Ritter erməni yalanını fakt kimi təqdim edir

Ritter erməni yalanını fakt kimi təqdim edir <span class="qirmizi"></span>

Əslində ermənilər Markus Ritterin sözlərini monipulyasiya ediblər. Ritter öz açıqlamasında ermənilərin ona Azərbaycanın yazda hücuma keçəcəyini dediklərini bildirib. O, eyni zamanda qeyd edib ki, əgər gözlənilən hücum baş verməsə, bu, AB missiyasının uğuru hesab ediləcək.

Bu sözləri Axar.az-a AB-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin son açıqlaması haqqında danışan siyasi şərhçi Fərhad Məmmədov deyib.

Siyasi şərhçi Ritterin sözlərinin Qərbin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sərgilədiyi mövqenin təzahürü adlandırıb:

“Yəni ermənilər mülahizə edib, uydurub, Markus Ritter isə yoxlamadan, dəqiqləşdirmədən bu yalanı fakt kimi əsas götürüb, onun haqqında fikir deyir, üstəgəl, hücumun baş verməməsi halında missiyanın uğur qazanacağını bildirir. Bax, belə yanaşmaya görə Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə işğal altında qaldı və biz 10 noyabr bəyanatının imzalanmasından 2,5 illik müddət keçməsinə baxmayaraq, hələ də tam sülhə nail ola bilmirik.

Əlbəttə ki, AB missiyası rəhbərinin belə bir bəyanatla çıxış etməsi birmənalı şəkildə qəbuledilməzdir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi Ritterin açıqlamasına münasibətini bildirib. Digər tərəfdən bu, həm də AB-yə olan etimada, onun nüfuzuna böyük zərbədir. Azərbaycanın heç vaxt Ermənistan əraziləri ilə bağlı iddiası olmayıb. Əksinə, rəsmi Bakının sülh təklifi qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və daxili işlərə qarışmamaq prinsipini özündə əks etdirir. Dövlətimizin Ermənistana sərhəd-keçid məntəqələrinin qurulması ilə bağlı təklifi elə ərazi bütövlüyünün tanınması deməkdir. Uydurma, əsaslandırılmamış bəyanatların verilməsi isə vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edir”.

Mənbə: axar.az