Paşinyanın "Araik planı" ortaya çıxdı: Əliyevin hədəfi İrəvanı qorxuya salıb

Paşinyanın "Araik planı" ortaya çıxdı: Əliyevin hədəfi İrəvanı qorxuya salıb<span class="qirmizi"></span>

Azərbaycanla kəskin hərbi gərginlik sülh prosesindən yayınıb, vaxt qazanmaq və savaş olacağı təqdirdəsə, rəsmi Bakı ilə anlaşmanın şərtlərini Ermənistan cəmiyyətinə qəbul etdirmək baxımından, iki paralel variant üzrə Paşinyan hakimiyyətinə sərfəlidir... Ancaq Azərbaycan ordusunun növbəti hərbi zəfərindən sonra rəsmi Bakı Ermənistanla sülh sazişinə ümumiyyətlə, həvəs göstərməyə də bilər, bu isə Paşinyan hakimiyyətinin nəzərə almadığı, halbuki reallaşa biləcəyi daha inandırıcı görünən üçüncü variantdır...

Cənubi Qafqazda və ümumiyyətlə, region ətrafında hərbi-siyasi proseslər son həddə qədər gərginləşib. Belə maksimal gərginləşmənin yaranmasında heç şübhəsiz ki, regiondan kənar faktorların da birbaşa təsiri olmamış deyil. Xüsusilə də, Rusiya və Fransa sülh prosesinin pozulmasında əsas sifarişçi rolunda çıxış edir. Və Avropa Birliyinin mülki missiyasının Ermənistan üzərindən regiona yerləşdirilməsi də Cənubi Qafqazda neqativ istiqamətləri aktivləşdirib.

Ermənistan bu xarici faktorların neqativ təsirindən sui-istifadə edərək, hərbi-siyasi təxribatlar törədir. Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə Azərbaycanın Qarabağ regionuna hərbi yüklər daşıyır. Rəsmi İrəvan atəşkəsi davamlı olaraq, pozur. Və hətta Ermənistan rəsmiləri hər imkanda Qarabağ regionuna yönəlik avantürist açıqlamalarla Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.

Təbii ki, belə vəziyyətdə sülh prosesinin effektiv inkişafı barədə danışmaq yersizdir. Əksinə, hazırda rəsmi İrəvanın davranışları Cənubi Qafqazda hərbi əməliyyatlarının bərpa edilə biləcəyi ilə bağlı ehtimalları aktuallaşdırır. Və Rusiyanın da bu ehtimalların reallaşmasında maraqlı olması savaş təhlükəsini artırır.

Məsələnin maraqlı tərəfi odur ki, rəsmi İrəvan da yeni savaşın hər an başlaya biləcəyini anlayır. Ancaq bu savaşda növbəti dəfə biabırçı məğlubiyyətə məhkum olduğunu da tam dəqiqliyi ilə bilir. Çünki son savaşda darmadağın edilmiş Ermənistan ordusunu yenidən qurmağa çalışsalar da, buna nail ola bilməyiblər. Yəni, Ermənistanın yeni müharibə üçün hərbi resursları mövcud deyil. Və üstünlük, rəsmi İrəvan Azərbaycan ordusu hərəkətə gətiriləcəyi təqdirdə, Ermənistanın xarici himayədarlarının ona dəstək verəcəyinə ciddi şübhə edir.

Ona görə də, rəsmi İrəvan bir tərəfdən sülh prosesini pozub, vaxt qazanmaq üçün hərbi-siyasi təxribatlar törədir. Digər tərəfdən isə Cənubi Qafqazda maraqları olan beynəlxalq güc mərkəzlərinə şikayətlənib, Azərbaycana hərbi addımlardan imtina etməsi üçün təzyiq göstərilməsini xahiş edir. Və bunun nə qədər təhlükəli avantürist taktika olduğu rəsmi İrəvanın narahatlığından da sezilir.

Baş nazir Nikol Paşinyan hesab edir ki, gərginlik təhlükəli həddə çatıb hərbi toqquşmalar hər an reallaşa bilər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya göndərilməsi, buna paralel olaraq, baş nazir Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinkenə telefonla zəng etməsi Azərbaycanın mümkün hərbi zərbələrindən sığortalanmaq məqsədi güdür.

Ancaq ABŞ dövlət katibi Entoni Blinken erməni baş nazirin xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etsə də, Ermənistanın törətdiyi ardıcıl təxribatların cəzasız qalacağına təminat yoxdur. Çünki Azərbaycan lideri ABŞ dövlət katibinə rəsmi İrəvanın hərbi təxribatlarla sülh prosesini pozduğunu, regionda vəziyyəti gərginləşdirməyə çalışdığını arqumentlərlə çatdırıb. Və rəsmi İrəvanın davranışlarına cavab reaksiyasının olmayacağına təminat verməyib.

Təbii ki, Ağ Evdə Cənubi Qafqazda yaranmış vəziyyətdən ciddi şəkildə narahatdırlar. Çünki vəziyyətin gərginləşməsi və hərbi əməliyyatların bərpası Rusiyanın regional maraqlarına tamamilə cavab verir. Ona görə də, ABŞ rəsmi dairələri Azərbaycan və Ermənistanı ikitərəfli, Rusiyanın iştirakı olmadan birbaşa təmaslarla mövcud problemlərin həllinə çağırır. Və mövcud hərbi gərginliyin azaldılmasına yönəlik addımların atılmasının vacibliyini vurğulayırlar.

