Ararat Mirzoyan və digər erməni siyasilər Ermənistan məğlub tərəf olduğunu unutmasınlar:

“Məğlub tərəfin isə çiyinlərinə daha ağır yüklər düşməlidir. Azərbaycan iki il ərzində səbir nümayiş etdirirsə, o demək deyil ki, bu, hər zaman belə olacaq. Yaxşı olar ki, Ermənistan 44 günlük müharibədəki ağır məğlubiyyətindən dərs çıxarsın”.

Mənbə: report.az