Beş aylıq döyüşlər və ukraynalıların qətiyyətli müqaviməti - Baxmutda son vəziyyət necədir?

Beş aylıq döyüşlər və ukraynalıların qətiyyətli müqaviməti - Baxmutda son vəziyyət necədir?<span class="qirmizi"></span>

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri hazırda cəbhənin ən qaynar nöqtəsidir. Amma bu, yalnız bu günün məsələsi deyil. Rusiya ordusu 5 aydan çoxdur şəhəri mühasirəyə almağa, işğal etməyə cəhd göstərir.

Baxmut strateji əhəmiyyətə malikdir, eyni zamanda müharibənin taleyi baxımdan açar rolunu oynayır.

Rusiyanın rəsmi və qeyri-rəsmi mənbələrinin yaydıqları informasiyalara baxmayaraq, Baxmut müqaviməti davam etdirir. Ukrayna Prezidenti Volodimir Zelenskinin bugünlərdə Baxmuta səfəri və şəhərin müdafiəçiləri ilə görüşü də bir sıra KİV-in, o cümlədən şəhəri işğal etməyə çalışan Rusiyanın "Vaqner" muzdlu şirkətinin rəhbərliyinin açıqlamalarını alt-üst etdi.

"Report"un Şərqi Avropa bürosu şəhərdəki son durumla bağlı araşdırma aparıb.

Şərq Hərbi Birləşməsinin sözçüsü Sergey Çerevatıy "Report"a bildirib ki, Ukrayna ordusu düşmənin Baxmut istiqamətində irəliləməsinin qarşısını alıb.

O vurğulayıb ki, Rusiya cəbhənin bu istiqamətində hər gün ciddi itkilər verir.

"Məsələn, ötən gün 100-ə qədər ölü və yaralıları vardısa, bu gün bu rəqəm 200-ü keçib. Bu itkilər onları dayandırıb. Baxmut şəhəri ərazisinə biz nəzarət edirik. Şəhərə giriş və təminatı da bacarırıq. Ərzaqları çatdıra bilirik, girib yaralılarımızı götürürük. Bizim Baxmuta nəzarəti saxlamağımızı Prezident Volodimir Zelenskinin ora səfəri də göstərdi. Baxmut işğalçıların qarşısında dayanıb. Baxmut mübarizəni gücləndirir. Hətta ətrafındakı əraziləri də biz azad edəcəyik", - o söyləyib.

Ukrayna ordusunun zabiti, hərbi ekspert Taras Berezovts isə deyib ki, Baxmut istiqaməti cəbhə xəttində ən qaynar nöqtə olaraq qalır: "Bu vəziyyət ötən ilin dekabr ayından bəri davam edir. Düsmən əsas diqqəti bizi hər tərəfdən əhatəyə almağa yönəldib. Düşmən şəxsi heyət və texnika baxımından üzləşdiyi itkilərə fikir vermədən hücumlarını davam etdirir".

Onun sözlərinə görə, Rusiya əsasən "Vaqner" muzdlularından, daha doğrusu, onun qalıqlarından istifadə edir.

"Ukrayna Quru Qoşunları komandanı general Aleksandr Sırskinin də dediyi kimi, "Vaqner"çilərin nəfəsi kəsilmək üzrədir. Ən qısa zamanda müdafiə qüvvələri bu istiqamətdə hücuma keçə bilərlər. Düşmənin çox dərinə getməsi, mövqe döyüşlərinə aludə olması onun özü üçün problem ola, tələyə çevrilə bilər. Baxmut istiqamətində düşmən fəal şəkildə aviasiyadan istifadə edir", - hərbi ekspert vurğulayıb.

O qeyd edib ki, Ukrayna Hərbi Hava Qüvvələri düşmənə qarşı mübarizə aparır: “Bundan başqa, düşmən bu istiqamətdə daha çox atəş açır, artilleriyasını oraya cəmləyib. Baxmut şəhərinin özündə artıq bir neçə həftədir şəhər döyüşləri gedir. Şəhərin mərkəzinə nəzarəti ələ keçirdiyini açıqlayan düşmən bura heç yaxınlaşa bilməyib. Döyüşlər əsasən Baxmut şəhərinin kənarlarında gedir. Şəhərin mərkəzi və böyük hissəsi Ukrayna müdafiə qüvvələri tərəfindən etibarlı şəkildə qorunur".

Mənbə: report.az