AKP-nin seçkilərdə kürd taktikası: HÜDA-PAR-la ittifaq seçkilərdə kürd səslərini parçalayacaqmı?

AKP-nin seçkilərdə kürd taktikası: HÜDA-PAR-la ittifaq seçkilərdə kürd səslərini parçalayacaqmı?<span class="qirmizi"></span>

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində iştirak edəcək iqtidar blokunda 4 partiya təmsil olunur. Martın 24-də vahid namizədini Mərkəzi Seçki Komissiyasına təqdim edən “Cumhur İttifaqı”nı AKP, MHP, BBP (Böyük Birlik Partiyası) və Yenidən Refah Partiyası təmsil edib. Əsasən ölkənin cənub-şərq əyalətlərində fəal olan və müxalifət tərəfindən “Hizbullah”a yaxın təşkilat adlandırılan HÜDA PAR (Hürr Dava) isə vahid siyahı ilə olmasa da, namizədləri AKP siyahısından seçkilərə gedəcək.

fd92b246-88b4-4255-b340-d36a91693d82_850.jpg (59 KB)

Hazırda Türkiyə siyasətində ən çox müzakirə və mübahisə doğuran məsələlərdən biri də AKP-nin məhz HÜDA PAR-la ittifaqa getməsidir. Müxalifət HÜDA PAR-ın Türkiyədə federasiya quruluşunu, kürd dilinə rəsmi dövlət dili statusu verilməsi tələblərini, həmçinin radikal islamçı “Hizbullah” qruplaşmasını dəstəkləməsini əsas gətirərək AKP-ni ittiham edir. İqtidar cəbhəsi isə HÜDA PAR-ın terrorla birbaşa bağlarının olmadığını qeyd edir.

Ancaq istənilən halda HÜDA PAR-la ittifaq AKP-yə qarşı ciddi istihamlara səbəb olacaq. O zaman sual yaranır ki, AKP nədən bu ittifaqa getdi? Ən yaxşı halda 150 min səsi olan partiyanı iqtidarın öz yanına alması, AKP siyahısından namizəd irəli sürməsinə şərait yaratmasının arxasında hansı amillər dayanır? Bu sualın əsas və belə demək olarsa, yeganə səbəbi kürd səsləridir.

Məsələ ondadır ki, xüsusən də 2015-ci ildə cənub-şərq vilayətlərində başlayan antiterror əməliyyatları sonrası iqtidarın cənub-şərq vilayətlərində dəstəyi azalıb. Kürdlərin səslərini əsasən HDP alır. Bunu sonuncu – 2018-ci il seçkilərində HDP-nin 11,70 faiz səs alması da təsdiqləyir.

Qeyd edək ki, son aylarda keçirilən bütün rəy sorğularında HDP-nin səsləri 8-13 faiz arasında dəyişir. Bu da HDP-ni, əslində isə bütövlükdə kürd səslərini Türkiyədə keçiriləcək 14 may seçkilərində açar faktorlardan birinə çevirir. HDP isə açıq şəkildə müxalifət mövqeyindədir və partiyanın 14 may seçkilərində müxalifətin lideri CHP sədri Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyi dəqiqləşib.

ad471c4f-9571-35ab-ab1f-2e54c274d86b_850.jpg (65 KB)

Halbuki 2002-ci il seçkilərində cənub-şərq regionunda AKP böyük səs almışdı. Əlbəttə, həmin vaxt AKP-yə verilən dəstəyin əsas səbəbi mühafizəkar-dindar kürdlər idi.

AKP hökumətinin HDP-nin səslərini parçalamaq üçün əlində olan yeganə vasitə dindar-mühafizəkar kürd seçicilərini öz tərəfinə çəkməkdir. Çünki sol meyilli HDP-nin CHP-yə dəstək verməsi sonrası bu addım qaçılmaz olub.

Aydın məsələdir ki, hazırkı şəraitdə iqtidar namizədi, yəni prezident Ərdoğan HDP-nin dəstəyini alacağını düşünmür. Bu səbəbdən də AKP daha çox 2002-ci ildəki taktikanı təkrarlayaraq qatı mühafizəkar cinaha yönəlir. Çünki son illərdə Ərdoğandan müəyyən qədər məsafəli davranan qatı mühafizəkar cinah ciddi şəkildə parçalanıb.

cca265da-e672-35c7-a746-425cabec8e64_850.jpg (47 KB)

Digər tərəfdən, Ərdoğan 2002-ci il seçkilərində olduğu kimi, mühafizəkar kürd elektoratını HDP-dən qoparıb öz tərəfinə çəkməyə çalışır. Bunun üçünsə bir tərəfdən Ərbakanın oğlu, qatı mühafizəkar Fatih Ərbakanı öz yanına çəkir, digər tərəfdən isə Türkiyənin cənub-şərqində fəal olan və əsasən qatı dindar-mühafizəkar kürdlərə xitab edən HÜDA-PAR-la ittifaqa girməyə çalışır.

par.PNG (683 KB)

AKP iqtidarı düşünür ki, HDP-nin iddia etdiyi kürd elektoratını ancaq din faktoru parçalaya bilər. Çünki cənub-şərq vilayətlərində çox güclü camaat və təriqət strukturu var və bu təriqətlərin əhali üzərində çox ciddi təsiri var. HDP-nin kürd elektoratını yalnız təriqətlər və onların yaxın olduğu siyasi təşkilatlar parçalaya bilər. Bu səbəbdən də AKP həddən artıq riskli görünən addımı ataraq HÜDA-PAR və eləcə də kürd elektoratı içərisində ciddi dəstəyi olan Milli Görüş hərəkatının lideri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanla koalisiyaya getdi. Bu addım kürd səslərini parçalayacaqmı? Dindar-mühafizəkarlıq amili kürdlərin HDP-yə olan dəstəyini böləcəkmi? Bunu əlbəttə, mayın 15-də biləcəyik.

Mənbə: musavat.com