Düşmənlər Azərbaycanda terrora dəstək verir

Düşmənlər Azərbaycanda terrora dəstək verir<span class="qirmizi"></span>

Dövlətimizi terrorla sarsıtmağa çalışırlar

Azərbaycanın iqtisadi və hərbi potensialı artdıqca düşmən dövlətlər daha kəskin üsula - terrora əl atmağa məcbur olurlar. Bu ilin 3 ayı ərzində ölkəmizdə baş verən 2 bank soyğunçuluğu, martın 28-də millət vəkili Fazil Mustafanın evinin qarşısında güllələnməsi, Tehranda səfirliyimizə edilən xain silahlı basqınından sonra ölkəmizdə baş verən ən ciddi terror hadisələridir. Azərbaycanda baş verən terror hadisələrinin, xüsusən Rusiya və İranın ölkəmizdə geniş şəbəkə təşkil edən casusları tərəfindən törədilməsinə şübhələr çox olsa da, terrorun Azərbaycan, Rusiya və İran arasında düşmənçiliyi qızışdırmaq istəyən üçüncü dövlətlər tərəfindən də törədilmə ehtimalları mütləq nəzərdən qaçmamalıdır. Çünki regionda gərginliyin artmasını istəyən güclərin olduğunu unutmaq olmaz.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya – Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı müharibə ocaqlarının sayını artırmaqda maraqlı olan Qərb və Avropa ölkələri belə bir ocağın Cənubi Qafqazda yandırılması üçün əlverişli şərait olduğunu düşünürlər. Rusiyanın Ukraynaya yönəltdiyi hərbi gücün parçalanması və Rusiyanın bir deyil, bir neçə istiqamətdə münaqişəyə cəlb olunması Qərb dövlətlərinin gündəliyindədir. Azərbaycanda törədilən terror və banklara edilən silahlı basqınların təfərrüatı və törədilmə səbəblərini buna görə müəyyən etmək o qədər də asan deyil. Regionda baş verən mənfi proseslərin xronologiyası və motivləri göstərir ki, Azərbaycana qarşı açıq hərbi təxribatlar törətməkdə ən çox maraqlı ölkələr Rusiya və İrandır. Hər iki ölkə Ermənistanın Qərb dövlətlərinin nəzarətinə keçməməsi üçün onun nazı ilə oynamaq məcburiyyətindədir. Amma Ermənistanın maraqlarını təmin etməklə, onu regionda oyuncaq kimi saxlamaq naminə Rusiya və İranın Azərbaycanı hədəfə almasına qətiyyən imkan vermək olmaz.

Azərbaycana qarşı düşmən təxribat və təhdidlərinin güclənməsinin bir səbəbini də qardaş Türkiyədə keçiriləcək seçkilərlə bağlı olmasına şübhə etmirəm. Düşmən ölkələr Azərbaycan üzərinə hücumu gücləndirməklə, həm Azərbaycana Türkiyənin dəstəyinin azalmasından istifadə etməyə, həm də Türkiyənin diqqətini Azərbaycana və seçkilərə parçalanmaqla, AKP və Ərdoğanın seçkiləri uduzmasına yardım etmək fikirindədirlər. Hazırda dünya güclərini daha çox narahat edən Türk Dövlətləri Təşkilatının təşkilatçısı rolunda çıxış edən Ərdoğanın seçkiləri uduzması dünya ağalarının ən vacib projelərindəndir. Dünya hegemonluğu üçün çarpışan ABŞ və Avropa ölkələri, Çin və Rusiya TDT-nın yaranmasını və güclənməsini istəmirlər. Qərb Azərbaycanı Ermənistan qədər müdafiə etmir, sadəcə, Qərb Azərbaycana müvəqqəti olaraq Avropanı enerji ilə təmin edən mənbə kimi baxır.

