TRAMP QRENLANDİYANI NİYƏ ALMAQ İSTƏYİR?- Strateji maraq, yoxsa tarixə Conson və Ceffersonla bir sırada düşmək planı?

TRAMP QRENLANDİYANI NİYƏ ALMAQ İSTƏYİR?- Strateji maraq, yoxsa tarixə Conson və Ceffersonla bir sırada düşmək planı?

“bbc.com/russian”,

(Rusiya)

Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı almaq istədiyini bəyan etdi, Danimarka isə 70 il əvvəl olduğu kimi, təklifə rədd cavabı verdi. Bunun ardınca Tramp krallığa gələn ay üçün nəzərdə tutulan səfərini təxirə saldı. Belə görünür ki, Danimarkanın cavabı Ağ Ev sahibinin ürəyincə olmadı. Əks halda, xeyli əvvəldən planlaşdırılan səfərlə bağlı qərarını dəyişməzdi.

Maraqlıdır, Tramp planetin ən böyük adasını niyə almaq istəyir? Ümumiyyətlə, Qrenlandiya adasının dəyəri nə qədərdir və Rusiya ilə Çinin bu məsələylə hansı əlaqəsi var?

 

Qrenlandiya nələri ilə zəngindir?

 

80 faizi buzla örtülü olan Qrenlandiyada 60 minə yaxın əhali yaşayır. Ada əsasən buzla əhatə olunsa da, sahilə yaxın xeyli balıq var və buzlar əriyərkən qazıntıları çıxarmaq daha asan olur.

Qrenlandiyada neft, uran, həmçinin nadir torpaq metalları var. Bu metallar müasir yüksək texnologiyaların istehsalı üçün həyati əhəmiyyət daşıyır. Düzdür, bu metalların 70 faizi Trampın hazırda ticarət savaşı apardığı Çində hasil olunur. Amma Çin özü də Afrikada nəhəng yataqlar alıb. Və dünya bazarına bu metalların tədarükünü məhdudlaşdırmayacağı ilə bağlı sözünü tutarsa, açıq ehtiyatlar sadəcə bir neçə onillik üçün yetərli olacaq.

Birləşmiş Ştatlar planetin ən zəngin dövlətidir, yüksək texnologiyalar üzrə dünya lideridir və nəhəng neft istehsalçısıdır. Bu mövqelərini qorumaq üçün Qrenlandiya Amerika üçün olduqca uyğun variantdır.

Qrenlandiya Pentaqonun nəyinə lazımdır?

Qrenlandiya ABŞ üçün strateji baxımdan da faydalıdır. Ada strateji əhəmiyyətli Arktikada yerləşir. Avropadan Şimali Amerikaya ən qısa yol Qrenlandiyadan keçir. Yeri gəlmişkən, ada coğrafi baxımdan Şimali Amerikaya daha yaxın olsa da, Danimarkanın muxtar ərazisi hesab olunur.

“Qrenlandiyanı almaq strateji baxımdan əla olardı”, – deyə Tramp adanı almaq niyyətinə belə izah verib.

SSRİ ilə “soyuq savaş” dövründən bu yana ABŞ-ın bu adada hərbi bazası var. Pentaqon Çin və Rusiyadan gələn təhdidlərə qarşı Arktikadakı iştirakını genişləndirməkdə maraqlıdır.

1946-cı ildə – savaş sonrası dünya Qərb və sovet təsir dairəsi arasında bölünəndə ABŞ-ın 33-cü prezidenti Harri Truman Qrenlandiyanı almaq üçün 100 milyon dollar təklif etmiş və rədd cavabı almışdı.

Arktikada ticarət marşrutu ideyasını inkişaf etdirən Çin ötən il Qrenlandiyada iki hava limanı tikmək üzrə idi. Lakin Danimarka muxtariyyət səlahiyyətlilərini hər iki müqaviləni ona (Kopenhagenə) verməyə razı saldı.

Rusiya da öz növbəsində, Frans-İosif torpaqlarındakı hərbi bazasını genişləndirməklə Arktikadakı hərbi gücünü artırır. Baza ərazisindəki “Naqurskoye” hava limanı qırıcılara və bombardmançılara yanacaq doldurmaq üçün istifadə olunan ağır İL-78-ləri qəbul etməyə hazır vəziyyətdədir.

 

Trampın məqsədi nədir?

