“Rusiyanın çoxdan gözlənilən yaz hücumu uğursuzluğa düçar oldu” – “Putin Qara dənizə taktiki nüvə silahı ata bilər”

“Rusiyanın çoxdan gözlənilən yaz hücumu uğursuzluğa düçar oldu” – “Putin Qara dənizə taktiki nüvə silahı ata bilər”<span class="qirmizi"></span>

“Böyük Britaniyanın vəd etdiyi 14 ədəd “Challenger 2” tankı artıq Ukraynaya təhvil verilib. Bu tanklardan əlavə Ukrayna Almaniyadan 18 ədəd “Leopard 2” tankı, ABŞ-dan isə 31 ədəd “M1 Abrams” alacaq. Tankların tezliklə döyüş meydanında olacağına dair söz verən Ukraynanın müdafiə naziri Oleksey Reznikov “Challenger 2”-ləri “fantastik maşınlar” adlandırıb. Əlbəttə, 75 tonluq “Challenger 2”-lərin hərb tarixində tayı-bərabəri yoxdur. Onun 120 mm-lik silahı iki mil məsafədəki zirehləri belə deşmək qabiliyyətinə malikdir. Bu tank 1991-ci ildə Körfəz Müharibəsi zamanı İraq ordusuna məxsus avtomobili 4,7 kilometr məsafədən məhv edərək, rekorda imza atmışdı. Lakin “Challanger 2”-lər müharibənin gedişatına təsir edəcək qədər güclü olsa belə, təkbaşına Ukrayna müharibəsinin taleyini həll edə bilməz. Rusiya hələ də Ukraynanın 40 min kvadrat mil ərazisini işğal altında saxlayır və onun hazırda aktiv vəziyyətdə 800 min əsgəri var. Vladimir Putini məğlub etmək üçün Ukraynaya Britaniya tanklarından əlavə çox şey lazım olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunları Britaniya ordusunun ehtiyyatda olan polkovniki, NATO-nun əsas planlayıcılarından olan Filip İnqram “Daily Mail” nəşrində yayımlanan məqaləsində yazıb.

Həmin məqalənin tərcüməsini təqdim edirik:

“Rusiyanın çoxdan gözlənilən yaz hücumu uğursuzluğa düçar oldu. Çünki Rusiya növbəti dəfə yanlış hesablamalar aparmışdı. Qışda donan torpaq səthi sürətlə əridi və Ukraynanın böyük ərazilərini bataqlığa çevirdi. Nəticədə Rusiyanın 45 tonluq T-72 tankları çəkisi ağır olduğu üçün qısa zamanda bataqlığa qərq oldu. Rusiya tankları hazırda yalnız beton yollarda istifadə edilir ki, bu da onları asanlıqla hədəfə çevirir. Lakin eyni şeylər Ukrayna üçün də keçərlidir. Çünki Qərb tankları rus tanklarıyla müqayisədə daha ağırdır. Məsələn, ABŞ-ın “M2 Bradley” döyüş maşınının çəkisi ən azı 25 tondur.

Bu o deməkdir ki, Ukraynada torpaqlar qurumayana qədər bu cür döyüş vasitələrinin aktiv istifadəsi mümkün görünmür. Bunun üçün ən azı iyun ayına qədər gözləmək lazımdır. O vaxta qədər Qərbin vəd etdiyi silahlar Ukraynaya təhvil veriləcək. Zelenski 300 ədəd tank istəsə də, təxminlərə görə Ukraynaya 700 və ya daha çox tank göndəriləcək. Bundan əlavə, Ukraynaya 350 piyada döyüş maşını, 1000-dən çox zirehli personal daşıyıcısı, həmçinin 320 özüyeriyən artilleriya sistemi vəd edilib. Ancaq bu silahları istifadə etmək üçün ukraynalı hərbçilərə keçirilən təlimlər çox vaxt aparacaq. Təkcə tank birqadasını döyüşə hazırlamaq üçün iki il vaxt lazımdır. Ukraynalı ekipajlar bütün bunları bir neçə ay ərzində öyrənməyə çalışırlar. Ancaq bu döyüş meydanında o qədər də yaxşı effekt verən bir üsul deyil.

