Ermənistanla sülhə mane olan iki səbəb... - Komitə sədri açıqladı

Ermənistanla sülhə mane olan iki səbəb... - Komitə sədri açıqladı<span class="qirmizi"></span>

Ermənistan son dövrlər daha çox təxribat xarakterli bəyanatlar səsləndirir. Ola bilsin ki, erməni tərəfi kimlərəsə arxalanaraq bu cür ritorikadan çıxış edir. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması getdikcə uzanır.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri hesab edir ki, Avropa İttifaqının Ermənistan ərazisinə gətirilmiş “missiyası” heç də təsadüfi deyil:

“Məqsəd erməni tərəfinin törətmiş olduğu hər hansı bir təxribatı Azərbaycanın üzərinə atmaqdan ibarətdir. Əslində erməni tərəfi bununla iki məsələyə nail olmaq istəyir. İlk növbədə guya Azərbaycanının Ermənistanla şərti sərhəddə hansısa bir təxribat törətməsi faktını qabartmaq niyyəti var. Məhz bu absurd iddialar müstəvisində Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünsüzlyünü gündəmə gətirməyə çalışılır. Sözsüz ki, bütün bunlar düşünülmüş oyunlardır”.

Millət vəkilinə görə. Ermənistanın bu cəhdlərinin heç bir əhəmiyyəti yoxdur:

“Azərbaycan Prezidenti işğaldan azad edilmiş Tərtər rayonunun Talış kəndində Novruz bayramı ilə bağlı xalqa müraciətində bir daha bəyan etdi ki, biz bu ərazilərdə əbədi yaşayacayıq. Çünki dövlət başçısı işğaldan azad edilmiş ərazilərə gedərkən məhz bu amili xüsusilə vurğulayır. Bu əslində Ermənistana verilən xüsusi bir mesajdır ki, Azərbaycan xalqı öz torpaqlarında əbədi, rahat, xoşbəxt, təhlükəsiz yaşamaq üçün geri dönüb”.

Ziyafət Əsgərovun fikrincə, Ermənistanda revanşist qüvvələri yenidən həvəsləndirənlər var:

“Amma erməni tərəfi unutmasın ki, Nikol Paşinyan Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndiki halda onların yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi heç bir məntiqə sıxmır. Bu, Azərbaycana tam əsas verir ki, Ermənistanın ərazi bütövlüyünü qəti şəkildə tanımaqdan imtina etsin. Sözsüz ki, bu zərurət ortaya çıxdığı halda Azərbaycanın Şərqi Zəngəzur bölgəsi ilə yanaşı Qərbi Zəngəzur amilinin də gündəmə gəlməsi labüddür. Əslində Azərbaycanın tarixi sərhədləri İrəvandan da o tərəfə qədər gedib çıxır. Əgər sərhədlə bağlı delimitasiya, demarkasiya aparılırmırsa, qarşı tərəf bizim ərazi bütövlüyümüzü tanımırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır və istədiyi yerdə də öz sərhədlərini müəyyənləşdirmək imkanlarını dəyərləndirəcək. Ona görə də, erməni tərəfi bu yanaşmalardan dərs çıxarmalıdır”.

Mənbə: teleqraf.com