Halbuki ABŞ rəsmisi dairələrinin gərginliyin azaldılması ilə bağlı çağırışlarının müsbət nəticə verməsi Azərbaycandan daha çox Ermənistanın atacağı addımlardan birbaşa asılıdır. Çünki regionda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması əsas faktordur. Yəni, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və hərbi-siyasi qarşıdurmanı normal qonşuluq prinsipləri çərçivəsində iqtisadi-ticari əməkdaşlıqla əvəzləməlidir. Və indiki situasiyada bu, Azərbaycandan daha çox elə Ermənistanın özünə lazımdır.

Əslində, rəsmi İrəvan vaxtaşırı bu istiqamətdə müəyyən açıqlamalar da verir. Belə ki, baş nazir Nikol Paşinyan Ermənistanın Praqa anlaşması ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə təsdiqləyib. Buna paralel olaraq, erməni baş nazir siyasi fantaziyalarının təsiri altında Azərbaycanı Ermənistana qarşı ərazi iddialarında suçlamağı da unutmayıb.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin səhnəarxası davranışları barədə Ermənistan mətbuatında vaxtaşırı müəyyən məlumatlar yayılmaqdadır. Belə ki, bir müddət öncə "Hraparak" nəşrində və Ermənistanın digər müxalif mediasında gizli mənbələrə istinadən baş nazir Nikol Paşinyanın erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanla telefon danışığının məzmunu barədə iddialar gündəmə gətirilmişdi. Və bu, Ermənistan cəmiyyətində şok effekti yaratmışdı.

Məsələ ondadır ki, həmin iddialarda baş nazir Nikol Paşinyanın Araik Arutyunyana Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının alternativsiz variant olduğunu dediyi vurğulanırdı. Ermənistan baş naziri bundan sonra rəsmi İrəvanın erməni separatçı-terrorçulara yalnız maliyyə dəstəyi verə biləcəyini də deyib. Və bundan artıq nəsə etmək mümkün olmadığından Xankəndidəki ermənilərin Azərbaycan ilə anlaşmasının vacibliyini qabartdıb.

Ancaq Ermənistan mətbuatı Araik Arutyunyanın Paşinyan hakimiyyətinin bu mövqeyi ilə razılaşmayaraq, Rusiyadan təlimat gözlədiyini də vurğulayırdı. İndisə bildirilir ki, erməni baş nazirlə danışdıqdan sonra proseslərdən kənara çəkilmək niyyətində olan A.Arutyunyan məhz Kremlin istəyi ilə "siyasi səhnə"də qalmaqda davam edir. Bir müddət öncə A.Arutyunyanın "Dağlıq Qarabağ"ın Azərbaycana inteqrasiyasına tərəfdar olan ermənilərin bu mövqeyini açıq ifadə etməsinin vacibliyini vurğulaması da səhnə arxasında baş verənlərə eyham sayıla bilər.

Digər tərəfdən, Ermənistan mətbuatında müdafiə naziri Suren Papikyanın qurumdaxili yazışmalarda "Artsax respublikası" yox, "Dağlıq Qarabağ" ifadəsindən istifadə edilməsi barədə təlimat verməsinə dair iddialar da maraq doğurur. Üstəlik, hakim partiyanın Ermənistan parlamentində müxalifətçi həmkarlarına "Dağlıq Qarabağ" mövzusunda hər hansı sənədin müzakirəsinə imkan verməməsi də diqqəti çəkir. Və bütün bunlar Ermənistan siyasi dairələrində kəskin ziddiyyətlərin olduğunu göstərir.

Bəzi erməni politoloqlar hesab edirlər ki, Paşinyan hakimiyyəti ikibaşlı oyunlar oynamağa çalışır. Onların fikrincə, Azərbaycanla kəskin hərbi gərginlik iki variant üzrə Paşinyan hakimiyyətinə sərfəlidir. Birinci variant ondan ibarətdir ki, rəsmi İrəvan bu gərginlik sayəsində yekun sülh sazişinin imzalanmasından yayına bilir. Bu, Ermənistana daha uyğun situasiyanın yaranmasına qədər zaman qazandırır.

İkinci varianta gəldikdəsə, bu, daha çox Azərbaycanın səbrindən asılıdır. Belə əgər, rəsmi Bakı savaşa başlayıb, Ermənistanı növbəti dəfə biabırçı hərbi məğlubiyyətə düçar edərsə, bu dəfə Paşinyan hakimiyyəti Azərbaycanın bütün şərtlərini yerinə yetirmək üçün arqumentlər qazanacaq. Yəni, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə təlqin edəcək ki, Azərbaycana müqavimət gücü olmadığından rəsmi Bakı ilə anlaşmaq məcburiyyətində qalıb.

Göründüyü kimi, Ermənistan siyasi dairələri kəskin ziddiyyətlər içərisindədir. Paşinyan hakimiyyəti olduqca təhlükəli taktika seçərək, Ermənistanın mövcudluğunu riskə atır. Çünki Azərbaycan ordusunun növbəti hərbi zəfərindən sonra rəsmi Bakı qarşı tərəflə ümumiyyətlə, sülh sazişinə həvəs göstərməyə də bilər. Və bu, Paşinyan hakimiyyətinin nəzərə almadığı, reallaşa biləcəyi daha inandırıcı görünən üçüncü variantdır.(müsavat.com)

Mənbə: moderator.az