Rasmussen Bakıya qarşı sərt çıxış etdi – Məqsədi nədir?

Rasmussen Bakıya qarşı sərt çıxış etdi – Məqsədi nədir?<span class="qirmizi"></span>

NATO-nun keçmiş baş katibi və Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen Ermənistana səfər edəndən və Baş nazir Nikol Paşinyanla görüşdən sonra Azərbaycan əleyhinə kəskin ittihamlarla dolu məqalə ilə çıxış edib.

Axar.az xəbər verir ki, “Proyekt Sindikat” (Project Syndicate) nəşrində yayımlanan məqalədə o, Azərbaycanı 2020-ci il atəşkəs razılaşmasını açıq şəkildə pozaraq, “Dağlıq Qarabağda humanitar böhranı” qızışdırmaqda və növbəti dəfə qonşu Ermənistanı hərbi təcavüzlə hədələməkdə ittiham edib.

Məqalənin ilk abzasındaca Rasmussen əsl niyyətini ortaya qoyub və “Rusiyanın kömək edə bilməyəcəyi və ya kömək etmək istəmədiyi bir şəraitdə Avropa Birliyinin Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında daha böyük rol oynamalı” olmasından bəhs edib.

“Bütün gözlər haqlı olaraq Rusiyanın Ukraynadakı müharibəsinə dikilib. Lakin bu, Avropanın astanasında yaranan başqa bir böhrana məhəl qoymamaq üçün bəhanə deyil. Ermənistanla Azərbaycan arasında gərginlik yenidən yüksəlir və növbəti müharibə ehtimalını artırır.

Ötən həftə mən Dağlıq Qarabağın etnik erməni əhalisini Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizində oldum. Dekabr ayından ətraf mühitə etiraz bəhanəsi ilə azərbaycanlılar tərəfindən dəhlizə giriş bağlanıb. Bu, açıq şəkildə Bakıdakı rejimin dəstəyi ilə baş verir”.

Rasmussen bilərəkdən, açıq şəkildə və həyasızcasına yalan danışaraq, guya “etirazçıların” (fərqləndirmə Rasmussenə məxsusdur – red.) “Dağlıq Qarabağa bütün mülki və ya kommersiya daşımalarına mane olması” və 120 minə yaxın etnik erməni sakininin həyati əhəmiyyət kəsb edən dərmanlar və səhiyyə xidmətləri də daxil olmaqla, zəruri mal və xidmətlərdən məhrum olmasından dəm vurur.

Laçın yolunda heç bir mülki və humanitar yardımlara maneə yaradılmadığını Rusiya sülhməramlı kontingenti və elə Xankəndidə yaşayan ermənilərin özləri də təsdiqləyir, buna baxmayaraq, Rasmussen bunu “görmür”, “eşitmir”; Rasmussen ermənilərin laçın yoluna alternativ olan torpaq yollarla elə məhz rus sülhməramlıların müşayiəti altında silah-sursat daşımasına da, Azərbaycan sərvətlərinin talanmasına da toxunmaq istəmir.

Rasmussen iddia edir ki, Azərbaycanın blokadanı ləğv etməkdən imtina edərək üzərinə götürdüyü öhdəliyi pozduğunu qəbul edən Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də qərar çıxararaq, Azərbaycandan bunun üçün bütün lazımi addımları atmağı tələb edib, ancaq bir ay keçib və heç nə dəyişməyib.

NATO-nun sabiq rəhbəri məqalə boyu vaxtaşırı olaraq Rusiya sülhməramlı kontingentinin əleyhinə fikir yaradır və onları “hərəkətə keçməməkdə” ittiham edir, “Avropa və daha geniş beynəlxalq ictimaiyyət Azərbaycana blokadanı aradan qaldırmaq üçün təzyiq göstərməsə, indiki humanitar böhran humanitar fəlakətə çevrilə bilər” deyə çağırışda bulunur.

