Köçəryan üçün son ümid: Avropa onu xilas edəcək?

Venesiya Komisiyası Ermənistanın eks-prezidenti Robert Köçəryanın işi ilə bağlı məşvərətçi rəy verməyə hazırdır.

Ermənistan Konstitusiya Məhkəməsinin yaydığı məlumatda belə deyilir. “Venesiya Komissiyasının direktor-katibi Tomas Markert Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana göndərdiyi məktubda bildirib ki, komisiya məvərətçi rəy verməyə hazırdır”.

Qeyd edək ki, iyulun 18-də Konstitusiya Məhkəməsi Robert Köçəryan barəsində İrəvanın ümumi yurisdiksiyası məhkəməsinin Cinayət Məcəlləsinin 300.1-ci maddəsi ilə çıxartdığı həbs qərarının Ermənistan Konstitusiyasına uyğun olub-olmadığını müəyyənləşdirmək üçün məşvərətçi rəy almaq məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsinə və Venesiya Komisiyasına müraciət etmək barədə prosesual qərar qəbul edib.

Robert Köçəryan 2008-ci ildə dövlətin konstitusion quruluşunu devirməkdə ittiham olunur. Lakin sabiq prezident ona qarşı yönəlmiş bu ittihamlarla razılaşmır. Vəkillərin iddiasına görə, Köçəryanın cinayət təqibinin heç bir hüquqi əsası yoxdur və ona qarşı 2008-ci il hadisələri ilə əlaqədar Cinayət Məcəlləsinin 300.1-ci maddəsi ilə ittiham irəli sürülə bilməz. Çünki bu maddə qanunvericiliyə 2009-cu ildə əlavə olunub. Üstəlik, 300.1-ci maddədə nəzərdə tutulmuş cinayət tərkibi 2008-ci ilin fevral-mart hadisələri zamanı mövcud olmayıb. Ona görə də R. Köçəryan Avropa Şurası Venesiya Komisiyasının və Avropa İnsan Haqları Məhkəməsinin ona qarşı irəli sürülən ittihamın konstitusiyaya uyğun olmadığına dair məşvərətçi rəy verəcəyinə ümid edir. Bununla da cinayətkar prezidentin müdafiəçiləri həbs qərarının dəyişdirilməsinə çalışır. Bəs Avropa İnsan haqları Məhkəməsi və Venesiya Komissiyası dinc insanları kütləvi şəkildə gülləbaran etdirmiş R. Köçəryanın həbsini qanunsuz hesab edəcəkmi? İndi Ermənistanın yalnız siyasi dairələri deyil, həm də bütün ictimaiyyət bu sualın cavabını gözləyir. Mövcud maddi sübutların təhlili Avropa qurumlarının R.Köçəryanın həbsinin konstitusiyaya zidd olması və cinayət işinin icraatının dayandırılması barədə tövsiyə verəcəyi inandırıcı görünmür.

İlk növbədə, R.Köçəryanın əmri ilə dinc mitinqə atəş açıldığını sübut edən çoxsaylı şahid ifadələri, video və foto materiallar var. 2008-ci il martın 1-dən 2-ə keçən gecə İrəvanın “Teatr” meydanında Prezident seçkilərinin nəticələrinə etiraz edən çoxsaylı mitinqin gülləbaran edilməsi zamanı ən azı 10 nəfər ölüb, 200 nəfərə yaxın insan yaralanıb. Aksiya iştirakçılarının bəziləri aldığı güllə yarasından əlil olub. Ona görə də R.Köçəryana ittiham irəli sürənlər arasında Ermənistan Dövlət Təhlükəsizlik dövlət orqanlarından əlavə, 1 mart hadisələri zamanı öldürülənlərin ailə üzvləri və yaralanmış vətəndaşlar da yer alır. Həmin şikayətlər R.Köçəryanın seçkilərin nəticələrini həmin vaxt Baş nazir postunu tutan Serj Sarksiyanın xeyrinə saxtalaşdırmaq və hakimiyyəti zorakı yolla ələ keçirmək üçün dinc nümayişçilərə atəş açmaq əmrini verdiyini təsdiq edən maddi sübutlardır.

Hətta Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun apardığı istintaq zamanı mitinq iştirakçılarını güllələmək üçün Dağlıq Qarabağdan Samvel Karapetyanın başçılığı altında ən azı 50 avtomobildə silahlı dəstələrin əvvəlcədən İrəvana gətirilərək yerləşdirildiyi aşkar edilib. Samvel Karapetyan isə özünün bu cinayətin törədilməsində əlinin olmadığını, sadəcə olaraq əsgərləri təhvil verib Qarabağa qayıtdığını deyib. Samvel Karapetyanın sözlərinə görə, silahlı dəstələr Prezident Aparatının zirzəmisində yerləşdirilib və prezident Köçəryan aşağı düşərək onlarla görüşüb. Onun bu açıqlaması qırğının həyata keçirilməsinə Köçəryanın birbaşa rəhbərlik etdiyini göstərir.

İkinci mühüm dəlil R.Köçəryanın ali baş komandan kimi həmin vaxt imzaladığı xüsusi sənəddir. Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra R.Köçəryanın imzaladığı 0038 saylı məxfi sənəd “ölkədə sabitliyin və dövlət quruluşunun müdafiəsi məqsədilə güc tətbiqini” nəzərdə tutur. Yəni həmin sənədlə Ermənistan Müdafiə Nazirliyinə mitinqə atəş açmaq əmri verilib. Həmin dövrdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini tutan Seyran Ohanyan da həm mətbuata açıqlamasında, istintaqa verdiyi ifadədə atəşin R.Köçəryanın imzaladığı 0038 saylı əmrlə həyata keçirildiyini etiraf edib. Lakin bunu cinayət hesab etmədiyini deyən Ohanyan, həmin sənədi, ölkədə sabitliyin qorunması naminə atılmış zəruri addım adlandırıb.

Qeyd edək ki, Avropa Məhkəməsinin və Venesiya Komisiyasının yekun rəyinə gəlincə, həmin qurumların R.Köçəryanı müdafiə edəcəyi real görünmür. Çünki Avropa qurumlarının qərarları bir-birilə ziddiyyət təşkil etmir. Belə ki, Avropa İnsan Haqları Məhkəməsinin “Levon Ter-Petrosyan Ermənistan Respublikasına qarşı” adlı 2019-cu il 28 mart tarixli qərarı var. Avropa Məhkəməsi Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın 2008-ci il 1 mart hadisələri üzrə şikayətini təmin edib. Qərarda 2008-ci il martın 1-dən 2-ə keçən gecə dinc mitinqə Ermənistan hakimiyyəti tərəfindən atəş açıldığı, silahdan, qətl, zorakılıq və həbsdən istifadə etməklə müxalifətin sərbəst toplaşmaq azadlığının qarşısının alındığı, seçkilərin saxtalaşdırıldığı, buna etiraz edən vətəndaşlara ordunun vasitəsi ilə güc tətbiq edildiyi qeyd edilir.

Ona görə də Avropa Məhkəməsinin, eləcə də Avropa Şurası Venesiya Komissiyasının sözügedən qərarı təkzib edərək R.Köçəryanın həbsinin konstitusiyaya uyğun olmadığı barədə rəy verəcəyi reallığa uyğun gəlmir.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın Ermənistana maliyyə yardımını kəsməsinin səbələri — Politoloqların şərhi

SONRAKI XƏBƏR

Günəş sistemində iki unudulmuş planet tapıldı - İlk dəfə AÇIQLANAN FAKTLAR