Ermənistandan təhlükəli gediş: Yuqoslaviya və Kosovo variantı ilə... - Məmmədov

Ermənistandan təhlükəli gediş: Yuqoslaviya və Kosovo variantı ilə... - Məmmədov<span class="qirmizi"></span>

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zaur müəllim, sülh prosesi ilə bağlı indi fərqli bir situasiya yaranıb. Hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesinin bütün istiqamətlərdə dalana dirənməsi hansı amillərlə bağlıdır?

- Sülh prosesi ilə bağlı danışıqlar davam edir. Əslində prosesə nöqtə qoyulmayıb. Sadəcə olaraq Azərbaycan və Ermənistan arasında danışıqlarda Nikol Paşinyanın əvvəlki və indiki bəyanatlarında heç bir uzlaşma yoxdur. Erməni tərəfi də başa düşməlidir ki, əgər belə getsə Azərbaycanın onlara qarşı tələbi də çoxalacaq. Erməni tərəfi unutmamalıdır ki, üçtərəfli bəyanata və II Qarabağ müharibəsinin nəticəsinə əsasən uduzan tərəf Ermənistandır. Ona görə də, Ermənistan üçün Azərbaycanla bərabərhüquqlu heç bir sülh müqaviləsindən söhbət gedə bilməz.

- Bərabərhüquqlu sülh müqaviləsi dedikdə nə başa düşülür?

- Burada bərabər hüquq ancaq ərazi bütövlüyü məsələsinə şamil edilə bilər. Amma görünən odur Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmaqla məşğuldur. Ermənistanın istəyi regionun Yuqoslaviya və Kosovaya çevrilməsidir. Bu da çox təhlükəli bir yanaşmadır. Maraqlısı odur ki, erməni tərəfi ermənilərin təhlükəsizliyindən danışır, amma digər tərəfdən separatçılar orada çıxış edərkən heç bir halda Azərbaycana inteqrasiya olmayacaqlarını deyirlər.

- Paşinyan və komandası Qarabağa beynəlxalq qüvvələrin gətirilməsi kimi absurd iddialar səsləndirir. Bu cür yanaşmaları necə başa düşmək olar?

- Əgər Azərbaycanla Ermənistan arasında sülh prosesi üzərində iş gedirsə, burada dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasından söhbət gedir. Ona görə də, burada hər hansı bir yeniliyə ehtiyac yoxdur. Amma buna ehtiyac olacaqsa, yalnız məsələnin uzanmasına və yeni müharibənin labüdlüyünə gətirib çıxara bilər.

- Ermənistan və Rusiya XİN rəhbərlərinin Moskvada görüşü gözlənilir. Tərəflərin hansı istiqamətdə müzakirələr aparacağı gözlənilir? Bunun ardınca Azərbaycan tərəfi ilə də danışıqlar aparıla bilərmi?

- Bu görüş daha çox Ermənistan və Rusiya arasında olan münasibətlərlə bağlıdır. Sözsüz ki, Qarabağ ətrafında baş verənlər də burada müzakirə ediləcək. İndiki halda isə ABŞ və Rusiyanın Cənubi Qafqaza yanaşmasında bir qədər fərqliliklər var. Burada Qarabağla bağlı da fərqli düşüncələr mövcuddur. Bunlar Azərbaycan ictimaiyyətinə məlumdur. Sadəcə olaraq Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsində həmin o fərqli yanaşmalar üzə çıxarılmamalıdır.

- Burada Ermənistanın sobotaj etdiyi məsələ hansıdır?

- Erməni tərəfi iddia edir ki, Azərbaycan Rusiyanın sülh variantını qəbul ertməyib. İddia edilir ki, Azərbaycan bu məsələdə Amerika variantının tərəfdarıdır. Halbuki erməni tərəfinin özü əvvəlcə sülh prosesində Qərb variantını qəbul etmişdi. Qərb platformasındakı görüşlərdə bu, Ermənistan tərəfindən açıq şəkildə ifadə edilirdi.

- Bu mövqenin dəyişməsinə səbəb nə oldu?

- Ermənistan Rusiyanın təzyiqi ilə öz mövqeyindən geri çəkildi. Sadəcə olaraq burada açıq-aşkar olan məsələ odur ki, tərəflər bir-birinin sərhədlərini, ərazi bütövlüyünü tanıyır. Bunun ardınca isə Qarabağdakı erməni icması Azərbaycana inteqrasiya olunur.

- Bu baş verməsə proseslərin inkişafı hansı xətt üzrə gedəcək?

- Azərbaycanın bu şərtləri qəbul olunmasa, Qərbi Azərbaycan İcmasının qayıdışı prosesinin sürətləndirilməsi ilə bağlı tələblər irəli sürüləcək. Hətta sülh müqaviləsində də Qərbi Azərbaycana qayıdış məsələsi ortaya qoyulacaq. Hər halda indi Cənubi Qafqazda bu çağırışlar çox böyükdür. İndi çox təhlükəli məqamlar var. Bu, İran-Rusiya və ABŞ arasındakı geosiyasi konfrantasiya ilə birbaşa bağlıdır. Burada ermənilər isə çox kiçik qüvvədir. Ona görə də, erməni tərəfi burada subyekt yox, obyekt rolunu oynayır.

- Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaması bölgə üçün nə vəd edir?

- Bu sülh baş tutmasa, Cənubi Qafqazda ermənilərin gələcək mövcudluğu əslində geosiyasi konfrantasiyada qalib gələcək qüvvədən asılı olacaq. Burada İranın gələcəyi də əsas şərt kimi önə çıxan amillər sırasındadır.

Mənbə: teleqraf.com