“Azərbaycan blokadadan və digər tədbirlərdən Dağlıq Qarabağı boğmaq üçün istifadə edir. Sakinlərin tez-tez evlərinə qayıtmasının qarşısı alınır, xəbərdarlıq və izahat olmadan müntəzəm olaraq qaz və işıq kəsilir. Məqsəd, aydındır ki, erməni əhalisinin həyatını mümkün qədər çətinləşdirməkdir və qaçılmaz etnik təmizləmənin ciddi riski var. Baxışlarımızı baş verənlərdən yayındırmamalıyıq”, - Rasmussen yazır.

Rasmussen “Azərbaycan rejimi və onun onlayn trollarının blokadanın təsirlərini, hətta mövcudluğunu azaltmaqda davam etdiyini” bildirir, “beynəlxalq müşahidəçilərə vəziyyəti qiymətləndirmək imkanı verməkdən də imtina etdiyini” vurğulayır:

“Deməli, beynəlxalq ictimaiyyət üçün birinci prioritet BMT və ya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının himayəsi altında dəhlizə faktaraşdırıcı missiya göndərməkdir. Biz aydın şəkildə bildirməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Məhkəmənin məcburi əmrini pozmağa davam edərsə, bunun nəticələri ilə üzləşəcək.

2020-ci il Dağlıq Qarabağ müharibəsi Azərbaycanın Rusiya, Türkiyədən və İsraildən aldığı silahlara görə Ermənistan üzərində əhəmiyyətli hərbi üstünlüyə malik olduğunu açıq şəkildə göstərdi. Bu fakt ötən ilin sentyabrında Azərbaycan Ermənistanın öz daxilindəki əraziləri, o cümlədən Cermuk şəhəri üzərindəki strateji mövqeləri cəmi iki gün davam edən döyüşlərdən sonra ələ keçirəndə təkrarlandı”.

Rasmussen Ermənistana səfərinin məqsədi ilə bağlı siyasi müşahidəçilərin bütün proqnoz və ehtimallarını bu məqalə ilə tam-tamına doğruldub. Belə ki, əksər müşahidəçilər Rasmussenin səfərdə məqsədinin Paşinyanı KTMT-dən uzaqlaşdırmağa inandırmaq, onun Rusiyaya qarşı çıxmasını stimullaşdırmaq, əvəzində isə Azərbaycana qarşı ərazi iddiasına Qərbin dəstəyini təmin etmək olduğunu bildirirdi.

Zatən, Rasmussenin missiyası hər yerdə Rusiyaya qarşı ən kəskin addımların atılmasına nail olmaqdır. Təsadüfi deyil ki, Rasmussen Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun da hərbi-siyasi məsələlər üzrə müşaviri olmuşdu və Poroşenko zamanında Ukrayna-Rusiya münasibətlərinin pisləşməyə doğru sürətlə inkişaf etdiyi də hər kəsə bəllidir.

Hazırda Rasmussen Ermənistanda eyni funksiyanı Paşinyanın vasitəsilə icra etmək istəyir və əvəzində güclü Qərb dəstəyini vəd edir.

“Ermənistan hələ də Rusiyanı beş keçmiş sovet dövləti ilə birləşdirən regional alyans olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, suveren ərazisinə edilən hücumdan sonra yardım tələb edəndə heç bir dəstək alınmadı. Həssas və tək qaldı.

Daha da pisi odur ki, Azərbaycan öz qoşunlarını Ermənistan ərazisində saxlayır və erməni hərbi əsirləri geri qaytarmaqdan imtina edir. Sülh danışıqlarının dalana dirəndiyi bir vaxtda Azərbaycanın dinc danışıqlardan daha çox hərbi yolla nail ola biləcəyinə inandığına dair açıq xəbərdarlıq əlamətləri var. Yaxın aylarda Ermənistana qarşı yenidən hücumun başlanacağını istisna etmək olmaz”, - deyə, Ramussen qızışdırıcı, Ermənistanın 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmasına rəvac verən və onun KTMT-dən çıxmasını dəstəkləyən fikirlər işlədir.

