O YOL BİZİM YOLUMUZDUR!... – “Azərbaycanlılar özlərinə lazım olan qədər irəliləyiblər...”

O YOL BİZİM YOLUMUZDUR!... – “Azərbaycanlılar özlərinə lazım olan qədər irəliləyiblər...”<span class="qirmizi"></span>

Belə görünür ki, azərbaycanlı fəalların Şuşa-Laçın yolunda başlatdığı aksiyadan əvvəl də Ermənistan və Qarabağdakı erməni separatçıları həmin yola alternativ torpaq yollarla Qarabağa silah-sursat və şəxsi heyət daşımaqla məşğul olublar. Məlum aksiyalardan sonra isə bu daşımalar üzə çıxıb və onların intensivliyi daha da artıb...

Son bir aydan artıq vaxtda Rusiya “sülhməramlıları” Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti işlərinin intensivləşməsi, bu yollardan qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunması barədə Azərbaycan Müdafiə Nazirliyi və XİN-in çoxsaylı bəyanat və çağırışlarına saymazyana münasibət göztərərək, heç bir reaksiya vermədi. Bu bəyanatlara məhəl qoymadı. Əksinə, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin təminatının miqyasını daha da böyütdü və görünür, Azərbaycan tərəfinin etirazlarının bəyanatlardan o tərəfə keçməyəcəyini zənn etdi. Hansı ki, bundan öncə, müharibədən ötən iki il yarım müddətdə dəfələrlə rəsmi Bakı bu cür etiraz bəyanatlarından sonra qəti addımlar ataraq, istər Qarabağda, istərsə də Ermənistanla sərhəddə məlum uğurlu əməliyyatları həyata keçirib. Bu dəfə də belə oldu. Azərbaycan, ən əsası da qansız-qadasız məlum yolları nəzarətə götürdü və indidən sonra nə baş verəcəyindən, hansı razılaşmanın əldə olunacağından, hansı addımın atılacağından asılı olmayaraq, öz iradəsini ortaya qoydu...

Belə görünür ki, Rusiya “sülhməramlıları”nın Azərbaycanın bəyanat və çağırışlarına biganə, saymazyana münasibəti sözügedən yolların keçdiyi ərazinin 10 noyabr sazişinə görə rus hərbi kontingentinin müvəqqəti məsuliyyət zonası kimi tanınması ilə bağlı idi. Yəni, “sülhməramlılar” və onların himayə etdikləri ermənilər düşünürdülər ki, özlərinin riayət etmədikləri, hər addım başı tapdaladıqları, pozduqları bu sazişə Azərbaycan qeyd-şərtsiz əməl etməlidir. Əslində, yenə də bu əməliyyatı həmin sazişin pozulması kimi təqdim etmək doğru deyil və bu, daha çox erməni-rus təbliğatının narrativləridir. Çünki 10 noyabr sazişində “sülhməramlılar”ın məsuliyyət zonasındakı yol kimi yalnız məlum Şuşa-Laçın yolu tanınır. Bu o demək deyil ki, ermənilər məlum 5 kilometrlik zolaqda istədikləri qədər yol tikə və oradan silah-sursat daşıya bilərlər, özü də “sülhməramlılar”ın müşayiəti ilə. Sanki unudulur ki, həmin 5 kilometrlik zolaq da, digər yollar və zolaqlar da Azərbaycanın beynəlxalq birlik, o cümlədən də Rusiya tərəfindən tanınan suveren əraziləridir.

İndi Rusiya tərəfi Azərbaycanı rəsmən 10 noyabr sazişini pozmaqda və onların “məsuliyyət zonasına” girməkdə günahlandırır. Ermənilər də eyni şeyi deyərək, növbəti dəfə şüvən qoparırlar.

Ancaq ona qalsa, 10 noyabr sazişində yazılmayıb ki, rus ordusu Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin silah-sursat, şəxsi heyət, yanacaq və s. təminatının təhlükəsizliyini təmin etməlidir. Nəinki 10 noyabr sazişində, ümumiyyətlə heç bir beynəlxalq sənəddə, qanunda yazılmayıb ki, “sülhməramlı” adını daşıyan kontingent tərəflərin hansısa birinin silah-sursat təminatına xidmət etməli, ona arxa-dayaq olub, gücləndirməli, qarşı tərəfin üstünə qalxmasına şərait yaratmalıdır.

