Qarabağda müharibə bitməyib, dayandırılıb...

Qarabağda müharibə bitməyib, dayandırılıb...<span class="qirmizi"></span>

Qarabağda müharibə bitməyib, dayandırılıb...

Qarabağın azad edilməsi uğrunda başlanan müharibə 44-cü günündə-2020-ci ilin 10 noyabrında dayandırıldı. Bəli, müharibə bitmədi, dayandırıldı və bu dayanma Azərbaycanın təşəbbüsü, istəyi ilə olmadı. Ona görə savaşın 44-cü günündə müharibə “bitmədi”, məhz “dayandırıldı” demək, daha doğrudur və bu günün də reallığına uyğundur. Məhz bu məntiqlə də, “bütün müharibələrin sonu sülhlə yekunlaşır” klassik deyimi, 44 günlük müharibə üçün hələlik keçərli deyil, çünki sülh müqaviləsi yoxdur, ümumiyyətlə tərəflər arasında sülh yoxdur. Sülh olmadığına görə də “müharibə bitdi” yox, “müharibə dayandırıldı”, reallığı əks etdirir. Həmin gün imzalanan üçtərəfli razılaşma Ermənistan Respublikasının geri çəkilməsi hesab edilə bilər, amma yenə də sülh deyil, çünki müharibənin bitməsinə mane olan, yəni onu dayandıran Rusiya, Azərbaycana ərazi bütövlüyünü tam həyata keçirməyə imkan vermədi, bu gün də vermir. Müharibənin dayandırılmasından keçən 2 il dörd aydan çox müddətdə məğlub tərəf revanş götürmək məqsədilə silahlanır, Qarabağda yeni hərbi istehkamlar yaradır, havadarları-İran, Rusiya, Fransa tərəfindən hərbi-siyasi, bəzi Qərb ölkələrindən də diplomatik dəstək alır, sülh təkliflərini qəbul etmir. Deməli, dayandırılmış müharibənin yenidən davamı gözləniləndi. Təəccüblüsü odur ki, müharibəyə hazırlaşanlar “münaqişənin hərb yolu istisnadır” bəyanatlarını verir və bundan məhz bizə təzyiq vasitəsi kimi istifadə edirlər. 26 il ərzində Minsk Qrupu da, işğal etdiyi torpaqlarda rahatlanan Ermənistan da belə deyib problemi həll etmədilər, amma 44 günlük müharibə ilə çox şey həll oldu. Maraqlıdır ki, hərbi yol istisnadır deyən Rusiya da, Qərb də Ukraynada müharibəni öz maraqları naminə davam etdirirlər, amma bizə “istisnadır” bəyanatlarını ünvanlayırlar.

 

Üç aydan sonra Moskvaya səfər edən Ararat Mirzoyan geri qayıdandan sonra, Smolensk meydanından aldığı gücdən ruhlanaraq, dünən Ermənistan XİN-in kəskin bəyanatını yayıb. Bəyanatda “ Artsax xalqının öz müqəddəratını təyin etməsi onun tam haqqıdır.. və öz müqəddəratını təyinetmə hüququnun inkarı və zorla boğulması, habelə münaqişənin həlli vasitəsi kimi danışıqlardan imtina edilməsi ( guya ki, bütün bu sadalananları Azərbaycan edir-red), xalqın müstəqil dövlət qurmaq hüququnun tanınması üçün əsasdır”- deyilənlərlə, dünənə qədər Paşinyanın vurğuladığı : “ ..beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağın statusu məsələsində plankanızı bir az endirin.., əks halda, bizə ümid bəsləməyin - ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik", - fikirləri arasında fərq nədən qaynaqlandı? Zaman keçdikcə düşmən iddiasını yenidən ortaya qoyur və Rusiyanın tormozladığı sülh, onu ruhlandırır. İlk baxışdan bu gün Ermənistanla Rusiya arasında münasibətlərin gərgin olduğu təəssüratı yarana bilər, amma bu dərinə işləməyən gərginlikdir. Ermənistanın Qərbə meyillənməsi Rusiyaya təzyiq vasitəsidir. Rusiya da “günahkar” kimi “günahını” yuyur və Ermənistandan Laçın yolu vasitəsilə separatçılara silah-sursat, humanitar yardım, ərzaq və sairə daşımaqla məşğuldur. Rusiya hərbi kontingenti Laçın yolunda tam formal nəzarət funksiyasını həyata keçirir. Dinc etiraz aksiyasının onlara mane olmadığı Xəlfəli-Turşsu yolu ilə daşınan hərbi yüklərin müşayət olunması kadrları ilə sübut olundu.

 

Ermənistanla sülh müqaviləsi nə üçün lazımdır? Bu işin Qarabağ probleminə təsiri nədir? Tutaq ki, sabah Ermənistanla sülh müqaviləsi imzalandı, Qarabağdakı separatçı rejim və onu qoruyan Rusiya Xankəndini bizə təhvil verəcək? Son iki gündə Ermənistan rəsmilərinin açıqlamaları yalnız Qarabağla əlaqədardır. Onları delimitasiya, demarkasiya işləri, anklav kəndlərin problemi maraqlandırmır, yalnız Qarabağ ermənilərinin müstəqilliyi barədə bəyanatlar səsləndirirlər. Guya vəzifədən çıxarılan Vardanyan fəaliyyətini dayandırıb? Bu gün FB səhifəsində “Azərbaycanın uğursuz Qarabağ siyasəti” barədə geniş paylaşım edib. Vardanyan 100 günlük “blokadanı” qəhrəmancasına dəf etdiklərini və Artsax məsələsinin Azərbaycanın daxili problemi olmadığının sübut edildiyini paylaşıb. Qarabağ separatçıları Rusiyanın dəstəyilə o qədər fəallaşıblar ki, hətta qondarma rejimin keçmiş xarici işlər naziri Masis Mailyan “nikbinliyə böyük əsaslarımız var” deyə bilir.

 

Biz Ermənistanla sərhədimizi və harada dayandığımızı bilirik. Ermənistan öz problemi ilə deyil, bizim daxili işimizlə -Qarabağla məşğuldur. Deməli, biz də bütün siyasi, hərbi fəaliyyətimizi Qarabağa istiqamətləndirməliyik. Ermənistanla 31 oktyabr 2022-ci ildən sonra rəsmi danışıqlarımızı dayandırmışıq, amma daxili işimiz olan Qarabağa hələ real təsir edəcək siyasətə nail olmamışıq. Xankəndi və Ermənistan arasında alternativ yolun olduğunu və bu yoldan hərtərəfli istifadə edildiyini video materiallarla sübut etdikdən sonra Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qoyulmasını bu qədər ləngitmək olmaz. Ermənistan silahlı qüvvələrin Qarabağdan çıxarılmasını sözlə yox, əməldə həll etmək artıq zərurətdir. Biz nə qədər sərt bəyanatlar versək belə qarşı tərəflərə təsir etməyəcək, necə ki, bu günə kimi təsir etməyib. Biz hərəkət etməliyik, düşməni fakt qarşısında qoymalıyıq. Müharibə bitməyib, dayandırılıb.

 

İlham İsmayıl

Mənbə: moderator.az