O, açıq şəkildə yazır: “Ermənistana ənənəvi təhlükəsizlik təminatçısı olan Rusiya kömək edə bilmədiyi və ya istəmədiyi üçün Avropa Birliyi regionda sülhün və sabitliyin qorunmasında daha böyük rol oynamalıdır. Həm Avropa Şurasının Prezidenti Şarl Mişel, həm də Fransa Prezidenti Emmanuel Makron bunu etiraf ediblər və məsələyə əhəmiyyətli siyasi kapital ayırıblar. Sentyabrda hərbi əməliyyatların yenidən başlanmasından sonra AB Azərbaycanla sərhədə nəzarət etmək üçün Ermənistana mülki missiya göndərib.

Amma hələ çox işlər görülməlidir. Hazırda yalnız Ermənistan ərazisində yerləşən AB missiyası Ermənistan-Azərbaycan sərhədinin bütün hissəsinə nəzarət etmək üçün sürətlə genişləndirilməlidir. Avropa liderləri Əliyev hökumətinə AB əməkdaşlarının Azərbaycan ərazisinə buraxılması üçün təzyiq etməlidirlər. Əlbəttə, silahsız AB missiyası hərbi əməliyyatları dayandıra bilməz; lakin onun iştirakını genişləndirmək Azərbaycana daha çox təzyiq göstərəcək ki, hərbi qarşıdurma əvəzinə danışıqları seçsin.

Son bir ildə AB Rusiya qazı və neftindən sürətlə uzaqlaşdığı üçün Azərbaycanla getdikcə daha sıx iqtisadi əlaqələr qurdu. Lakin AB liderləri Əliyevlə aydın izah etməlidir ki, onun cəzasız hərəkət etməsinə icazə verilməyəcək və Avropanın qısamüddətli kommersiya maraqları Cənubi Qafqazda sülh və sabitliyin qorunmasında onun dəyərlərindən və ya uzunmüddətli maraqlarından üstün olmayacaq. Azərbaycan öz beynəlxalq öhdəliklərini və BƏM-in qanuni qüvvəyə malik məhkəmə qərarlarını pozmağa davam edərsə, siyasi və iqtisadi nəticələrlə üzləşməlidir.

Ermənistan olduqca çətin bir məhəllədə inkişaf etməkdə olan bir demokratiyadır. Rusiyanın təsirinin azalması ilə Avropa regionda daha böyük rol oynamalıdır. Bu, xeyriyyəçilik forması deyil. Həyətimizdə daha bir mühüm münaqişənin, hətta etnik təmizləmənin qarşısını almaq üçün indi hərəkətə keçmək hamının marağındadır”.

Göründüyü kimi, Qərb Ermənistana “ənənəvi oyun qaydaları” ilə soxulur: “demokratiya”nın dəstəklənməsi, “etnik təmizlənmənin” qarşısının alınması və s.

Rasmussen 2020-ci ildə Azərbaycanın “Rusiyadan aldığı silahlar...” hesabına müharibədə üstünlük əldə etməsindən danışır, ancaq Rusiyanın hərbi bazalarının Ermənistanda yerləşməsindən, Rusiyanın Ermənistana İsgəndər-M və Su-30M də daxil olmaqla, dəyəri milyardlarla dollar olan silahlar bağışlamasından, hətta 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana külli miqdarda silah-sursat göndərilməsindən bəhs etmir;

Rasmussen “etnik təmizləmədən” və “120 minə qədər erməni əhalinin təhlükədə olmasından” ehtimali mülahizələr irəli sürür – ancaq bir milyona yaxın azərbaycanlının 30 il müddətində etnik təmizləməyə məruz qalıb, öz yurdundan qovularaq, çadırlara sığınmağa məcbur olmasından, azərbaycanlıların evlərinin, kəndlərinin, hətta böyük şəhərlərinin Yer üzündən silinməsindən söhbət açmır.

Rasmussen yalnız bütün vasitələrlə Ermənistanın işğalçı siyasətinə dəstək verib, Rusiyanı bu bölgədən çıxarmaq, “mülki missiya” adı ilə regiona yerləşən hərbi missiyanı genişləndirmək, Rusiyaya qarşı ikinci cəbhə açmağı hədəfləyir.

Ermənistan sürətlə Ukraynaya çevrilir və pis odur ki, “İkinci Ukrayna oyununda” Azərbaycan münaqişəyə cəlb edilir...

Mənbə: axar.az