 

Tramp bütün həyatı boyu torpaq alıb, üzərində evlər tikib, mənzillər satıb. İndi o, prezidentdir və söz verir ki, Qrenlandiyaya sevimli adası Manhetten kimi yanaşmayacaq. “Söz verirəm ki, Qrenlandiya ilə bağlı bunu etməyəcəm”, – deyə ABŞ prezidenti bildirib.

Lakin Trampın şəxsi maraqları pulla məhdudlaşmır. Qrenlandiyanı almaqla o, tarixə Endryu Conson və Tomas Ceffersonla eyni sırada düşmək istəyir. ABŞ-ın adıçəkilən prezidentləri vaxtilə Birləşmiş Ştatlara Alyaska və Luizananı almışdılar.

Tramp Qrenlandiyanı almağı bacararsa, yəqin ki, karyerasının bütün mübahisəli nailiyyətləri kölgədə qalar və əsrlər boyu şöhrət sahibi olar.

Bu miqyasda torpaqlar (xüsusən də əhalisi ilə birlikdə) çoxdandır ki, satılmır və bu səbəbdən də adanı dəyərləndirmək o qədər də asan deyil. Amma təqribi qiymət söyləmək olar. Cefferson Luiziananı 19 əsrdə fransızlardan 15 milyon dollara almışdı. Yarım əsr sonra Conson Alyaskanı ruslardan bu məbləğdən iki dəfə ucuz satın ala bilmişdi. Hətta inflyasiyanı nəzərə alsaq, indi bu qiymətə nəinki ada, heç Manhettendə ev almaq mümkün olmaz.

 

Danimarkaya pul lazımdırmı?

 

Hazırkı qiymətləri əsas götürsək, Luiziananın dəyəri təqribən 1 trilyon dollardır. Arktikanın iqtisadi və strateji potensialını nəzərə alsaq, Qrenlandiyanın qiyməti bir neçə dəfə çox olar.

“Onlar çox əziyyət çəkirlər. Qrenlandiyanı saxlamaq üçün təqribən 700 milyon dollar itirirlər”, – deyə Tramp adanın Danimarkaya yük olduğunu qabartmağa çalışıb.

Danimarka həqiqətən də Qrenlandiyaya ildə 640 milyon dollar ayırır. Lakin bu, dənizdə bir damladır. Danimarka öz vətəndaşlarının yaşamına illik 170 milyard dollar ayırır.

Bundan başqa, Danimarka dünyanın ən zəngin ölkələrinin ilk onluğuna daxildir. Ölkə üçün pul o qədər lazımsızdır ki, Mərkəzi Bank vətəndaşlara krediti illik 0,05 faizlə verir.

 

ABŞ-ın Qrenlandiyanı almaq üçün pulu varmı?

 

Danimarkadan fərqli olaraq ABŞ-ın borcu ölkə ÜDM-sini üstələyir. Amerikalıların 22 trilyon borcu var və bu məbləğ azalmır. Üstəlik ABŞ-ın bu borcu artırmaq üçün geniş imkanları var. Dünyada demək olar ki, qazanclı və etibarlı aktivlər olmadığından dollar istiqrazlarına böyük tələbat var.

Düzdür, Tramp bu böyüklükdəki xərcləri Konqresdə təsdiqləməlidir. Məsələn, ABŞ prezidenti Meksika ilə sərhəddə divarın inşası üçün hələ də Konqresdən müsbət cavab ala bilməyib.

Danimarkaya gəlincə, ölkə rəsmiləri Qrenlandiyanı ABŞ-a satmaq fikrini yaxın belə, buraxmırlar. “Qrenlandiya satılmır. Qrenlandiya Danimarkaya məxsus deyil, Qrenlandiyaya məxsusdur”, – deyə ölkənin baş naziri Mette Frederiksen bildirib.

Baş nazir Trampın ideyasının absurd olduğunu da deyib: “Çox ümid edirəm ki, o, bunu ciddi deməyib”.

Trampın bir yolu qalır, o da separatçılara ümid etmək. Əgər azadlıqsevər qrenlandiyalılar müstəqilliklərini elan etmək istəsələr, bu zaman satışa da razı olacaqlar. Və Qrenlandiya dərhal milyonerlər adasına çevriləcək. Adaya hətta ən minimal məbləğ – 1 milyard dollar belə, verilsə, bu o deməkdir ki, hər sakinin payına təqribən 18 milyon dollar düşəcək…

Tərcümə etdi: G.Hüseynova

Strateq.az

Mənbə: strateq.az