Pənah Hüseyn yazdı: “AXC İcraiyyə Komitəsi”-TARİX

Pənah Hüseyn yazdı: “AXC İcraiyyə Komitəsi”-TARİX

Əbülfəz Elçibəy hökumətinin Baş Naziri Pənah Hüseyn özünün facebook səhifəsində Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsindən yazıb. Xural.com Pənah Hüseynin statusunu təqdim edir:

“AXC-nin I qurultayı zahirən milli demokratik hərəkatın ən eniş və Mütəllibov iqtidarının ən stabil və möhkəm görünən dövründə 1991-ci ilin iyul ayının 13-dən 17-dək Bakı şəhərində keçirildi.
AXC I qurultayında AXC Nizamnaməsinin yalnız 6-cı bəndi (AXC respublika orqanları) qəbul edildi. 6-cı bəndin 9.1-ci maddəsinə görə AXC İdarə heyəti ləğv edilir və əvəzində sədrin təqdimatı əsasında icra aparatı yaradılır. Digər iki maddəyə əsasən AXC sədri yanında sədrin təyin etdiyi şəxslərdən ibarət Məsləhət Şurası olur. Sədrin müavinləri vəzifəsi təsis olunur. AXC sədri İcra Aparatının fəaliiyəti barədə Məclisdə Hesabat verir.
Qurultayın gedişində mətbuatda artıq keçmiş İdarə Heyəti üzvü kimi mənim bu dəyişiklik barədə rəyim dərc olunmuşdu. “Dəyişiklikdən məqsəd icra orqanının daha da gücləndirilməsi, eyni zamanda Məclisin qərarverici, sərəncamverici rolunun artırılması idi. Keçmiş İdarə Heyəti həm qərar verir, həm də bu qərarı yerinə yetirirdi. Bu isə icra orqanı kimi onun işini çətinləşdirirdi. Həmin dolaşıq məsələ qurultayda öz həllin tapdı və icra orqanlarının səlahiyyət həddi dəqiq müəyyən olundu.”
17 iyulda AXC 1-ci qurultayının işində fasilə elan edildi…
…I Qurultaydan sonra AXC sədri Əbülfəz Elçibəy tərəfindən keçmiş İdarə Heyəti üzvlərinə işi davam etdirmək təklif olundu. Nizamnamənin sədrə verdiyi səlahiyyət (icra aparatı yaratmaq) əsasında kollektiv icra orqanı yaratmaq ideyasını irəli sürdü və keçmiş idarə heyəti üzvlərini icra aparatında işləməyə dəvət etdi. Bu məqsədlə Əbülfəz Elçibəy nizamnamədəki “sədrin təqdimatı ilə yaradılan icra aparatı” anlayışının ad olmadığını bildirərək bu icra aparatını icraiyyə komitəsi adlandırmağı təkilf etdi. Qurultaydan keçən dövrdə keçmiş AXC İdarə heyəti üzvlərindən İsa Qəmbər, Tofiq Qasımov və mən AXC sədrinin təklifini dərhal qəbul etdik. İsa Qəmbər sədrin təşkilat məsələləri üzrə müavini, Tofiq Qasımov xarici əlaqələr üzrə müavini, mən AXC Analitik Mərkəzinin rəhbəri təyin olundum. (Mən 1988-ci ildən “Varlığ”ın Proqram qrupunun, AXC TM və AXC 1-ci və idarə heyəti dönəmində “Nəzəriyyə qrupu”nun, 1990-cı ildən sonra, AXC II İH dövründə AXC Analitik qrupunun üzv və koordinatoru kimi fəaliyyət göstərmişdim – P. H. ) Habelə İsgəndər Həmidov Qarabağ və sərhəd rayonları üzrə müavin təyin olundu. “Bu təyinatlar (müavinliklər) və icra aparatı AXC Məclisində təsdiq edilməlidir” tələbinə uyğun olaraq təsdiqlənənə qədər onlardan ibarət kollegial orqan Müvəqqəti İcraiyyə Komitəsi (MİK) adlandırıldı və bu adla fəaliyyətə başladı. Müvəqqəti İcraiyyə Komitəsinə İsa Qəmbər sədr təyin edildi. Müvəqqəti İcraiyyə Komitəsi AXC sədrinin aparatı idi və ona tabe idi.
…1991-ci ilin 23 avqustunda AXC sədri AXC Qərargahına edilən basqın zamanı xəsarət aldıqdan sonra Müvəqqəti İcrayyə Komitəsinin qərarları MİK rəhbəri İsa Qəmbər tərəfindən imzalanırdı. Belə qərarlardan biri 24 avqustda mətbuatda sərc olundu. AXC MİK adından bəyanatı AXC MİK sədri kimi İsa Qəmbər imzalamışdı. Habelə “Azadlıq” qəzetinin 30 avqust tarixli sayında İsa Qəmbərin AXC MİK sədri kimi təqdim edilmiş və onun geniş müsahibəsi dərc olunmuşdu. Lakin sentyabrdan başlayaraq MİK mətbuatda həm də AXC İcraiyyə Komitəsi kimi təqdim olunur. Məsələn, “Azadlıq” qəzetinin 10 sentyabr 1991-ci il sayında “Prezident nə yolla seçildi?” başlıqlı yazıda AXC qərargahında AXC İcraiyyə Komitəsinin üzvü Tofiq Qasımov Röyter, Franspress, CNN, “Svoboda” və s. xarici mətbuat orqanlarının jurnalistləri qarşısında verdiyi mətbuat konfransında AXC İK üzvü kimi təqdim olunub. Sentyabrın 13-ü saylı “Azadlıq”da “Biz vətəndaş sülhünə tərəfdarıq” başlıqlı yazıda ayın 11-də AXC Müvəqqəti İcraiyyə Komitəsinin iclasından və qərarlarından danışılır.
…27 sentyabrda AXC Mərkəzi Nəzarət Təftiş Komissiyasının “AXC-də Nizamnamə böhranı” barədə qərarı çıxdı və qərarın 3-cü bəndində I qurultayda qəbul edilmiş VI.13 maddəsində AXC İcra Aparatının səlahiyyətlərinin əsanamə ilə müəyyən edilməsi barədə tələbin pozulması qeyd olundu və sədr müavinlərinin qurultay tərəfindən seçilmədiyi halda bu adla çıxış etmələri nizamnmə pozuntusu halı kimi xatırlandı. Bununla bağlı AXC Məclisinin sessiyasının çağrılması təklif olundu.

