"İran öz maraqları naminə Ermənistanla Azərbaycan arasında münaqişəyə nail olmaq istəsə..."

"İran öz maraqları naminə Ermənistanla Azərbaycan arasında münaqişəyə nail olmaq istəsə..." <span class="qirmizi"></span>

 

“İranın Ermənistan üçün bu cür axmaqlıq edib yeni münaqişəyə girəcəyi inandırıcı deyil”.

Bunu müdafiə siyasəti üzrə ekspert David Arutyunovun Qərbin Azərbaycana dəstəyi fonunda bölgədə gərginləşmənin daha da artacağı ilə bağlı sözlərinə münasibət bildirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, erməni ekspertin dedikləri müəyyən qədər doğrudur:

“İran əgər Azərbaycana qarşı hər hansı təzyiq variantından istifadə etməyə çalışsa, ABŞ-ni dəqiq demək olmaz, ancaq Türkiyə yanımızda olacaq. Çünki Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik bəyannaməsi var. Digər tərəfdən, Türkiyə rəsmilərindən də İrana qarşı xəbərdarlıqlar olunur. İranın Ermənistan üçün bu cür axmaqlıq edib yeni münaqişəyə girəcəyi inandırıcı deyil. “Regionda mən də varam, aparıcı dövlətəm” kimi çıxışlar edə bilər, lakin böyükmiqyaslı müharibəyə əl atmaz.
Azərbaycan hər hansı münaqişə marağında deyil. Tam əksi, regionda sülh və sabitliyin təmin olunmasını istəyir.

Qaldı ki Ermənistanın müharibə etmək istəməsinə, o, kifayət qədər orduya sahib deyil. Hərbi toqquşma mümkündür, ancaq böyükmiqyaslı müharibə gözlənilmir. Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqı missiyası var. Eyni zamanda, Qarabağda rus hərbçiləri mövcuddur. Bunları nəzərə alaraq Ermənistanın Azərbaycanla hər hansı münaqişəyə girməsinin məntiqi əsası yoxdur.

Əgər İran öz maraqları naminə Ermənistan-Azərbaycan arasında münaqişəyə nail olmaq istəsə, ABŞ Dövlət katibi Blinkenin sözlərini xatırlamalıdır. Blinken sözləri ilə İrana “onsuz da bəhanə axtarırıq” mesajını verib. İran daxildə gərginlik olduğu halda, əlavə problemin lazımsız olduğunu dərk etməlidir. Əgər etməyəcəksə, nəticələrə də qatlaşmalı olacaq”.

Mənbə: yenicag.az