Daşnaklar 1918-ci ilin martında Cənubi Azərbaycanda nələr etdilər...

Daşnaklar 1918-ci ilin martında Cənubi Azərbaycanda nələr etdilər...<span class="qirmizi"></span>

Faiq Ələkbərli: "Urmiyada, Salmasda və başqa şəhərlərdə Azərbaycan türkləri ermənilərdən, aysorlardan və digər xristian xalqlardan ibarət yaradılan ordunun təcavüzünə məruz qalıblar"

"Güney Azərbaycanın qanla yazılan tarixi" rubrikasında Güney Azərbaycanda erməni daşnaklarının törətdiyi kütləvi soyqırımlara bağlı ikinci yazını təqdim edirik.

1918-ci ildə erməni daşnak dəstələri Azərbaycanın Güneyində və Quzeyində Azərbaycan türklərinə qarşı soyqırım cinayətləri həyata keçiriblər. Uzun illər bu məsələ qapalı qalsa da, illərdir ki, araşdırılır, öyrənilir. Təəssüflər olsun ki, beynəlxalq aləm hələ güneyli-quzeyli azərbaycanlıların soyqırımına reaksiya verməyib. Amma xalq olaraq biz bu faciənin kokündə duran səbəbləri yaxşı bilirik. Güney Azərbaycanın elə bir şəhəri, kəndi tapılmaz ki, ermənilər orada soyqırım törətməsin.

"Daşnak dəstələri soydaşlarımızın böyük əksəriyyətini qətlə yetirib, qalanları isə sürgünə məcbur edirdilər".

Mövzu ilə bağlı "Bakı-Xəbər"ə danışan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli bildirdi ki, ermənilərin məqsədi azərbaycanlıları tamamilə soyqırım etmək olub.

"Əlbəttə, 1918-ci ilin fevral, mart-aprel aylarında ermənilər yalnız Azərbaycanın Quzeyində soyqırımlar həyata keçirməyiblər, bu dövrdə həm də Azərbaycanın Güneyində soyqırımlar törədiblər. Qacarlar dövlətinin əsas vilayətlərindən olan Azərbaycan vilayətinin şəhərlərində, xüsusən də Urmiyada, Salmasda və başqa şəhərlətdə Azərbaycan türkləri ermənilərdən, aysorlardan və digər xristian xalqlardan ibarət yaradılan ordunun təcavüzünə məruz qaldılar. Soydaşlarımıza qarşı soyqırım törədilib. Bu soyqırımı həyata keçirənlər özlərini "xristian ordusu kimi qələmə verirlər. Çünki, onların əsas qüvvələri xristian ermənilərdən, aysorlardan ibarət idi. Düzdür, orada yezidi kürdlərin də müəyyən əli olub. Məqsəd nə idi? Fikir versəniz görərsiniz ki, proses eyni dövrdə baş verib, paralel şəkildə həyata keçirilib. Burada məqsəd türk - müsəlman əhalisini məhv etmək, repressiyaya məruz qoymaq idi. O vaxt onlar belə bir əsassız iddia səsləndirirdilər ki, türklər bura Altaydan gəlmədilər, ona görə də onları ya tamamilə məhv etmək, ya da "gəldikləri yerə" sürgün etmək lazımdır. Məqsəd bütün türkləri məhv etmək, yerdə qalanları isə Türkiyəyə, başqa yerlərə qovmaq, yerində xristian dövləti yaratmaq idi.

Azərbaycanın Quzey torpaqlarının hesabına Ermənistan, yuxarıda isə hətta Gürcüstan da yaradıldı. Ancaq onlar bununla kifayətlənmək istəmirdilər, əsassız torpaq iddialarını Urmiyaya, Salmasa, Makuya, bütövlükdə, Güney Azərbaycan ərazində qarşı sürürdülər.

Bu səbəbdən də Güneydə də soyqırım törətdilər. Güneydə soyqırım törədən "xristian ordusu" nun arxasında ABŞ, Sovet Rusiyası, Fransa kimi ölkələr durub ki, onları maliyyələşdiriblər. Məsələn, təkcə Urmiyada mart ayında 3 gün ərzində on minlərlə insan qətlə yetirilib. Eyni proses Salmasda və başqa şəhərlərdə də baş verdi. Daşnak dəstələri soydaşlarımızın böyük əksəriyyətini qətlə yetirib qalanları isə sürgünə məcbur edirdilər". F.Ələkbərli vurğuladı ki, bunların hamısı böyük dövlətlərin əli ilə baş verib. ABŞ, Fransa, Britaniya daha çox maraqlı idi ki, burada türk-müsəlman əhalisini məhv etsinlər. Xüsusilə də məqsəd Osmanlının yanı başında Azərbaycan Cumhiriyyıtinin yaranmasının qarşısını almaq idi. "Qarşılarına məqsəd qoymuşdular ku, belə bir dövlət yaranmasın. Biz bilirik ki, Sovet Rusiyasının rəhbəri Vladimir İliç Lenin də Qafqazın fövqaladə və səlahiyyətli komissarı vəzifəsinə daşnak Stepan Şaumyanı təyin etmişdi. O da o vaxt Bakı Xalq Komissarları Sovetinin sədri idi. O dövrdə demək olar ki, Quzey Azərbaycanın yarısına bir yandan Şaumyan və digər daşnaklar, bolşeviklər nəzarət edirdisə, Azərbaycanın Güneyində də eyni şəkildə qondarma xristian dövləti yaradıb aysor, erməni və başqa bir millətin nümayəndəsini rəhbər vəzifəsinə gətirmək istəyirdilər. Düzdür, Azərbaycanın Güneyində bu baş tutmadı. O zaman Osmanlı ordusundakı İhsan paşanın yardımı nəticəsində qətl törədənlərin hamısını məhv etdilər. "Xristian ordusu" deyilən "ordu" tamamilə məhv edildi" - deyə bildirən F.Ələkbərlinin sözlərinə görə, 1918-ci ildə Azərbaycanın Quzeyində və Güneyində yüz mindən artıq insan soyqırıma məruz qalıb.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com