10 noyabr sazişi müqəddəs kitab, onun bəndləri isə Quran ayələri deyil və bunu ilk olaraq “sübut edən” elə erməni tərəfi və Rusiya “sülhməramlıları” oldu. Həmin sazişin bir çox bəndləri göz görə-görə həm Rusiya, həm də Ermənistan tərəfindən dəfələrlə pozulub və pozulmaqda da davam edir. Ümumiyyətlə, bir şeyi anlamaq lazımdır ki, Qarabağda qanunsuz erməni hərbi birləşmələri qaldıqca, tərkisilah və ərazilərimizdən rədd edilmədikcə, heç bir saziş, razılaşma işləməyəcək və işləməli də deyil!

Digər yandan təəssüf ki, Azərbaycan tərəfinin də məlum səbəblərdən imzalamalı olduğu bu saziş dəfələrlə deyildiyi kimi, mükəmməllikdən çox-çox uzaqdır. Orada tərəflərin hər hansı birinin razılığı pozacağı təqdirdə atılmalı olan addımlar, tədbirlərlə bağlı heç bir aydın mexanizm yoxdur. Erməni tərəfi də bundan istifadə edərək, nə Qarabağdakı qoşunlarını çıxarır, nə Zəngəzur dəhlizinin açılmasına şərait yaradır, nə də yurd-yuvalarından 30 il əvvəl didərgin salınmış azərbaycanlıların öz vətənlərinə qayıtmasına imkan verir. Bütün bunlar isə sazişdə yer alıb.

Nəhayət, məlum sənəddə “sülhməramlı”nın özünün sazişə əməl etməyəcəyi (necə ki, etmir-C.M.) təqdirdə ona qarşı atılmalı olan addımların, tədbirlərin heç bir mexanizmi yoxdur. Ona görə də ermənilər kimi, “sülhməramlılar” da bundan istifadə edir. Yəni, azı 5 il bu kontingent özünü sözügedən ərazidə “hakimi-mütləq” hesab etmək niyyətindədir...

Fikir verin, rus hərbi kontingenti məhz adı Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalıda qərargah yaradaraq, özünün Qarabağdakı sözdə sülhməramlı, faktiki olaraq isə işğalçı qüvvələrini idarə edir. Onların qərargah kimi məhz Xocalını seçmələri isə həm simvolik, həm də gövdə göstərmək xarakteri daşıyır və bir daha sübut edir ki, Xocalı qətliamının kökləri haradan və kimdən qaynaqlanıb.

Paradoks ondadır ki, hazırda Rusiya sülhməramlı kimi nə Ermənistanı, nə də Azərbaycanı qane edir. Bu da gözlənilən idi. Ən azından ona görə ki, Rusiya ordusu mahiyyət etibarilə sülh, vasitəçi və s. bu kimi sivil, bəşəri, humanist anlayışlarla, dəyərlərlə yox, Qarabağdan tutmuş Gürcüstana, Suriyaya, Moldovaya, nəhayət, Ukraynaya qədər ayağı dəyən hər yerdə yalnız işğal, imperiyaçılıq, qətliamlar və digər cinayətlərlə asosasiya olunur.

Bu gün erməni mətbuatı yazır ki, Qarabağdakı rus hərbi kontingenti Azərbaycanın irəlilədiyi istiqamətdəki yüksəkliklərdən birini nəzarətə götürərək, bizi əvvəlki mövqelərə geri çəkilməyə razı salmağa çalışır. Lakin Ermənistan parlamentinin qatı millətçi bloka aid deputatı Tiqran Abramyan bu məlumatlara maraqlı bir şərh verib: “Azərbaycan bölmələrinin irəliləməsi və ən vacib yol qovşağına nəzarəti ələ keçirməsindən sonra onların qarşısında Rusiya sülhməramlı qüvvələri dayanıb ki, daha da irəliləmələrinə imkan verilməsin. Ancaq azərbaycanlılar artıq onlara lazım olan qədər irəliləyiblər və daha da irəli getmələrinə heç ehtiyac da yoxdur”.

Bəli, Azərbaycan öz istədiyi qədər, istədiyi istiqamətdə, istədiyi vaxt irəliləyəcək və çox keçməyəcək ki, Qarabağdakı bütün yollar bizim nəzarətimizdə olacaq. Çünki bu ərazilər də, bu yollar da bizim haqq-halal torpaqlarımızdır! Məhşur şeirdə də deyildiyi kimi: “O yol bizim yolumuzdur...”

Cəlal Məmmədov

“AzPolitika.info”

Mənbə: azpolitika.info