Müharibədən bir il sonra: Fransanın tikinti supermarketlər şəbəkəsi Rusiyadan gedir
"Ukraynaya hərbi müdaxilədən sonra mindən artıq xarici şirkət Rusiyanı tərk edib..."
"Mənzil-qərargahı Aİ və G7 ölkələrində yerləşən firmaların çoxu Rusiyada işləməkdə davam edir..."
Fransanın "Lerua Merlen" tikinti və təmir üçün mağazalar şəbəkəsinin səhmdarı Rusiyadan getdiyini elan edib.
Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, şəbəkə yerli menecmentə veriləcək. Belə sövdələşmə 45 min əməkdaşın iş yerlərini saxlamağa və şirkətin fəaliyyətinin əhalinin maraqları naminə davam etməsini təmin etməyə imkan verəcək.
"Lerua Merlen"nin sahibi xatırladıb ki, Rusiyada 18 ildən artıq bizneslə məşğul olub, lakin Ukraynada müharibə başlanandan sonra yeni investisiyaları dayandırmaq və yerli əməliyyatları tədricən müstəqil etməyə qərar verib.
"Lerua Merlen" şəbəkəsi Rusiyanın 62 şəhərində 100-dən artıq hipermarketdən ibarətdir.
Rusiyanın Ukraynaya hərbi müdaxilə etdiyi 24 fevral 2022-ci ildən sonra
mindən artıq xarici şirkət Rusiyanı tərk edib. Onların arasında "Maykrosoft", "Neftliks", "Makdonalds", "Conson və Conson" və bir çox başqaları var.
Lakin mənzil-qərargahları Avropa İttifaqı və "Böyük yeddilik" ölkələrində yerləşən firmaların çoxu Rusiyada işləməkdə davam edir.
Bu barədə hələ yanvar ayında İsveçrənin Sankt-Qallen Universitetinin iqtisadçıları yazıb. Alimlərin gəldiyi nəticələr "Qərb firmalarının Rusiya bazarlarından geniş surətdə getməsi barədə narrativi şübhə altına alır".
Tədqiqatçıların məlumatlarına görə, Amerikadan gedən şirkətlərin sayı Avropa İttifaqı ölkələri və Yaponiyadan gedən şirkərlərin sayından çoxdur. Rusiyanı 18 faiz amerikan firmaları, 15 faiz yapon və 8, 3 faiz Avropa İttifaqı ölkələrinin şirkətləri tərk edib.
Qeyd etmək lazımdır ki, bu yaxınlarda Ukrayna hakimiyyəti Fransanın Rusiyada işləməyi çox xoşlayan "Auchan" mağazalar şəbəkəsini "müharibənin beynəlxalq sponsorları" siyahısına salıb.
Analoji qərar həm də Avstriyanın "Raiffeisen Bank İnternational" bank qrupu ilə bağlı qəbul edilib.