2020-ci ildə Azərbaycanın Ermənistanı və eləcədə himayədarlarını 44 gün ərzində ağır məğlubiyyətə uğratması dünyanın ölkəmizə qarşı münasibətini tam dəyişib. Məğlubiyyətlə barışacağını və 30 il Ermənistanın Rusiya və İran dövlətlərinin aşkar hərbi yardımı ilə işğal etdiyi torpaqlardan Azərbaycanın əl çəkəcəyini düşünən düşmən ölkələr səhv etdiklərini dərk etdilər. Azərbaycan ordusunun Ermənistanın işğal etdiyi torpaqlardakı hərbi birləşmələrini ağır şəkildə məğlub etməsi tək Ermənistanı deyil, onu himayə edən Rusiya, İran, Fransa və digər düşmən dövlətləri də sarsıtdı. Əslində Azərbaycan heç bir ölkənin ərazisini işğal etmədi, özünün işğal olunan topaqlarını azad etdi və beləliklə, Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad olunması barədə BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni yerinə yetirdi.

Bildiyimiz kimi, Azərbaycan-Ermənistan münaqişəsinin əzəli memarı Rusiya bu dəfə də işğal altında olan Azərbaycan torpaqlarının tam azad olunmasına imkan vermədi. Heç kəs unutmamalıdır ki, Rusiya Azərbaycan ordusunun zəfər yürüşünü dayandırmaq üçün hərbi provakasiyaya əl atdı, Rusiyaya məxsus hərbi helikopter Naxçıvanda sərhəddimizi pozdu, həmin helikopter sərhədçilərimiz tərəfindən vuruldu. Bunu bəhanə edən Rusiya Ermənistan ərazisində yerləşən 102-ci odusunu Azərbaycanın Qarabağ bölgəsinə, Xankəndinə yeritdi və Xankəndini erməni quldurlarından təmizləmiş ordu hissələrimizi zorla oradan çıxardı. Məlum olduğu kimi, 2020-ci il noyabr ayının 10-da gecə Rusiya prezidenti V. Putinin müdaxiləsilə müharibənin dayandırılması barədə Rusiya, Azərbaycan və Ermənistan arasında 9 maddədən ibarət üçtərəfli atəşkəs bəyanatı imzalandı, faktiki olaraq Qarabağı zorən işğal edən Rusiya hərbi kontingenti “sülhməramlı” adı altında Azərbaycanı işğal etdı. Bununla da Azərbaycanın 3,5 min kv klometr ərazisi, 2 yüzdən çox yaşayış məntəqəsi Rusiya və Ermənistan hərbi dəstələrinin nəzarəti altına keçdi. Həmin ərazilər son 2 il yarım ərzində Azərbaycan üçün təxribat mərkəzinə çevrilib. Rusiya və Ermənistan imzaladığı üçlü bəyanatda üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, Ermənistan isə müxtəlif bəhanələrlə Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan yayınır.

Bəli, düşmənlərimiz düz iki yüz ildir milli adət-ənənlərimizi unutdurmaq üçün millətimizin üzərində saysız-hesabsız əməliyyatlar aparıblar və tam olmasa da, məqsədlərinə qismən nail olublar. Düz iki əsr öncə dövlətimizi və millətimizi iki yerə parçalayıb Şimalda ruslaşdırmağa, Cənubda isə farslaşdırmağa çalışdılar, amma bacarmadılar. Dilinə, dininə, mədəniyyətinə, ədəbiyyatına, milliyyətinə əl qoydular. Şimalda ruslar türkləri baran (qoyun), Cənubda qalan çoxluğumuzu isə farslar xər (eşşək) adlandırdı. Bu siyasət İranda hazırda da davam etdirilir.

Düşmənlərimizin qeyd etdiyim və etmədiyim milli kimliyimizdən uzaqlaşma arzusu ona görə tez baş tutdu ki, bu proseslərin dərin qatlara işləməsinin günahının əsasını özümüz təşkil etmişik. Bu ifadəm bəlkə də çoxlarının xoşuna gəlməyəcək, çox acıdır, amma milli kimliyimizi qorumaq üçün tarixin müxtəlif vacib məqamlarında fədakar ola bilməmişik, bu, faktdır, inkar etmək mümkün deyil.

Qatı düşmənlərimiz ruslar və farslar millətimizin özünə qayıtmaq istəyinə düşməsindən, müstəqillik uğrunda mübarizəyə başlayandan millətimizi əzmək, istismar etmək üçün torpaqlarımızda yaratdıqları oyuncaq Ermənistan vasitəsilə dövlətimizə və millətimizə qarşı çirkin arzularını həyata keçirməyə çalışırlar. Təəssüf ki, bu şərəfsiz işdə sapı özümüzdən olan, tamah naminə düşmənə satılmış, milli xəyanətkarlar da az rol oynamayıb və indi də rol oynayırlar.