Ötənilki sürətli irəliləyişlərdən sonra Rusiya Ukrayna ərazisinin 51 min kvadrat milini işğal etmişdi. Keçən ilin yayında əks-hücum başlayandan bəri ukraynalılar təqribən 11300 kvadrat mil ərazini düşməndən təmizləməyi bacarıb. Lakin Rusiya hələ də Ukrayna ərazisinin 40000 kvadrat milinə (17 faizi) nəzarət edir.

Hazırda Ukraynanın şərqindəki döyüş cəbhəsinin uzunluğu 700 mildən çoxdur. Bu, Londondan Barselonaya qədər olan bir məsafə deməkdir. Moskva faktiki olaraq bütün rus ordusunu işğala cəlb edib. Putinin qüvvələri batalyon taktikası şəklində təşkil olunub. Döyüş meydanında ümumilikdə Rusiyanın 168 batalyonu var və onlardan 115-i hazırda Ukraynadadır. Döyüş meydanında artilleriya, zirehli maşınlar və tanklardan təşkil olunan batalyonların sayı isə 40-a yaxındır. Lakin bu böyük hərbi mövcudluq belə bütün cəbhə xəttini idarə etmək üçün kifayət deyil. Buna görə də rus ordusu Donetsk bölgəsindəki Baxmut kimi mərkəzi nöqtələrdə cəmləşməyə çalışır.

Son statistik rəqəmlərə görə, hazırda rusların 1 milyon 330 min 900 hərbçisi, 4182 təyyarəsi, 1531 helikopteri və 773 qırıcı təyyarəsi, 12566 tankı, 151641 zirehli texnikası, 6575 özüyeriyən artilleriya sistemi var. Müqayisə üçün Ukraynanın 312 təyyarəsi, 113 helikopteri və 69 qırıcı təyyarəsi var. Rusiya hərbi texnika sarıdan Ukraynadan ən azı 4-6 dəfə öndədir.

Lakin yalnız atəş gücünə müharibələrdə qalib gəlmək olsaydı, onda bu müharibə çoxdan bitmiş olardı. Rusiyanın mühüm hərbi komponenti - komanda birliyi yoxdur. Rusiyanın işğalı sonlandırmaq niyyətində olan daha kiçik, lakin yüksək motivasiyalı orduya qarşı, edə biləcəyi yeganə şey tutduğu əraziləri əlində saxlamaq ola bilər. Ukrayna qüvvələri isə qarşıdakı aylarda cəbhə xəttini yarmağa çalışacaq. Lakin onlar rusların tədarük yollarını kəsə bilməsələr, düşməni məğlub edə bilməyəcəklər. Putin heç bir halda öz qüvvələrinin geri çəkilməsinə icazə verməyəcək. O, indi zamana qarşı yarışır. Rusiya lideri gələn il ABŞ və Britaniyada keçiriləcək seçkiləri gözləyir və bu prosesə təsir etməyi planlaşdırır. Bunun üçün kiber əməliyyatlarını gücləndirən Rusiya, sosial media üzərindən saxta xəbərlər tirajlamağa başlayıb.

Rusiya yaxşı bilir ki, əgər Respublikaçılar Ağ Evi ələ keçirsələr, ABŞ-ın Ukraynaya dəstəyi böyük ölçüdə azalacaq. Buna nail olmaq üçün Putin nüvə təhdidlərini artıracaq və Qərbi boyun əyməyə vadar etməyə çalışacaq. Əgər Putinin döyüş meydanındakı ağır itkiləri davam edərsə, o, hətta son xəbərdarlıq olaraq taktiki nüvə silahından isitifadə edərək, Qara dənizə bir kilotonluq bomba belə ata bilər”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Mənbə: azpolitika.info