Simin Səbri: İranda milli azlıqlar daha mütəşəkkil şəkildə hərəkət etməlidirlər

Simin Səbri: İranda milli azlıqlar daha mütəşəkkil şəkildə hərəkət etməlidirlər

Simin Səbri farsca yetərlilik testini demokratiya, insan haqları və uşaq haqlarına zidd olan bir təşəbbüs kimi dəyərləndirir və bu haqda sükut saxlayan farsdilli media və İran müxalifətini tənqid edir. Eyni zamanda o, qeyri-fars icmaların da bu layihəyə qarşı mütəşşəkil şəkildə təpki göstərə bilmədiklərini önə çəkir.

Siyasi fəal və psixiatr-həkim Amerikanın Səsi ilə söhbətdə yetərlilik testi ilə bağlı müxtəlif siyasi qrupların münasibəti haqqında danışıb. O, bu təşəbbüsün qeyri-fars uşaqların təhsil və ictimai həyatı üzərində mənfi təsirlərini dəyərləndirib.

Xüsusilə sekulyar-demokrat olduqlarını iddia edənlərdən gözlənilirdi ki, demokratiya, insan haqları və uşaq haqlarına zidd olan bu layihəyə mütləq təpki göstərsinlər

“Burada bir ortaq məsələ var. Təbii olaraq gözlənilirdi ki, həm fars həm də qeyri-fars müxalifət, xüsusilə sekulyar-demokrat olduqlarını iddia edənlər, demokratiya, insan haqları və uşaq haqlarına zidd olan bu layihəyə mütləq təpki göstərsinlər... amma, biz nədənsə fars mərkəzli mediada, ana mediada bunu görmədik,” siyasi fəal deyir.

Simin Səbrinin mənsub olduğu “Azərbaycan Demokratik Birliyi” təşkilatının tərkibində olduğu “İranda azadlıq və bərabərlik üçün həmrəylik” ittifaqı bir bəyanat yayımlayaraq farsca yetərlilik testi təşəbbüsünü qeyri-fars kimlikləri məhv etmə istiqamətində atılmış bir addım kimi dəyərləndirib.

Səbrinin sözlərinə görə, ittifaqın tərkibində olan “İran Sol Sosialistlərinin Müvəqqət Şurası”, “İran Xalq Fədailərinin Birliyi Təşkilatı” və “İran Demokrat və Laik Cümhuriyyətçilər Hərəkatı” təşkilatları bu bəyanata qol çəkiblər.

İran məktəblərində tətbiq olunan yeni dil testi milli azlılqar tərəfindən hiddətlə qarşılanır.

O, hakimiyyətin qeyri-demokratik addımlarına kəskin təpki göstərmək üçün ittifaqlar və əməkdaşlıq platformlarının önəmli olduğunu qeyd edir:

“Biz bir-birimizin yanında durmağı məşq etsək, baxmayaraq ki başqa məsələlərdə fərqli düşünürük, amma ortaq əsas istəklərimizdə bir-birimizlə işbirliyi etməyi bacarsaq, sadəcə varlığımız belə bir hərəkətləndirici amil olar. Çünki, biz onlarla danışırıq, iclaslar keçiririk. Bizim uşaqların hüquqlarına təcavüz baş verikdə onlar səssiz qala bilməz.”

Qeyri-farslar olaraq biz nə qədər həmrəylik yarada bildik? Qol-qola, çiyin-çiyinə.. Biz türklər öz aramızda, kürdlər də öz aralarında. Bu da çox gözə çarpmadı.

Simin Səbri qeyri-farsların problemləri mövzusunda səssiz qalan qrupların hamısını eyni kategoriyada dəyərləndirmir.

“Məsələn, monarxistlərin bu məsələdə susması fərqlidir, xüsusilə onlar ki deyirlər, farsca bu torpaqların əbədi və əzəli dilidir. Bunların susması ilə feminist qrupların susması eyni şey deyil. Təbii ki, bizim gözləntilərimiz feminist qruplardan tamamən fərqlidir. Onlardan umduğumuz çoxdur... Amma, bir məsələ də var, biz qeyri-farslar olaraq nə qədər həmrəylik yarada bildik? Qol-qola, çiyin-çiyinə.. Biz türklər öz aramızda, kürdlər də öz aralarında. Bu da çox gözə çarpmadı,” siyasi fəal əlavə edir.

Mənbə: www.amerikaninsesi.org