Düşmən milli xarakter və tərbiyəmizə o dərəcədə nüfuz edib ki, öz müsbət milli keyfiyyətlərimizi az qala tamam itirmək təhlükəsilə üzləşmişik. Rüşvətxorluq kimi dünyanın ən çirkin əməlini milli genimizə düşmənlər elə yeridiblər ki, bu çirkin bəla artıq milli fəlakətə çevrilib. Bu fəlakət həm də elə heyrətamiz formada inkişaf edir ki, millət çaş-baş qalıb, bir tərəfdən, rüşvətxorlar həbs olunur, digər digər tərəfdən isə ölkədə rüşvət və korrupsiya şiddətlənir. Adətən xalq ölkədə mübarizə elan olunan rüşvət və korrupsiyanın azalmasını gözlədiyi halda, çoxalmasına və şiddətlənməsini seyr edir.

Düşünürəm ki, Azərbaycan xalqı bütün mövcud problemləri o zaman müsbət həll edə biləcək ki, yeni tələb və çağırışlara cavab verə bilən yeni gənc nəsil yetişdirəcək. Müasir çağırışlara normal cavab vermək üçün dünyada innovativ, dürüst, azad və müstəqil şəxslərdən ibarət gənc kadrların yetişdirilməsi tələb olunur. Azərbaycanda isə rüşvətxorluq və korrupsiya mühiti hökm sürür. Belə mühitdən terrorist dövlətlər daha yaxşı istifadə edir, yeni çağırışlara cavab verə biləcək gənc nəsil yetişdirməyə imkan vermirlər.

Bu halda, ölkədə yaranmış mövcud durumla bağlı belə nəticəyə gəlirəm ki, milli problemlərin həlli ilk novbədə ölkədə terrorizmin inkişaf etməsinə şərait yaradan korrupsiya mühitini aradan qaldırmaqdan keçir. Mühiti dəyişmədən hazırkı vahim durumdan çıxmaq mümkün deyil. Buna görə də, ilk olaraq bir-birinə bağlı olan iki problemin birini həll etmədən ölkəni bu durumdan çıxarmaq çətindir. Asan balıq tutmaq istəyənlər duru suyu bulandıqdıqları kimi, rüşvətxorlar və korrupsionerlər də öz şirkin məqsədlərini həyata keçirmək üçün ölkədə qarışıqlıq və xaos yaratmağa çalışırlar. Bu zaman rüşvətxor və korrupsionerlərlə terroristlərin ölkəmizin düşmənlərinin maraqlarına xidmət etməsi üçün əlverişli şərait yaranır.

Hazırda Azərbaycanda müxtəlif çətir altında fəaliyyət göstərən Rusiya və İran dövlətlərinin geniş agentura şəbəkələri rüşvətxor və korrupsioner, terrorist qruplarla birgə hərəkət edərək, ölkədə vətəndaş həmrəyliyinə zərbə vurmağa fokslanıblar. Beləliklə, xalq hökumətdən narazı salınır, xalqla hökumət arasında gərginlik güclənir. Cəmiyyətdə yaranan gərginlik tədricən bütün ictimai və sosial sferaya, o cümlədən dövlətin təhlükəsizliyinin əsas sütunu sayılan orduya da sirayət edir. Bu da xarici düşmənlərə, xüsusən Ermənistan, Rusiya və İrana hava və su kimi lazımdır.

Son zamanlar Dövlət Təhlükəsizlik Xidmətinin və digər təhlükəsizlik orqanlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində xarici cəsus şəbəkə üzvlərinin müəyyən edilib həbs olunması təqdirəlayiq haldır. Düzdür, bu əməliyyatlar nəticəsində xeyli casus zərərsizləşdirilsə də, ölkəmizdə fəaliyyət göstərən xarici casus şəbəkələrinin tam zərərsizləşdirildiyini güman etmək mümkün deyil.

Xarici casus və terror qruplarının fəaliyyətinə imkan verməmək üçün ölkədə yalnız dövlət orqanlarının məşğul olması kifayət deyil, bu mübarizəyə mütləq xalq qoşulmalıdır. O zaman ölkəmizin və vətəndaşımızın həyatının təhlükəsizliyinin tam təmin olunmasına güvənmək olar.

Mənbə: paralel.az