AXC Məclisinin sessiyası 5 oktyabrda keçirildi. Sessiyanın 2 ci məsələsi kimi AXC sədr aparatının təşkili məsələsi müzakirə edildi. Məclis AXC rəhbərliyinin son dövrdə fəaliyyətini bəyəndi. İsa Qəmbərov, Tofiq Qasımov və İsgəndər Həmidov AXC sədrinin müavinləri təsdiq edildi. AXC sədr aparatının ştat cədvəli təsdiq edildi.
AXC Məclisinin 17 noyabr tarixli sessiyasında Tofiq Qasımov hazırda Milli Məclisdə fəaliyyətinin daha çox fayda verəcəyini düşündüyünü bildirərək AXC-dəki vəzifələrindən istefa verdi.
2 dekabr 1991-ci ildə AXC sədrinin 3 saylı sərəncamı ilə AXC sədrinin rəhbərliyi ilə AXC sədrinin müavinləri, şöbə müdirləri və sədrin təyin etdiyi ayrı ayrı şəxslərdən ibarət AXC İcraiyyə Komitəsinin yaradıldı. 4 saylı sərəncamla 10 nəfərdən ibarət İK tərkibi yaradıldı və AXC Ali Məclisinin təsdiqinə verildi.
17 dekabrda “Azadlıq” qəzetində mənim Cəlilabad rayon şöbəsi haqqında məktubum AXC İcraiyyə Komitəsinin üzvü Pənah Hüseynov kimi imzalanıb.
27 dekabrda “Azadlıq” qəzetində AXC İK-nin Əbülfəz Elçibəy tərəfindən imzalanan AR-ın MDB-yə daxil olması barədə bəyanatı dərc edilib.
….AXC 1-ci qurultayının yanvar 1992-ci ildə keçirilmiş davamında AXC-nin yeni Nizamnaməsi tam mətndə təsdiq edildi və AXC sədri Pənah Hüseynin AXC Analitik Mərkəzinin rəhbəri vəzifəsində saxlanılmaqla AXC İK-nin sədri təyin edilməsi haqqında sərəncam verdi…”

(“İnqilab və Hakimiyyət”-in hazırlıq materiallarından)

Xural.com

Mənbə: www.xural.com