Ukrayna prezidenti Vladimir Zelenski bir növ azadlıq və mətanət simvoluna çevrilib və buna görə də onun bütün dünyada pərəstişkarlar qazanması heç də təəccüblü deyil. Yaponiyada birdən-birə Ukrayna prezidenti Vladimir Zelenski ilə maksimum oxşarlıq əldə etməyə çalışan tələbə aşkarlanıb. O, buna bir neçə ay saqqalını qırxmamaqla nail olub.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə informasiyanı Beynəlxalq Tədqiqatlar Universitetinin müəllimi Cefri Holl bölüşüb. O, bu məlumatı "Tvitter" sosial şəbəkəsindəki hesabında paylaşıb.
Ukrayna lideri ilə oxşarlığa nail olan tələbə Kioto Universitetinin məzunu olub.
"Kioto Universitetinin hazırkı buraxılış mərasimində bir məzun Ukrayna prezidenti Vladimir Zelenski kimi geyinib. Onun saqqalını uzatması üç ay çəkib”, - deyə Holl "tvit"ində yazıb.
Mesaja əlavə edilən fotoda Zelenskinin obrazına mümkün qədər yaxınlaşmaq üçün üzündə xüsusi formada saqqal kəsdirən gənci görə bilərsiniz. Həm də oğlan xaki kapüşonunun köməyi ilə özü üçün hərbi obraz da yaradıb və onun üzərinə Ukraynanın gerbinin emblemini taxıb. Əlbəttə ki, qalan elementlərdə oxşarlıq minimaldır. Lakin cəhdin özü kifayət qədər yaxşıdır və bu da öz növbəsində yaponlar tərəfindən ukraynalılara dəstəyi nümayiş etdirir.
Ukrayna mediası yazır ki, gənc yapon oğlan qərarını belə izah edib: “Mən Zelenski kimi, onun prezident olaraq dünyanın ən cəsarətli adamı kimi reputasiyasına görə geyindim...”
Videodan görünür ki, Zelenski kimi geyinmiş yaponiyalı məzun ukrayna xalqına dəstək ifadə edən pankart da qaldırıb.