İsrail daim haqq səsimizə dəstək verib: Azərbaycan yeganə ölkədir ki...

İsrail daim haqq səsimizə dəstək verib: <span class="qirmizi">Azərbaycan yeganə ölkədir ki...</span>

"Danılmazdır ki, Azərbaycanda dim yüksək tolerant mühit hökm sürüb. Burada yaşayan digər azsaylı xalqlarla yanaşı, yəhudilər də hər zaman yerli əhaliyə qaynayıb-qarışmış, ölkənin ictimai-siyasi, mədəni həyatında aktiv iştirak etmiş, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq sərgiləmişlər. Hətta qeyd edim ki, bəlkə də, Azərbaycan dünyada yəhudilərlə hər zaman dostluq əlaqələrini qoruyub saxlayan, onları heç bir deportasiyaya məruz qoymayan yeganə dövlətdir".

Bunu Publika.az-a açıqlamasında deputat, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.

 

“Sevindiricidir ki, İsrail daim Azərbaycanın haqq səsinə dəstək verib. Bu da, onun uzun illərə söykənən qardaşlıq münasibətlərinə sadiq qalmasının göstəricisidir. Onu da vurğulayım ki, İsrail Azərbaycanın müstəqilliyini ilk (1991) tanıyan dövlətlərdən biridir. Hər iki dövlət arasındakı diplomatik əlaqələrə gəlincə, bunun təməli 1992-ci ildə qoyulub və 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ötən illər ərzində ikitərəfli münasibətlər daha sıx və dinamik şəkil alıb”, - millət vəkili diqqətə çatdırıb.

N.Həmzəyev İsraildə Azərbaycan səfirliyinin açılmasının mütərəqqi hal olduğunu söyləyərək, bu qərarın iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, martın 29-da Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.

Mehti Kamiloğlu

Mənbə: publika.az