Xankəndidə “müsəlman ruhani” peyda oldu

Xankəndidə “müsəlman ruhani” peyda oldu<span class="qirmizi"></span>

Ermənistan hakimiyyətinə sərt mövqeyi ilə tanınan, hər yazılarında Paşinyanı xəyanətdə günahlandıran Rusiya ermənilərinin Yekramas.org saytı guya Qarabağda yaşayan “müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinin” Xankəndidə “dəyirmi masa” keçirdikləri haqda xəbər yayıb. Xəbərdən məlum olur ki, “tədbiri” Xankəndidəki qondarma “rus icması”na rəhbərlik edən Aleksandr Bordov təşkil edib.

Bordov 2021-ci ilin iyununda Azərbaycan torpaqlarındakı saxta “rus icması”nın rəhbəri təyin edilib. A.Bordov Bakıda anadan olmuş ermənidir. O, Rusiya FTX-nin akademiyasını bitirib. A.Bordov həmçinin “Dağlıq Qarabağın rus dünyası” üzdəniraq “mədəni-maarif” layihəsinin, başqa sözlə, Azərbaycan üçün “Donbas ssenarisi”nin müəllifidir. Rusiya FTX-sinin agentinin “rus icması” adı altında fəaliyyət göstərən rəhbərinin adı bölgədə hər gərginlik yarandıqda ortaya atılır. Bu “tədbir” də məhz bu cür qiymətləndirilməlidir.

“Dəyirmi masa”da “dinlərarası əlaqələrin möhkəmləndirilməsində göstərdikləri səylərə görə” Bordova təşəkkür edilib. Əlbəttə ki, əsas diqqət “Laçın yolunun blokadası”na və “humanitar böhrana” yönəlib. İndi ən “maraqlı” məqama gələk. Yekramas.org saytı yazır ki, tədbirdə “İslam din xadimlərinin nümayəndəsi” Umaxan Saigitov da iştirak edib. “Hazırkı son dərəcə çətin vəziyyətdə mənəvi səviyyədə ünsiyyətimiz xüsusilə dəyərlidir. Təbii ki, qarşıda hələ çox şey var. Ötən ilin martında dinc əhali istilik olmadığından çətinlik yaşayıb, bu gün yol bağlanıb. Bu hallar tibb müəssisələrinin, uşaq bağçalarının, məktəblərin işini çətinləşdirir. Yemək problemi də var. Rusiya sülhməramlı kontingenti əhalini humanitar yardımla təmin etmək üçün səylər göstərir. Bütün bu çətinlikləri sadə insanların yaşamasına ürəkdən təəssüflənirəm. Biz müsəlmanlar ümumbəşəri dəyərlərimiz naminə – ədalət naminə həm Qarabağ torpağında, həm də dünyanın bu gün qan tökülən digər bölgələrində sülh və firavanlıq üçün Uca Yaradana dua edirik” deyə, Saigitovdan sitat gətirilib.

Xüsusilə Rus Pravoslav Kilsəsinin keşişi Dmitri Romanyuk isə deyib ki, “müxtəlif dinlərə və konfessiyalara mənsub olmağımıza baxmayaraq, biz bir-birimizi mükəmməl başa düşürük və dinc yanaşı yaşamaq üçün nə etməli olduğumuzu aydın şəkildə dərk edirik. Sülh üçün Tanrıya daha çox dua etməliyik. Əminəm ki, bu cür görüşlər müasir dünyada çox vacib olan dinlərarası əlaqələrin inkişafına töhfə verəcək”.

Erməni Apostol Kilsəsinin “artsax yeparxiyasının” ruhanisi Mesrop Mkrtçyan da “sülhdən” danışıb:

“Allah birdir! Ermənilərin ənənəvi İslamla heç bir problemi olmayıb və yoxdur. Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır.”

Aleksandr Bordov sonda vəd edib ki, “müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinin iştirakı ilə bu cür tədbirlər müntəzəm xarakter daşıyacaq”.

Yalnız onu deyək ki, “İslamla düşmənçiliyimiz yoxdur” deyənlər işğal etdikləri Azərbaycan torpaqlarında 800-dək məscid dağıdıblar.(müsavat.com)

Mənbə: moderator.az