Separatçılar silah daşımaq üçün yeni yollar axtarırlar: Xankəndidə "əcinnə ovu" gedir

Şuşa, Xocalı, Xankəndi, Əsgəran və keçmiş Ağdərə rayonundakı erməni kəndlərinin sakinləri "blokada" isteriyasını daha da aktivləşdirərək Ermənistana yeni alternativ yollar arayırlar. Xankəndidəki separatçı rejim həmin yeni marşrutlar vasitəsilə silah-sursat, amunisiya, minalar və s. daşımalarını bərpa etmək niyyətindədir.

Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlərin gerçəkləşdirilməsi barədə sürəkli məlumatlar verilib.

Xatırladaq ki, bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunurdu.

Ötən həftənin əvvəllərinədək Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınmışdı. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunurdu.

Ordumuz zəruri tədbirlərə əl matmaq məcburiyyətində qalaraq həmin yolları tam nəzarətə götürüb və beləliklə, Ermənistandan Xankəndindəki separatçı rejimin "ordu" alandırdığı terror-diversiya qruplaşmalarına siah-sursatın daşınması dayandırılıb.

Ermənilər yaranmış situasiya ilə "barışmaq" niyyətində olmadıqlarını deyirlər.

Şuşa rayonundakı Sarıbaba (ermənilər bu kəndə "Yexsahox" deyirlər), Böyük Qaladərəsi ("Mets Şen"), Kiçik Qaladərəsi ("Xin Hen") və Turşsu ("Lisaqor) kəndlərindən Laçın rayonunun Ermənistanla sərhədə çıxan hissəsinə alternativ yolların arayışına başlanıb.

Xankəndindəki separatçı rejimin rəhbəri Araik Harutyunyan dünən "Təhlükəsizlik Şurası"nın "geniş tərkibdə" iclasını keçirərək Ermənistanla "nəqliyyat kommunkisiyası olan Laçın yolunun blokadası və problemin həlli üçün alternativ variantların axtarışı ilə bağlı məsələlər"i müzakirə edib.

"Sizi toplamada məqsədim yaranmış situasiyanın mürəkkəblik və məsuliyyət səviyyəsinin ağırlığını anlayaraq zəruri addımların atılma yollarını aramaq, malik olduğumuz resursları və mexanimzləri yenidən dəyərləndirmək, yeni təhlükələr və təhdidlərin qarşısını almaq, mümkün fəsadları dəyərləndirmək, nə etməyimizin gərək olduğunu müəyyənləşdirməkdir", - Araik Arutyunyan deyib.

Toplantıda Şuşa şəhəri işğalda olarkən "yerli administrasiyanın rəhbəri" olmuş, indisə Turşsu kənd icmasına başçısı sayılan Qrişa Hovvanisyan da iştirak edib.

İclas başa çatandan sonra isə Araik Arutyunyan və onun "sağ əli" sayılan Vitali Balasanyan "Ermənistana alternativ yolların axtarışı və onlardan faydalanmağın variantları"nın müzakirə olunduğu qapalı iclas keçiriblər.

İclasın nəticələrinə görə, Xankəndi-Kosalar-Mirzələr-Turşsu yoluna alternativ dağ marşrutları arasında "nisbətən əlverişli istiqamət"lərin müəyyənləşdirilməsi üçün xüsusi qrupun yaradılması, qrupa rəhbərliyin də Qrişa Hovvanisyana həvalə edilməsi qərara alınıb.

İlkin nəzərdən keçirilən marşrutlar Qaladərəsi, Turşsu, Zarıslı kəndinin üzərindən 5 km aralı və İsa Bulağının üstündən keçən yol və Xocalının Kosalar kəndindən keçib Laçın dəhlizi ilə birləşən marşrutdur.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə Ermənistan hərbçiləri ilə yerli ermənilərin terror-diversiya dəstələrinin mövqelərinin möhkəmləndirilməsi, yeni səngərlərin və uzunmüddətli müdafiə nöqtələrinin (UMN) hazırlanması da "məqbul" bilinib.

Bütün bunlarla yanaşı, Xankəndindəki separatçı rejim yerli erməni sakinlərə qarşı az qala total təqiblərlərlə repressiyalara başlayıb.

RSK-nın yerləşdiyi ərazilərdəki ermənilərə A.Arutyunyanın göstərişindən sonra mobil telefonlarda rouminqdən istifadə məhdudlaşdırılıb.

"Azərbaycanla gizli əlaqələr qurmaq"da suçlanan şəxslərin həbsləri aparılır.

Xankəndində və sabiq Ağdərə rayonunda artıq bir neçə erməni "dövlətə xəyanət"də suçlanaraq tutulub. Bu zavallıların yeganə suçu 2025-ci ildən sonra da Qarabağda yaşamaq istəyi olub.

Şuşa "administrasiyasının sabiq rəhbəri", Turşsu icmasının sədri və eyni zamanda, özünü hələ də "Şuşa rayonunun başçısı" sayan Qrişa Hovvanisyan isə dünəndən etibarən Ermənistanın dövlət qurumları ilə intensiv əlaqələr quraraq Azərbaycan Ordusunun nəzarətə götürdüyü yollara alternativ marşrutlar arayır.

Belə "arayış"larsa bölgədəki vəziyyəti daha da gərginləşdirməyə xidmət etməklə yanaşı, Xankəndindəki separatçı rejimə qarşı lokal antiterror əməliyyatını qaçılmaz edən yeni nüansa çevrilə bilər.

Elçin Alıoğlu
TREND

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Kvaratsxeliya Ronaldo və Messi arasında seçim etdi

SONRAKI XƏBƏR

Pomidorun insult riskini azaltdığı AÇIQLANDI