"Bu zaman “dərin dövlət” Putini bir xərçəng şişi kimi cərrahi üsulla götürüb, kənara atacaq..."
İqor Girkin (Strelkov) prezident Putini təhqir edib.
Putini “tryapka” adlandıran İ.Girkin ona “kəs səsini”, “yum ağzını” kimi sərt sözlərlə xitab edib.
Rusiyada yaşayan İ.Girkin zahirən ölkədə hər şeyi və hər kəsi özünə tabe etdirmiş kimi görünən qəddar diktator haqqında rahatlıqla bu sözləri deyə bilirsə, deməli, nəyəsə (kiməsə) güvənir. FSB-nin keçmiş zabiti olduğunu nəzərə alsaq, onun məhz bu güc strukturu tərəfindən himayə olunduğu və yönləndirildiyi qənaətinə gəlmək olar.
Ölkədə hər nə qədər başında Putinin durduğu sərt, mərkəzləşdirilmiş idarəçilik vertikalı mövcud olsa da, Rusiya Federasiyası bir nəfərin şəxsi taleyindən asılı olmayacaq qədər nəhəng və önəmli bir dövlətdir. Bu dövlətin korrupsiya və digər səbəblərdən deqradasiyaya məruz qalsa belə, köklü dövlət qurumları var. FSB də bu qurumlardan biridir və ölkə daxilindəki ən güclü təhlükəsizlik strukturudur. Putini bu qurumlar gətirdi, onlar da aparacaq.
Putin artıq Rusiya dövləti üçün ağır bir yükə çevrilməkdədir. Son olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı və Rusiyanın BRİKS çərçivəsindəki önəmli tərəfdaşı olan Cənubi Afrika Respubikası hökumətinin Putinə avqustdakı zirvə toplantısına gəlməməsi yönündəki mesajı gözardı edilməyəcək dərəcədə ciddi hadisədir. Rusiya bu yükü daşıya bilməyəcək duruma gəldikdə, “dərin dövlət” Putini bir xərçəng şişi kimi cərrahi üsulla götürüb, kənara atacaq.
Bu baxımdan Girkin kimi adamların bu cür çıxışlarının spontan xarakterli deyil, Putinin ölkə içərisindəki xarizmasını cızmağa, onu ictimai rəydə gözdən salmağa yönəlmiş xüsusi xidmət əməliyyatı olması istisna deyil.